Paytaxtda son zamanlar tikinti-söküntü işləri yenidən sürətlənib. Şəhərin müxtəlif yerlərində Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq köhnə və istismar müddətini başa vurmuş binalar sökülür, onların yerində müasir, hündürmərtəbəli tikililər ucaldılır. Bu layihədən sakinlərin əksəriyyəti razılıq edirlər. Çünki söküntü işlərini aparan şirkət daha öncədən sakinlərlə razılaşır və onlara yeni bina tikilənə qədər kirayə mənzildə qalmaları üçün lazım olan vəsaiti ödəyir. Bina hazır olduqdan sonra isə sakinlərə sökülən mənzillərindən də geniş ev verilir. Lakin bir zamanlar sürətli söküntü işlərinin aparıldığı "Sovetski” və "Kubinka” kimi tanınan ərazilərdə hazırda vəziyyət fərqlidir.
Qaynarinfo xəbər verir ki, "Yeni Müsavat” həmin küçələrdə maraqlı məlumatlar əldə edib.
İlk olaraq "Sovetski”də müşahidə edilib ki, burada söküntü yox, tikinti işləri sürətlənib. Belə ki, 6 hektar ərazidə salınması nəzərdə tutulan parkda qızğın işlər gedir. Çoxsaylı texnika və canlı qüvvə işləyərək, müvafiq işləri görürürlər. Lakin "Sovetski”nin digər tərəfində hələ də onlarla ailə yaşayır. Onlar da köçürüləcəkləri günü gözləyirlər. Ailələr bildirirlər ki, ərazidə tikinti işləri aparıldığı üçün toz və səsdən xeyli əziyyət çəkirlər. Bizimlə söhbətdə bildirdilər ki, xüsusilə də yay ayında pəncərəni açıq qoya bilmirlər. Çünki evlərinin içərisi tozla dolur.
Sakinlərin sözlərinə görə, söküntü barəsində bu ilin qış aylarında onlara məlumat verilib. Lakin sonradan bu barədə nə danışan oldu, nə də onlarla maraqlanan. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov bildirmişdi ki, 2018-ci ilin yanvarından Bakının "Sovetski” kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək. Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək. Lakin bu açıqlamadan 8 aydan çox keçsə də "Sovetski”də yeni söküntü dalğası başlamır.
Yasamal rayonunun memarı Eyvaz Bağırov bu günlərdə oxu.az saytına bildirib ki, "Sovetski" adlanan yerdə ərazinin qalan hissəsinin nə zaman söküləcəyi məlum deyil. "Nazirlər Kabineti tərəfindən ərazinin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq. Yəqin ki, hazırkı işlər yekunlaşdıqdan sonra digər ərazilər söküləcək. Hazırda konkret ərazi var və vəsait ayrılıb. İşlər 2018-ci ildə başa çatmalıdır”.
Eyvaz Bağırov onu da qeyd edib ki, "Sovetski”nin ikinci hissəsinin sökülməsi üçün növbəti qərarın nə vaxt veriləcəyi bilinmir:
Jurnalistlər "Kubinka”da olduğu zaman isə öyrənib ki, buranın da söküntüsü nəzərdə tutulub. Bu barədə sakinlərlə görüşüb, məlumat da veriblər. Belə ki, plana görə ilk olaraq "Kubinka”nın "Misgərlər məhəlləsi” kimi tanınan Cəlil Məmmədquluzadə küçəsi söküləcək.
Ərazinin "Misgərlər məhəlləsi” kimi tanınması təsadüfi deyil. Çünki illərdir ki, bu ərazidə qalayçılar və misgərlər fəaliyyət göstərirlər. Küçə başdan-başa qalayçıların dükanlarından ibarətdir. Bu dükanların xeyli sayda müştəriləri də var. Hər mağazanın qarşısında köhnə samovarlar, qablar gördük. Qalayçılar bildiriblər ki, onlara da söküntü ilə bağlı məlumat verilib. Lakin kompensasiya məsələsini danışmayıblar: "Bəziləri deyirlər ki, hər kvadrat üçün 1500 manat verəcəklər. Kimisi də deyir ki, bu dükanların rəsmi sənədi olmadığı üçün hər hansı bir kompensasiyadan söhbət getmir. Yəqin ki, buradan çıxandan sonra sənətlə vidalaşacağıq. Çünki müştərilərimizin hamısı bizi burada tanıyıb, yerimizin burada olduğunu bilir”.
"Kubinka”nın Balababa Məcidov kimi içəri küçələrində isə söküntüsü hələ ki planlaşdırılmır. Bu barədə ərazidə yaşayan sakinlərdən məlumat aldıq. Söylədilər ki, onlar da köçürüləcəkləri günü gözləyirlər. Lakin hələ ki heç bir xəbər yoxdur. Küçənin sakini Rasim Xəlilov bildirib ki, küçədə yaşayan hər kəsin evini, evlərinin altını və həyətlərini ölçüblər: "İcra hakimiyyətindən gəldilər, evin hər yerini ölçdülər. Dedilər ki, söküntü zamanı kompensasiyanı da gəlib danışacaqlar. Bildirdilər ki, heç kim narazı qalmayacaq. Əslində ”Kubinka"da evlər "Sovetski”dəki kimi azkvadratlı deyil. Söküntü xəbəri yayıldıqdan sonra da xeyli sayda ev tikən oldu. Əvvəl deyirdilər ki, Burada hündürmərtəbəli binalar tikəcəklər. Bina tikilənə qədər də pullarını verib, insanları kirayə mənzillərə köçürəcəklər. Ancaq sonra dedilər ki, küçədə xeyli yeni evlər tikilib. Başqa variant düşünəcəyik. Beləliklə də getdilər, daha gəlmədilər".
Doğrudan da "Kubinka”da gəzən zaman müşahidə etdik ki, bir neçə ikimərtəbəli yeni evlər tikilib. Lakin bununla yanaşı, köhnə, üstü hələ də qırla örtülü olan xeyli sayda daxma da müşahidə etdik. Köhnə mənzillərin elektrik xətləri də bərbad vəziyyətdir. Bu baxımdan mənzillər hər zaman qəza təhlükəsi ilə üz-üzədir. Bu evlərdə yaşayanlar köçürüləcəkləri günü gözləyirlər. Çünki bilirlər ki, yeni mənzilləri köhnədən pis olmayacaq.
Şərhlər