Ekonomiks 10:10 13.09.2013

Bakının daha bir neçə kəndinə su çəkiləcək


Azərbaycanın Hacıqabul rayonunda Pirsaat, Şamaxı rayonunda Zoqalavaçay su anbarlarında əsaslı təmir işləri başa çatdırılıb, Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi işləri davam etdirilir. «APA-Economics»in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının veb-saytına müsahibəsində «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
 
Onun sözlərinə görə, işğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 26,4 km uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilib: «Dünya Bankının krediti hesabına Şabran və Siyəzən rayonlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin bərpası və tikintisi işləri başa çatdırılıb, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında isə bu işlər uğurla davam etdirilir. Ölkənin əhalisi 310 min nəfərdən çox olan 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 107 subartezian quyusunun qazılması «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-yə həvalə edilib».
 
Ə.Əhmədzadə qeyd edib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 km-lik hissəsində yenidənqurma işləri aparılıb: «Xəzər rayonunun Zirə qəsəbəsi, Sabunçu rayonunun Bilgəh, Suraxanı rayonunun Hövsan və Abşeron rayonunun Goradil kəndlərinin 2 917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2 146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və 25 km təzyiqli və 62,6 km uzunluğunda suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilib. Eyni zamanda, Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanıb».


Qaynar.info