Ölkə 12:49 26.08.2019

Bakının ən ucuz məktəbli yarmarkasında şok qiymətlər... – Valideynlər danışdı (FOTO)

Yeni dərs ili ərəfəsində Bakıda müxtəlif məktəbli yarmarkaları açılıb. Bir neçə gün əvvəl mətbuatda yazıldığına görə, onlardan ən ucuzu isə paytaxtın Nizami rayonu ərazisndə, metronun "Qara Qarayev" stansiyasının "Təbriz" (keçmiş Sevinc" kinoteatrı)  istiqamətindəki çıxışında fəaliyyətə başlayıb. 

Yarmarkanı "Login" mağazalar şəbəkəsi təşkil edib. Şəbəkədən deyirlər ki, sentyabr ayı yaxınlaşdıqca valideynlərin qayğısı da artır: onlar yeni dərs ili ərəfəsində düşündürən bircə şey var, o da övladlarını ucuz, eyni zamanda keyfiyyətli məktəb ləvazimatları ilə təmin etməkdir. 

Elə "Login" də bunu nəzərə alıb və Bakıda ən ucuz məktəbli yarmarkası açıb. 

Biz də deyilənlərin nə qədər həqiqətə uyğun olub-olmadığını araşdırmaq üçün həmin yarmarkaya baş çəkdik. 

Yarmarkanın satıcılarından biri Əsəd Cəfərov bildirdi ki, burada Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Latviya, Hindistan və Pakistan kimi müxtəlif ölkələrin məhsulları ən aşağı qiymətlərlə təklif olunur: "Mətbuat vasitəsilə valideynlərimizə müraciətdə də bildirmişdik ki, burada məktəbli ləvazimatları ən aşağı qiymətlə təklif olunur. Məsələn, A4 kağızını 5 manatdan, qələm və karandaşı 5 qəpikdən, rəngli karandaşı 50 qəpikdən, rəngli jumbo karandaşları 1 manat 50 qəpikdən, 12 vərəqli yaşıl dəftərləri 5 qəpikdən, 40 vərəqli dəftərləri 30 qəpikdən, 60 vərəqli dəftərləri 40 qəpikdən, 100 vərəqli dəftərləri isə 60 qəpikdən almaq olar. Həmin qiymətlərlə digər satış nöqtələri arasında bəzən 2-3 dəfə az fərq yaranır".

Satıcıya deyilənləri öncədən digər satış nöqtələrindən götürdüyümüz qiymətlərlə müqayisə etmək niyyətimizi çatdırırıq. Məmnuniyyətlə razılaşır. Məlum olur ki, başqa yerlərdə 6 manata olan A4 kağızı burada həqiqətən də 5 manatdır. Bundan əvvəl baş çəkdiyimiz satış nöqtələrindəki dəftərlərin (40, 60 və 100 vərəqli) qiymətində isə 10 qəpik fərq olduğunu görürük. 

"Login" mağazalar şəbəkəsinin təşkil etdiyi qələmlər başqa yerlərdən 5 qəpik, 12 rəngli karandaşların qiyməti 20, ən əsası isə, 12 rəngli jumbo karandaşların qiymətində isə 50 qəpik fərq var.  Sadə karandaşların qiymətindəki fərq 5 qəpikdir. 

Valideynlərin xüsusilə həssaslıqla yanaşdığı, eyni zamanda daha çox xərc tələb edən məktəbli ləvazimatlarının ilk sırasında, heç şübhəsiz, çantalar gəlir. 
Sözügedən yarmarkada bu sarıdan da qiymətlər xeyli münasibdir. Hazırda başqa satış nöqtələrində ən ucuz məktəbli çantasının qiyməti 10 manatdan başladığı halda burada 8 manatdır. Çantaların qiyməti artdıqca fərq daha da aydın görünür. Belə ki, məktəbli ləvazimatlarınınm satıldığı digər ünvanlarda 20-25 manata manata ala biləcəyiniz çantaları "Login" mağazalar şəbəkəsinin yarmarkasından16-18 manata, 30 manata ala biləcəyiniz çantaları isə 20-25 manata əldə edə bilərsiniz. Bəzən qiymətlər arasındakı bu cür fərq hətta 8-10 manatadək çata bilir.    

Yarmarkanın satıcısı Ə.Cəfərov deyir ki, onların bu satış nöqtəsini "ən ucuz məktəbli yarmarkası" adlandırması heç də müştəri cəlb etməyə hesablanıb: "Qiymətlərin belə aşağı təklif edilməsinin məqsədi yeni dərs ili ərəfəsində valideynlərin işini maddi cəhətdən əhəmiyyətli dərəcədə yüngülləşdirməkdən ibarətdir. Mağazlar şəbəkəmiz dərs ilinin sonunu da gözəl bir kampaniya ilə tamamlamışdı. Həmin vaxt biz "Altun kitab" nəşrlər evi ilə birlikdə "Sevgi gətir, kitab apar!” adlı birgə layihəyə başladıq. Layihə şərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək mağazalarımıza gətirir və əvəzində 2 kitab hədiyyə alırdılar. Bu kampaniya valideynlər və uşaqlar arasında böyük marağa səbəb oldu, yüzlərlə uşaq kampaniyaya qatıldı, pulsuz kitablar hədiyyə etdilər. Beləcə, yay aylarını mənalı keçirmələri üçün onlara bir fürsət yaratdıq. İndi də dərs ili ərəfəsində bu yarmarkanı təşkil etməklə valideynlərin yükünü azaltmaq məqsədi güdürük ki, onlar ucuz qiymətə keyfiyyətli məktəb ləvazimatları ala bilsinlər".

Yarmarkaya daxil olan müştərilərdən birinə yaxınlaşırıq. Özünü Sevinc xanım kimi təqdim edən valideyn deyir ki, orta məktəbdə iki övladı oxuyur: "Nəzərə alın ki, indiki vaxtda iki uşağın məktəb xərclərini qarşılamaq o qədər asan deyil. Xüsusilə də dərs ili qabağı... Belə bir yarmarkanın təşkil edildiyini eşidib gəldim. Qiymətlərlə tanış oldum. Həqiqətən digər yerlərdən yaxşı mənada xeyli fərqlidir". 

Başqa bir valideyn – Lalə xanım isə deyir ki, hələlik alış-veriş üçün yox, qiymət fərqlərini müəyyənləşdirmək üçün ayrı-ayrı satış nöqtələrinə baş çəkir: "Getdiyim digər ünvanlardakı qiymətlərlə buranın qiymətlərini müqayisə edirəm, doğrudan da fərq əməlli-başlı görünür. Yəqin alış-veriş üçün də bura gəlməli olacam, baxmayaraq ki, evimə daha yaxın məktəbli mağazaları var. Fikrimcə, başqaları da xüsusilə məktəblərin açılması ərəfəsində biz valideynləri nəzərə alsalar çox yaxşı olar. Elə ailələr var, onlar eyni vaxtda üç uşaq məktəbə göndərirlər, mənim kimi. Onların yeni dərs ili üçün tədarük görmələri baha başa gəlir. Elə ailələr də var, hətta bir uşağı da məktəbə göndərmək  onlar üçün maddi baxımdan asan deyil. Bu cür yarmarkaların sayı çox olsa yaxşıdır ki, biz də çətin vəziyyətdə qalmayaq". 

Beləliklə: Bakının ən ucuz məktəbli yarmarkasına baş çəkib qayıdırıq. Bizim müşahidələrimizdən də, valideynlərin dediklərindən də oradakı qiymətlərin həqiqətən də yeni dərs ili ərəfəsində hər kəs üçün münasib və sevindirici olduğuna şübhə yeri qalmır.   

Gələcəkdə oxşar sərfəli satış nöqtələri ilə Bakının və ölkəmizin hər yerində rastlaşmağımız ümidi ilə: 

Könül Nəcəfli, 
Qaynarinfo.Az