Foto 10:14 27.01.2018

“28 May”dakı partlayışın səbəbi açıqlandı (FOTO/VİDEO/YENİLƏNİB)

İlkin ehtimala görə, "28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.

"Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub”.

O bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb.

R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib.

Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.

*** 
Nəsimi rayonunda baş verən partlayışa yaralanan şəxsin kimliyi müəyyənləşib

Qaynarinfo xəbər verir ki, Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun "Ölkə.Az”-a verdiyi açıqlamaya görə, səhər radələrində təcili tibbi yardım maşını ilə 57 yaşlı Mahmudov Zahid Şükür oğlu bədənin çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. 

İlkin müayinə zamanı məlum olub ki, Z.Mahmudovun bədəni 90 faiz yanıb, vəziyyəti ağırdı.
 
***
 
Yanvarın 27-də paytaxtın "28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat verib.

Partlayış nəticəsində ölən olmayıb. Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir.