Ölkə 16:27 06.05.2013

Bakıya 250 ton gül gətirildi

Bakıda 10 mayda keçiriləcək “Gül bayramı”na görə hazırlıqlar davam etdirilir.

Mayın 6-da Hollandiya, İtaliya, Ukrayna və Fransadan Bakıya umumilikdə 250 ton gül gətirilib. Ərazidə olarkən “Gül bayramı”na görə aparılan hazırlıqlarla da tanış olduq. Qeyd edək ki, aprel ayından bağlanan parka Azərbaycanın tarixi abidələrini əks etdirən maketlər gətirilib.  Onlar arasında tarixi Şuşa qalasına, Mərdəkan və Qız qalalarına rast gəlmək mümkündür. Heydər Əliyev sarayının qarşısnda isə Naxçıvandakı İlandağın böyük maketi düzəldilib. İş icraçılarından “Yeni Müsavat”a verilən məlumata görə, xaricdən gətirilən xüsusi güllər vasitəsi ilə mərhum prezident Heydər Əliyevin portreti düzəldiləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin sözlərinə görə, isə bayram tədbiri keçən ilkindən xeyli fərqlənəcək. Onların sözlərinə görə, “Gül bayramı” ilə bağlı Bakıya keçən ilkindən iki dəfə çox gül gətirilib. Mayın 6-da Bakıya gətirilən güllər soyuducu ilə təhciz olunmuş xüsusi “TIR”larda saxlanılır. Maketlər düzəldikdən sonra, bayrama bir gün qalmış güllər yerlərinə düzüləcək.

Ərazidə olarkən öyrəndik ki, bir neçə ölkədən gətirilən güllər  Azərbaycan hökümətinin sifarişi ilə yetişirilib. Nadir güllərin yetişdirilməsinə bir ildən çox vaxt sərf olunub. Sifarişi yerinə yetirən “ECK flo” şirkəti aprel ayının sonunda gülləri xüsusi saxlama kameralarına depolayaraq Azərbaycana göndərib. 

Qeyd edək ki, bayramın keçiriləcəyi məkan polis və mülkigeymli şəxslər tərəfindən mühafizə olunur.

Bayrama etiraz edən gənclər isə “Qəzəb günü” adı ilə aksiya keçirmək niyyətindədirlər. Bununla bağlı facebookda çağırışlar da edilir. Onlar Azərbaycan hakimiyyətinin ADNA terrorunu anmağa qoymadığını, Şuşanın işğalı gününün səhəri belə bir bayramın keçirilməsinin qəti şəkildə əleyhinə olduqlarından yazırlar. 

Xatırladaq ki, 2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Bu dəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 90-cu ildönümünə təsadüf edir.

Hər il dekorasiyaların hazırlanmasına 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox güldən istifadə olunur. Həmin dekorasiyaların hazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edirlər.

BŞİH-nin başçısı Hacıbala Abutalıbovun AzadlıqRadiosuna müsahibəsində bu il Heydər Əliyevin doğum günü üçün keçən ilkindən 2 dəfədən çox gül gətiriləcəyini deyib. Amma gül bayrama nə qədər vəsait xərcləndiyini Bakı Şəhər İcra Hakimiyyəti açıqlamır.

Qaynar.info