Ekonomiks 09:41 03.11.2014

Bakıya yarım milyonluq avtomobilləri kim gətirir? - FOTOLAR


Bu ay “Lamborghini Huracan” və “Ferrari Californiya” modelləri Azərbaycanda satışa çıxarılacaq; Lexus" və “Range Rover” kimi dəbdə olan avtomobillər bazarına generalın yaxın çevrəsi nəzarət edir

Azərbaycanda məmur övladlarının bahalı maşınlara olan sevgisi bu biznes sahəsi ilə məşğul olan iş adamlarını həvəsləndirib. Bakının küçələrində şütüyən “Bentley”, “Bugatti”, “Mazeratti” və “Yaquar” kimi brend avtomobillərlə indi heç kimi təəccübləndirmək olmaz. Halbuki bu avtomobillərin qiymətinin sıfırlarını sıradan azərbaycanlı bəlkə də yuxusunda belə görə bilməz.

Bu il mayın 16-da “Ferrari”, iyunun 9-da isə “Lamborghini” avtomobillərinin Bakıda satışına başlanılıb. İndiyə qədər ölkəyə qiyməti 280-460 min manat arasında olan 5 “Lamborghini”, qiyməti 300-500 min manat arasında dəyişən 6 ədəd “Ferrari” avtomobili gətirilib. Bu avtomobillərin kasko - yəni tam sığortası 7-15 min manat arasıdır.

Hazırda Bakıda satışda olan hətta ən ucuz “Lamborghini” avtomobilinin illik sığortası 8400 manat və ya 10,8 min dollara başa gəlir. Maraqlıdır ki, bahalı maşınları “Xalq sığorta”nın tərkibində olan “Avtolux Azərbaycan” şirkəti gətirir. Yəni bahalı maşınlar həm də “Xalq sığorta” da sığortalanır. Məlumatlara görə, qiyməti 460 min manat olan ən bahalı modellərdə illik sığorta haqqı minimum 13,8 min manat və ya 17,7 min dollar təşkil edir.

Dekabr ayına qədər isə ölkəyə hərəsindən bir ədəd olmaqla “Lamborghini Huracan” və “Ferrari Californiya” modelləri gətirilməsi planlaşdırılır. Adı çəkilən avtomobillərin satış qiymətinin isə 500 min manat civarında olacağı deyilir. “Avtolux Azərbaycan” şirkəti də təsdiq edir ki, avtomobillərin Azərbaycanda satış qiyməti hələ dəqiqləşməyib. Avtomobilin Bakıda neçəyə satışa çıxarılacağı gömrük və digər xərclər məlum olandan sonra  müəyyənləşəcək.

“Avtolux Azərbaycan” şirkətinə iranlı iş adamı rəhbərlik edir.  Xəbərlərə görə, Əli Əkbər Taheri bir neçə il əvvəl bu şirkətə rəhbər təyin edilib. İranlı iş adamı təyinatadək “Xalq sığorta” nın İdarə Heyətinin sədr müavini olub. Qeyd edək ki, Əli Əkbər Taheri haqda məlumatlar çox azdır. Yalnız o məlumdur ki, Taheri Tehran Universitetinin mexanika fakültəsini bitirib.  “Autolux Azərbaycan” MMC dünyaca məşhur avtomobil şirkətləri və ultra lüks geyim və aksesuar şirkətləri ilə də əməkdaşlıq edir. “Xalq sığorta” bir müddət əvvəl deputat  Cavid Qurbanovun rəhbərlik etdiyi “Azəryolservis” ASC-nin tabeliyindəki “1 saylı Yol Yaşıllaşdırma” MMC məhkəməyə də vermişdi. İddiaya səbəb MMC-nin “Xalq Sığorta” şirkətinin sığortaladığı avtomobili vurması və dəymiş 2500 manat ziyan ödəməkdən imtinası olmuşdu.
 
Şirkətin hakimiyyətlə yaxınlığı barədə məlumatlar da ziddiyyətlidir. Heç kimə sirr deyil ki, Azərbaycanda “Lexus” və “Range Rover” kimi dəbdə olan avtomobillər bazarına general Bəylər Əyyubovun yaxın çevrəsi nəzarət edir. Məhz hakimiyyətdəki güclü dəstək sayəsində fiziki şəxslərə bu avtomobilləri ölkədən kənarda almaq qadağan olunub. Yəni heç kim nə qədər arzulasa belə bu avtomobilli xaricdən alıb ölkəyə gətirə bilməz.

Bəzi mənbələr “Xalq sığorta”nın və onun “Avtolux Azərbaycan” şirkətinin hakimiyyətdə ikinci məşhur soyada daha yaxın olduğunu söyləyirlər. “Belə son dərəcə bahalı maşınları yalnız hakimiyyətdə dəstəyi daha güclü olanlar gətirə bilərlər” deyə, mənbə qeyd edir.   

Məsələ ondadır ki, ölkə rəhbərliyi hələ bir neçə il öncə Azərbaycana qiyməti 250 min dollardan baha olan avtomobillərin gətirilməsinə qeyri-rəsmi qadağa qoymuşdu. Lakin əvvəl Bakıda qiyməti 250 min dolları da keçən maşınlar - “Bentley”, “Bugatti” və “Mazeratti”nin salonları açıldı, onun ardınca isə daha bahalı markalı avtomobillərin satışı başladı. Saytlarda birinin əldə etdiyi məlumatlara görə, hazırda Bakıda 18-27 yaş arasında 173 gənc “bahalı maşın sahibləri” adlandırıla biləcək zümrə sayıla bilər. Bu gənclərin hər birinin minimum 60-70 min dəyərində bir, bəzi hallarda isə bir neçə avtomobili var.

Müşahidələr göstərir ki, hazırda orta çaplı məmurlar “Lexus” və “Range Rover” kimi avtomobilə daha çox meyl edirlər. Bu maşınlar da modellərinin qiymətinə görə ucuz sayılmaz. Qiymətlər 100-150 min manat arasında dəyişir.

Sonda onu da deyək ki, bu yaxınlarda “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun tələbə oğlu 650 min dollarlıq “Lamborghini”si ilə gündəmə gəlmişdi. “Şərurlu İsfəndiyar” əvvəlcə İqtisad Universitetinin tələbəsi olan oğlunun belə maşın olmasını inkar etsə də, növbəti açıqlamasında faktı təsdiqləmişdi.  //musavat.com

Qaynar.info