Xəbər lenti

Banklar Mərkəzi Bankın hərraclarına niyə maraq göstərmir? (ŞƏRH)
Ekonomiks 20:36 07.01.2018

Banklar Mərkəzi Bankın hərraclarına niyə maraq göstərmir? (ŞƏRH)

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

Qaynarinfo xəbər verir ki, hərrac yanvar ayının səkkizində 11:00-11:15 radələrində baş tutacaq. Hərracla 300 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% aralığında müəyyən edilib.

Xatırladaq ki, Mərkəzi Bank yanvarın 5-də vəsaitlərin cəlb edilməsi üzrə ilin ilk depozit hərracını keçirsə də manatın hamısını ala bilmədi. Belə ki, hərracda tələb 57,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,69% təşkil edirdi. Göründüyü kimi cəlbedici şərtlərə rəğmən Mərkəzi Bankın banklardan istədiyi qədər pul cəlb edə bilməyib.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb:



"Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır”.

Onun sözlərinə görə, 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq.

İqtisadçı-ekspert Samir Əliyev isə deyir ki, ötən gün Bakı Fond Birjasında keçirilmiş hərracda 250 mln manat həcmində olan qısamüddətli notlara qarşı tələb 80 milyon manat olub. Notlar 27 gün olmaqla illik faiz 14,99% olub: 
 


"Oxşar vəziyyət ilin ilk depozit hərracında da baş verdi. 200 milyon manatlıq təklifə qarşı tələb təxminən 4 dəfə az - 57,5 milyon manat olub. Halbuki, Mərkəzi Bank əvvəlki hərraclarla müqayisədə sonuncu hərracda təklifin cəlbediciliyini artırıb. Depozitin saxlanma müddətini ilk dəfə olaraq 14 gündən 10 günə endirib. İllik faiz dərəcəsini isə 14,69%-ə qədər yüksəldib. Hətta bu şərtlər vəsait cəlb edilməsinə dəstək verə bilməyib”.

Ekspertin sözlərinə görə, manata təzyiqi azaltmaq üçün Mərkəzi Bank ümumilikdə hər iki hərrac vasitəsilə banklardan 1,6 milyard manat vəsait cəlb edib:  "Bununla da dövriyyədən çıxarmağa müvəffəq olub. Bu vəsait pul bazasının 18,5%-i qədərdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->