Ekonomiks 10:46 21.02.2014

Banklarda kütləvi ixtisarlar başladı

Mərkəzi Bankın ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsinin bir sıra fəsadlarının olacağı gözlənilən idi

Yayılan məlumatlara görə, bir sıra kommersiya banklarında artıq əməkdaşların ixtisarlarına başlanacağı elan edilib.

Xatırladaq ki, Mərkəzi Bankın belə bir qadağa tətbiq etməsinə səbəb problemli kreditlərin məbləğinin sürətlə artmasıdır. Ixtisar olunan işçilərin sayının bundan sonra daha da artacağı proqnozlaşdırılır.

İqtisadçı-ekspert Samir Əliyev istehlak və avtokreditlərin şərtlərinin ağırlaşdırılması fonunda bankların gəlirlərinin azaldığını deyir. Çünki ölkə üzrə bankların kredit portfelinin 40 faizi məhz istehlak kreditlərinin payına düşür. Bəzi banklarda bu göstəricilər 60-80 faizə çatıb. Bir sıra banklar isə avtokreditlər hesabına gəlir əldə edirdi. Bu baxımdan Mərkəzi Bankın qərarı bankların qazancını məhdudlaşmağa başladı. Artıq bank filiallarının bağlanması, ixtisarların olması məsələsi gündəmə gəlib: “Son vaxtlar banklar istehlak kreditləşməsinə üstünlük verirdi. Buna görə də banklarda əlavə iş yerləri açılmağa başladı. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditlərinin verilməsində daha çox işçi tələb olunur. Biznes krediti bir şirkətə verilir, bunun üçün bir nəfərin xidmət göstərməsi yetərlidir. Ancaq istehlak kreditlərinin verilməsində vəziyyət fərqlidir. Məsələn, 1 mln manatı min, yaxud beş yüz adama vermək olar. bu qədər adama bir nəfər xidmət göstərmir. Bu zaman banklar əlavə işçi götürür, xərcləri də artır. Indi istehlak kreditlərinin verilməsi məhdudlaşdırılıb, avtokreditlərin şərtləri ağırlaşıb. Ona görə də bu işçilərə ehtiyac yaranmır. Bu baxımdan işçilərin ixtisarını təbii sayıram”.

Ekspert mart ayından banklarda ixtisarların artacağını da proqnozlaşdırır. Çünki banklar iki ay gözləmə mövqeyi tutdu. Ancaq mart ayından başlayaraq xüsusilə kiçik banklarda ixtisarlar sürətlənəcək: “Qarşıda bəzi bankların bağlanması ehtimalı var. Artıq 6 bank bağlanmaq üzrədir. Yəqin bu ilin sonuna doğru bu banklar bazarı tərk edəcək. Bu gün hər 4 bankdan biri zərərlə işləyir. Mərkəzi Bankın son addımına görə zərərlə işləyən bankların sayı artacaq. Bunun da kökündə o durur ki, bankların gəlirləri azalıb, xərcləri artıb. Ona görə də ixtisarların olmasını gözlənilən idi. Mart ayından bunu daha çox müşahdə edəcəyik”. // bizimyol.info