Azərbaycan bank sektorunun xalis kredit portfeli bu il aprelin 1-nə 9 595,5 mln. manat təşkil edib.

Qaynarinfo Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 2,7% azdır. Son ildə isə banklar kreditləşməni 28% azaldıb. 

Bank sektoru bu ilin yanvar-mart aylarını 55,9 mln. manat xalis zərərlə başa vurub. Banklar bu ilin yanvar-fevral aylarından 141,3 mln. manat xalis mənfəətlə çıxmışdı. 

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,9 mlrd. manat, cəmi öhdəlikləri isə 24 mlrd. manat təşkil edib. 

Sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,6 mlrd. manat olub. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2,1% (591 mln. manat), öhdəlikləri 2,3% (576 mln. manat), kapitalı isə 0,4% (15 mln. manat) artıb. Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olub. 

Azərbaycan banklarının Mərkəzi Bank qarşısında öhdəliyi isə bu il aprelin 1-nə 499,5 mln. manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 1,7%, illik müqayisədə isə 41,8% azdır.

Mərkəzi Bankın valyuta ehtiyatları isə bu il mayın 1-nə 5 465,8 mln. ABŞ dolları təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 42,2 mln. manat və yaxud 0,77% azdır.

İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 131,2 mln. dollar və 2,46%, son 1 ildə isə 1 033,1 mln. dollar və yaxud 23,31% artıb.

AMB-nin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayından bəri ilk dəfədir ki, azalma nümayiş etdirir.