Dünya 15:26 17.04.2013

Barak Obama: "Bu bir terror aktıdır"

Barak Obama günahkarların tezliklə tapılaraq ədalət məhkəməsi qarşısına çıxarılacağına söz verib.

Birləşmiş Ştatların Boston şəhərində baş vermiş partlayışın terror aktı olduğu təsdiqlənib. Lakin 3 nəfərin ölümünə, 170-dən çox insanın yaralanmasına səbəb olan partlayışlara görə, hələlik heç kəs məsuliyyəti öz üzərinə götürməyib. 

Amerika Birləşmiş Ştatlar prezidenti Barak Obama Boston marafonunda baş vermiş qanlı partlayışların terror aktı olduğunu təsdiqləyib. Habelə Ağ Ev rəhbəri bu cinayətin beynəlxalq təşkilat, yerli qruplaşma və ya adi vətəndaş tərəfindən törədildiyinin hələlik istintaqa bəlli olmadığını deyib. 

ABŞ prezidenti Barak Obama: “Hamıya məlumdur ki, bu iki partlayış onlarla amerikalını ağır şəkildə yaralayıb, başqalarının, o cümlədən, 8 yaşlı oğlanın isə həyatına son qoyub. Bu çox iyrənc və qorxaqcasına atılmış bir addımdır. Baş verən insident haqqında öyrəndiklərimizdən sonra, Federal Təhqiqatla Bürosu bunu bir terror aktı olaraq araşdırır”. 

Obama hadisəni törədənlərin tezliklə tapılaraq ədalət məhkəməsi qarşısına çıxarılacağına söz verib. O, həmçinin insidentdən sonra göstərdikləri qayğı dolu yardıma görə, xilasedicilərə və könüllülərə təşəkkür edib.

Bu arada, Federal Təhqiqatlar Bürosu Bostonda şəhərin vətənpərvərlik günündə törədilmiş partlayışa görə hələlik heç kimin məsuliyyəti öz üzərinə götürmədiyini bildirib. Xatırladaq ki, bazar ertəsi marafonun finiş xətti yaxınlığında törədilən partlayışların arasında bir neçə saniyəlik interval olub. 3 nəfər ölüb. Onlardan biri 8 yaşlı uşaq olub. 170-dən çox insan isə yaralanıb. 

Qaynar.info