Vüsal Bağırlı

Həftəsonları futbol həvəskarları adətən, maraqlı oyunlar izləmək şansı əldə edirlər. Son oyunlar içərisindən biz "Barselona” - "Real” və "Neftçi” - "Qarabağ” oyunundan bəhs edəcəyik.

Yulen Lopeteqi dünya miqyasında ən məşhur məşqçilərin top-qrupuna düşməsə də, beynəlxalq aləmdə kifayət qədər tanınmış mütəxəssis hesab edilir.
O, dünya çempionatının ən qızğın və qaynar vaxtında İspaniya yığmasını tərk edərək, onları taleyin ümidinə buraxdı. İspaniyanın U-19 və U-21 yığmaları ilə etdiyi kimi, bəlkə də onun alnına əsas yığma ilə dünya çempionu olmaq yazılmışdı. Lakin "Real”a "hə” deyərək, yığmanı tərk etdi və bu addımıyla bütün İspaniyanı şoka saldı. Lopeteqi burada aşağı-yuxarı bütün titulları əldə edəcəyini, La Liqa və Çempionlar Liqası kuboklarını başı üzərinə qaldıracağını güman edirdi. Fəqət, öz saydığına deyil, fələyin sayğacına tuş gəldi.

Çempionatdakı olduqca uğursuz startın, mənasız xal itkilərinin, məğlubiyyətlərin ardınca "Nou Kamp"da diz çökdü. Özü də kimin qarşısında - əzəli və əbədi düşməninin... İstənilən halda, Madrid klubunda baş verən böhranın da keçici olacağını, yeni qələbələrin ard-arda gələcəyini düşünürəm.

"Barselona” uzun illər boyu "Bermud üçbucağı" hesab edilən, oyunçu-sənətkarlardan Xavi, İniyesta və Messidən asılı vəziyyətə düşmüşdü. Bu üçlük öz parlaq oyunları ilə kluba demək olar ki, bütün beynəlxalq əhəmiyyətli titulları qazandırmışdı. Onların gedişindən sonra Kataloniya klubun xeyli müddət bunun altından çıxa bilməyəcəyi, böhrana düşəcəyi güman edilirdi.

Lakin, dünənki oyun göstərdi ki, əvəzedilməz oyunçu olmur. Oyunçular da, baş məşqçilər də gəldi-gedərdi, amma nəhəng klubların oyun fəlsəfəsi dəyişməz olaraq qalır.

Burada klubun məşhur devizi yada düşür: "Mésque un club” - Bir klubdan daha böyük...

Uzun fasilədən sonra, "Neftçi" də nəhayət tilsimi qırdı, qalın buz təbəqəsini sındırdı, güzəştsiz və əzəli rəqibinə qalib gəldi. Bu qarşılaşma Azərbaycan Premyer Liqasının rəqabətsiz, boz, maraqsız, asan proqnoz edilə bilən oyunlarına kiçicik də olsa rəngarənglik, sürpriz qatdı, intriqanı gücləndirdi. Yoxsa əvvəllər, Fransa klubu PSJ kimi, "Qarabağ” da artıq beçinci, atlıncı turlardan etibarən öz çempionluğunu elan edirdi.

Əslində "Qarabağ"ın Qurban Qurbanovun iki postdakı fəaliyyətindən sonra zəiflədiyi, hücumda dişsiz, müdafiədə etibarsız olduğu göz qabağında idi.
Lakin, "Neftçi"nin əzmkar qələbəsinə kölgə salmadan, ümid edək ki, bu həm də "ağ-qaralar"ın güclənməsi üçün bir təkan olacaq.