Baş ağrılarının bir çox səbəbləri var. Baş ağrısına səbəb olan faktorların ən əsası stressdir. Ailə həyatındakı və işdəki çətinliklər, iş mühitindəki səs-küy stressi yarada bilər.

"Qaynarinfo” xəbər verir ki, stressdən qaynaqlanan baş ağrıları, boyun, çiyinlər və başa təsir edir. Çiyin və boyun əzələlərində əmələ gələn ağrılar birbaşa olaraq baş nahiyəsinə təsir göstərir. Bunun üçün özünüzü stressli hiss etmənizə gətirib çıxaran səbəbləri və bunlara qarşı nələr edə biləcəyinizi nəzərdən keçirməlisiniz.
 
Məsələn, yaxşı bir masaj təsirli ola bilər. Əgər masaj edə bilmirsinizsə, səssiz və xoş mühitdə bir neçə dəqiqə uzanın, heç nə düşünməməyə çalışın. Bütün bunlarla yanaşı çox yüngül bir ağrıkəsici və ya aspirin qəbul edə bilərsiniz.

Baş ağrılarından ara-sıra şikayətlənənlərin qidalanmasına diqqət yetirilməlidir. Məsələn, az-az və tez-tez yemək, allergik olduğunuz qidalardan uzaq dayanmaq, görülən sadə tədbirlərdir.

Baş ağrısının əsas səbəbləri:

- Bədəndəki infeksiyalar
- Dövri problemləri
- İzdihamlı məkanlar və səs-küy
- Qan şəkərinin aşağı olması
- Nizamsız yuxu
- Allergiya
- Həddindən artıq kədər, stress, sinir pozğunluğu

Həkimə müraciət etməyinizi tələb edəcək vəziyyətlər:

- Qol və ayaqlarda zəiflik, qusma, cüt görmə, danışıq pozuqluğu və ya udma çətinliyi ilə birlikdə şiddətli başağrısı varsa.
- Birdən-birə, ortada hər hansı bir səbəb olmadan, gecə sizi yuxudan oyandıra biləcək qədər şiddətli ağrı.
- Baş yaralanmasından sonra yaranan yaddaş çatışmazlığı, baş gicəllənməsi, ürəkbulanması, qusma və baş ağrısı varsa.
- Hərarətin yüksəkliyi, gözlərdə qamaşma, bulanma və boyun ağrıları ilə birlikdə şiddətli baş ağrısı varsa.
- Səhər oyandıqda başınızın arxasında hiss etdiyiniz və bütün gün dayanmayan döyünmə.
- Yaddaş, danışıq və görmədə müxtəlif problemlər doğuran ağrılar.
- Bədənin tarazlığını itirməsi ilə birlikdə görünən ağrılar.

Sadaladığımız hallarda ciddi bir problemlə qarşı-qarşıya olma ehtimalınız yüksəkdir. Şübhəsiz mütəxəssisə müraciət etməlisiniz.
 
Nərmin Həsənli
Qaynarinfo.Az