Dünya 15:14 22.05.2018

Baş nazirin azərbaycanlı dostu işə düşdü...

Rusiyanın İnquşetiya Muxtar Respublikasında Azərbaycan vətəndaşının da adı hallanan rezonanslı cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, İnquşetiya Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin rəisi Timur Xamxoyev və onun tabeliyində olan vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək silsilə cinayətlər – qətl, hədə-qorxu ilə pul tələb etmə, saxlanılan şəxslərə işgəncə vermə, oğurluq və saxta sənəd hazırlamaqda ittiham olunurlar.

İnquşetiya məhkəməsində davam edən prosesə 15 müdafiəçi, 8 zərərçəkmiş və 129 şahid cəlb olunub. Prosesdən 2 gün əvvəl dövlət ittihamçısı kimi çıxış edəcək prokuror Hüseyn Qaqiyevə qarşı-sui-qəsd təşkil olunmuşdu. Nəticədə o, xəsarət almasa da, mühafizəçisi ağır yaralanmışdı.

İstintaq Komitəsi 2010-2016-cı illərdə vətəndaşları polis əməkdaşlarına hücumda ittiham edərək onlara tokla işgəncələr vermiş, törətmədikləri cinayətləri etiraf etməyə vadar edib. Nəticədə saxlanılan şəxslərdən 1-i ölmüş, bir neçə nəfər isə ağır xəsarət almışdı.
 
Maraqlıdır ki, nazirlikdə yüksək rütbə tutan polislərin cinayət əməlləri yalnız Azərbaycan vətəndaşına qarşı cinayət törədildikdən sonra sonlanmışdı. Belə ki, 2016-cı il noyabrın 9-da Timur Xamxoyev və onun köməkçiləri Qarabulaq rayonunda 35 yaşlı Azərbaycan vətəndaşı Amil Nəzərovu saxlayıblar.

Onun "Audi A6” markalı avtomobilini və iPhone 5 markalı telefonunu zor gücünə alan "polis”lər hər ay onlara 800 min rubl ödəniş qarşılığında avtomobili qaytaracaqlarını və inquş qadını ilə yaşadığı eşq macərasını gizli saxlayacaqlarına söz veriblər.

Azərbaycan vətəndaşının hüquq-mühafizə orqanlarına müraciətindən sonra 44 yaşlı Timur Xamxoyev, 43 yaşlı Andrey Beznosyuk saxlanılıblar.

Yerli sakinlərin fikrincə, uzun illər edilən şikayətlərə baxmayaraq, İnquşetiya rəhbərliyi cinayətlərə göz yumub. Onlar Amil Nəzərovun respublikanın baş naziri Əbubəkir Malqasovun yaxın köməkçisi olduğunu və yalnız buna görə cinayətkar polislərin həbs olunduğunu bildirirlər.