Ölkə 12:59 21.06.2018

Baş nazirin müavini: "Universitetlərin sayı artırılmalıdır"

"Azərbaycanda universitet səviyyəsində təhsilin əlçatanlığı artırılmalıdır, buna ciddi ehtiyac var".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində baş nazirin müavini Əli Əhmədov deyib. 

O bildirib ki, Azərbaycan əhalisinin 13 faizi tələbələrdir: "Bu göstərici dünya üzrə göstəricidən aşağıdır. Tələbə qəbulu ilə əlaqədar planlaşdırma bir az dəyişsə faydalı ola bilər. Universitetlərin sayı artırılmalıdır, amma, bu, o demək deyil ki, kəmiyyət artması keyfiyyətə təsir etsin".

Ə.Əhmədovun sözlərinə görə, təhsildə özəlləşdirmə prosesinin artırılması faydalıdır: "Düşünürəm ki, özəlləşmə prosesi artırılmalıdır. Universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsarətli addımlar atılmalıdır".