Siyasət 15:56 02.08.2013

Baş Prokurorluqda seçki müzakirəsi

Bu gün Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə cari ilin oktyabr ayında ölkənin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.

Xüsusi qeyd edilib ki, aparılmış rəy sorğularının nəticələrinə görə, dövlət başçısı İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı”, İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında “İlin dövlət başçısı”, Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən “İlin adamı” seçilməsi,  ən nəhayət Prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz İlham Əliyevə səs verəcəkləri xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.

Qaynar.info