Dünya 15:14 24.05.2013

Başını itirmiş imperiyanın son hayqırışları (ANALİZ)

Qafqaz ÖMƏROV

Ruslar tatarlara və başqırdlara ana dillərindən imtina etməyi məsləhət gördülər


Rus strateqləri ölkədə getdikcə artan mərkəzdənqaçma meyllərinin və Rusiyanın böyük bir hissəsinə yayılmış xalqların öz soy-kökünə qayıtmasının qarşısını almaq və ruslaşdırma siyasətini daha dərinləşdirmək məqsədi ilə yeni doktrina hazırlayıblar.

Kremlin birbaşa nəzarətində olan Rusiya Milli Strategiya İnstitutunun bu yaxınlarda dərc etdirdiyi "Etnodini təhlükənin xəritəsi: Şimali Qafqaz və Volqaboyu" adlı hesabat, Rusiyada hakim siyasi rejimin milii siyasət sahəsində atacağı addımların ölkənin qeyri-rus əhalisi üçün nə ilə nəticələnəcəyini göz önünə sərir.

Hesabatın mətnində Şimali Qafqaz və Volqaboyunda getdikcə artan İslami meyllərin, Rusiyada bu dinə etiqad edən xalqların öz kökünə qayıdışının Rusiyanın, daha doğrusu rusların milli maraqlarına uyğun olmadığı haqda fikirlər öz əksini tapıb.

Şimali Qafqaz xalqlarının, Volqaboyunda məskunlaşmış tatarlar və başqırdların İslama qayıdışının və ana dilinin dərs kimi öyrənilməsinin gələcəkdə Rusiyada millətlər və dinlərarası toqquşmalara gətirib çıxaracağını iddia edən rus strateqləri, adı çəkilən milli və dini azlıqlara dinlərindən və ana dillərindən imtina etməyi məsləhət görüblər. Rusiyanın bütövlüyünün və rus xalqının Rusiya adlanan coğrafiyada hakim etnos statusunun saxlanması üçün strateqlər Kreml idarəçilərinə geridə qalan xalqları nəyin bahasına olursa, olsu öz soy-kökündən qoparmağı məsləhət görürlər. Gəlin bu hesabatdakı bir neçə gizli məqamı üzə çıxarmağa çalışaq:

Birinci məqam: Rus strateqlərinin artıq Rusiyanın tənəzzülünü aydın görməsi faktıdır. Demoralizasiya çuğlamış rus cəmiyyətinin mənəvi və fiziki aşınmasının qarşısını ala bilməyən Kreml idarəçiləri və rus kəşfiyyatının qaranlıq zirzəmilərində oturan "dərin rus dövləti", Rusiyanı içindən yeyən erroziyanı hiss etdiyinə görə, ictimaiyyəti atacaqları addımlara bu tipli hesabatlarla hazırlayırlar.

İkinci məqam: Rusiya adlanan coğrafiyanı əhatə edən ölkənin aborigenləri olan Şimali Qafqaz və Vilqaboyunda yaşayan xalqların mili və dini köklərinə qayıtmasının, Rusiyanın bir müsəlman dövlətinə "hamilə" olması məsələsidir. Statistikanın məlumatlarında göstərilən demoqrafiya rəqəmləri, ölkənin etnik xəritəsinin iki onillik ərzində müsəlman əhalinin xeyrinə dəyişəcəyindən xəbər verməsi, rusların məhvə doğru getdiyini bir daha sübut edir.

Üçüncü məqam: Kreml bu prossesin qarşısını "dinc yolla" ala bilmir və repressiv metodlara əl atır. "Dinc yol" rusları ailə qurmaq, içkidən və əxlaqsızlıqdan uzaqlaşdırmaq, uşaq doğmağa sövq etməkdən ibarətdir. Kremlin apardığı bu təbliğat heç bir nəticə vermədiyindən, artıq "dərin rus dövləti" həyəcan təbili çalaraq cəza dəstələrini səfərbər edir, NKVD metodları ilə qeyri-rus əhalinin artımının və kökünəqayıdış cəhdlərinin qarşısını almağa çalışır.

Hesabatın belə mötəbər bir mərkəz tərəfindən hazırlanması, yaxın illər ərzində Rusiyada baş verə biləcək dəhşətli hadisələrdən və prosseslərdən xəbər verir. Rusiyanın düşdüyü vəziyyət, getdikcə artan xarici təzyiq, bu təzyiqin nəticəsində Moskvanın yenidən Qərblə girişdiyi silahlanma yarışı və bu yarışın nəticəsində yenidən artan büdcə kəsirləri.

Bu vəziyyətdə başını itirmiş rusdan hər şey gözləmək olar.

Qaynar.info