Ölkə 11:00 16.01.2020

Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? (REPLİKA)

Son günlər Azərbaycan hökumətinə, islahat və stabilliyi tənqid etməyə meylliyi ilə məşhur olan sosial şəbəkələrin Azərbaycan seqmenti və bir sıra aztanınan xəbər portalları Milli Ordu və onun komandanlığının imicini var gücləri ilə ləkələməyə çalışırlar. 

Maraqlısı odur ki, uzun zamandır mövzu və ittihamlar eynidir, lakin qəhrəmanlar fərqlidir və onlardan biri – öz daimi narazılığı ilə məşhur olan keçmiş komissarlıq işçisi Fəttahov Ağaverdi Xanağa oğludur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin polkovniki formasını geyinən A.Fəttahov gecə-gündüz bilinməyən səbəblərdən  Müdafiə Nazirliyinin ona boclu olduğu imtiyazları tələb edir. Əlbəttə ki, o Müdafiə Nazirliyində xidmət edib, lakin ehtiyata tamam başqa təşkilatdan çıxıb! Bəs niyə öz narazılığını onlara bildirmir?

1989-cu ilə qədər Odessa, Türkmənistan və Zaqafqaziya Hərbi Dairəsində xidmət etdikdən sonra A.Fəttahov özünü beynəlmiləlçi-döyüşçünün, Əfqanıstan və işğal olunmuş Qarabağ ərazilərində müharibə iştirakçısının şöhrətini özünə yazır. Maraqlıdır ki, hansı adla?

Bəlkə o unudub ki,1990-cı ildən başlayaraq ölkəmizin sərhəd bölgələrində qızğın döyüşlər getdiyi bir vaxtda bu adam hərbi komissarlıq sistemində xidmət edib və müxtəlif rayonlarda məsul vəzifələrdə çalışıb. A.Fəttahov səfərbərlik və çağırışla əlaqəli vəzifələrdə- fiziki hazırlıq təlimatçısı, şəxsi heyətlə iş üzrə təlimatçı (zampolit), rayon Hərbi Komissarlıqların rəisi işləyib. Nəticə etibarilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti formalaşdıqdan sonra şirin tort payının arxasınca düşərək digər tərəfə keçib, çünki hərbi zabitin ağır iş rejimi onun kimi lüks həyat tərzi sürən insana uyğun gəlmirdi. 

Qeyd etmək lazımdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə keçdikdə onun 20 il xidməti yox idi, ona görə onun Müdafiə Nazirliyinə qarşı narazılığının nəyə əsaslandığı aydın deyil. 

Əgər tənqid etdiyin Müdafiə Nazirliyi belə pisdirsə, bəs nəyə görə sən MN-nin Mərkəzi Klinik Hospitalında müalicə keçməkdən diksinmədin? Axı, Müdafiə Nazirliyi müalicə müddətində  hər şeylə təmin edərək sənə yaxşılıq etdi. Bəs onda niyə narazılığını bildirərək müalicədən imtina etmədin? 

Başqa qurumun hospitalında niyə müalicə almadın?

Həsənov Əhməd
Ehtiyatda olan polkovnik