Sənət 14:51 04.02.2015

Başqalarının həyatı

Elkin Xəlilov

"Mühitdən və onu biz məhvə etməsindən şikayətlənməyə son qoymaq lazımdır. Tutaq ki, doğurdan da mühit bizdə çox şeyi məhv edir; axı hər şeyi məhv etmir! Bəzi hiyləgər və işini bilən dələduz təkcə öz zəifliyini deyil, əsasən də öz əclaflığını, xüsusuilə də əgər bəlağətli şəkildə danışa, ya da yaza bilirsə mühitin üstünə atır". - Dostoyeviski: "Ölü Evdən Qeydlər" 

İlk olaraq ondan başlayım ki, bu kitabı Seymur Baycanın məsləhəti ilə oxumağa başladım. Bu, mənim ona qədər Dostoyeviski yaradıcılığından oxuduğum ikinci kitab idi. "Ölü Evdən Qeydlər" azadlıq, həbsxana barəsində yazılmış ən gözəl əsərlərdən biridir. İnsan bu kitabı oxuduqca bir neçə səhifədən bir çıxıb gəzmək, doyunca nəfəs almaq, ətrafında baş verən hadisələrlə daha da yaxından tanış olmaq istəyir. 

Kitabın bu qədər oxunaqlı və sevilən cəhətlərindən biri də odur ki, Dostoyeviski bunu evdə, isti sobasının yanında oturub yazmayıb. "Ölü Evdən Qeydlər" əsəri Dostoyeviskinin 10 illik Sibir həbsxanalarındakı müşahidələrinin nəticəsi idi, bu ağrılar idi əsəri ərsəyə gətirən... Məncə, buna görədir ki, bu kitab adama digər romanlardan bir köynək yaxındır. Məqsədim "Ölü Evdən Qeydlər" haqqında resenziya yazmaq deyil, fikir aydın olsun deyə bu girişi verdim. 

Hazırda bizim ölkədə də bir çox adamlar tənqidlərdən, işdən boyun qaçırmaq üçün tez-tez belə fikir səsləndirirlər: "Mən nə edə bilərəm?", "Axı mən kiməm?" və sairə. 

Həqiqətən, ağır və çətin bir mənzərədir. Bir çox adam bunu öz əclaflığını pərdələmək üçün demir, sadəcə, öz gücünün fərqində deyil. Onlar bunu deyərkən başqa niyyətləri də olmur. Bir az qaba formada ifadə etsək, bu sözlərin arxasında səmimi bir savadsızlıq, məlumatsızlıq, cəsarətsizlik dayanır. Amma bu adamların içərisində əlbəttə ki, özlərinə yüksək həyat şəraiti yaradan, kimlərisə həbsə atan, atdıran, yüzlərlə insanın haqqını yeyən, minlərlə insanın gözündə ümidləri məhv edənlər də var. Sadəcə, "mən nə edə bilərəm" deməklə, günahını, əclaflığını pərdələyirlər...

Azərbaycandakı kimi sistemlərin bir "üstünlüyü"də ondan ibarətdir ki, artıq fərdi olaraq insanlarda özlərinə güvən hissini itirməyi aşılamağı bacarmalarıdır. Bir həkim fikirləşir ki, onun işlədiyi xəstəxanada hamı rüşvət alırsa, o da almalıdır. Bir müəllim fikirləşir ki, onun dərs dediyi universitetdə rüşvət varsa, o niyə tələbələrindən pul almamalıdır?. Bu yaxınlarda keçirilən sonuncu bələdiyyə seçkisində dəhşətli bir kadr vardı. Uşaq baxçasında xadiməçi olan bir qadın, bir neçə səsvermə məntəqəsində gedib səs vermişdi. Jurnalistlər bunu üzə çıxartdı. Həmin xanımdan soruşdular ki, bəs niyə bunu edib. O zaman həmin qadın çox sakit formada belə bir cavab verdi: "İşlədiyim yerdən tapşırmışdılar".

Bir müddət bundan qabaq "Başqalarının həyatı" (Filmin əsil adı "Das Leben der Anderen") filminə baxmışdım. Dünən yenidən bu filmə baxdım. Filmdə söhbət 1984-cü ilin Şərqi Almaniyasından gedir. Almaniya hələ birləşməyib, Berlin divarı sədd olaraq qalır. Qərbi Almaniyadan fərqli olaraq, Şərqi Alamaniyada tam bir totalitar rejim hökm sürür. İnsanların nə etdikləri, kimlə görüşdükləri "Stasi" adlı xüsusi xidmət orqanları tərəfindən izlənilir. Bu izləmələr daha çox isə yaradıcı adamlara - aktyorlar, aktirisalar, rejissorlar, yazıçılara nəzarət üçün qurulub. Bəzən isə bu izləmələr şəxsi məsələlər üzündən də olur. Yazar Georg Dreymanın başına gələnlər kimi...

Mədəniyyət nazirinin məşhur yazar olan Georgun aktrisa sevgilisindən xoşu gəlir. Amma bilmir bu işi necə həll etsin. Bu zaman xüsus xidmət orqanlarında işləyən yüksək rütbəli general yadına düşür. Və onları inandıra bilir ki, Georg müxalif yazardır. Gizlicə yazılar yazaraq, Qərbi Almaniya və başqa ölkələrə göndərir. Amma əslində George rejimə ən sadiq yazarlardandır. 

Beləliklə, totalitar rejimlərdə xas bir hərəkətlə yazarın evinə dinləmə cihazı yerləşdirilər. Bu işə də xüsusi xidmət orqanın ən təcrübəli əməkdaşı cəlb edilir. Artıq Georgun evdə etdiyi ən kiçik hərəkətlər belə qeydə alınır. Hər gün mərkəzə bu barədə məlumat verilir. Amma günlər keçdikcə yazarın evindən gələn məlumatlar azalır. Hətta olan söhbətlər belə qeydə alınmır. İşinin peşəkarı olan xüsusi xidmət əməkdaşı - Gerd Viesler bəzi günlərdə yazarın evdə olmamasından istifadə edib, evə girir, yazarın kitablarını, onun oxuduqlarına baxır. Və başa düşür ki, Georgi rejim üçün təhlükəli deyil. Ən təhlükəli adamlar məhz onun qulluq etdiyi idarə və insanlardır.  

Gerd Viesler hətta bir neçə dəfə yazarın həyatını xilas edir. Artıq əvvəlki kimi məlumatın gəlmədiyini görən, xüsusi xidmət orqanları Vieslerden şübhələnməyə başlayırlar. Nəticədə onu bu işdən uzaqlaşdırıb, ən aşağı bir vəzifəyə təyin edirlər. Amma 20 ildən artıq ömrünü bu işə sərf edən Gerd Wiesler peşman görünmür, əksinə vicdanı rahat formada yeni işində çalışır. Filmi sonluğunu da yazardım. Sadəcə, amerikalıların məşhur bir sözü var: "Bir filmin və ya kitabın sonluğunu danışmaq tərbiyəsizlikdir". 

Buna görə, məncə, bu qədər bəs edər, kiminsə marağı olsa, axtarıb tapıb izləyər.

Filmin cəmiyyətə göndərdiyi əsas mesajlardan biri budur ki, bir insan “Mən nə edə bilərdim?!” deyib riyakarlıq etməməli, şər üçün çalışmamalıdır. Əksinə, bir insan çox şey edə bilər. Bir müəllim tələbəsindən rüşvət almasa, ona yaxşı təhsil versə, o tələbə cəmiyyət üçün xeyirli bir vətəndaş ola bilər. Bir həkim öz xəstəsinə firma dərmanı yazıb, illərlə onu xəstəxana qapılarında süründürmə artıq o cəmiyyət üçün böyük işlər görmüş olar. Bir polis, bir jurnalist, bir yazar öz işinə vicdanla yanaşsa, minlərlə insanın həyatı yaxşılığa doğru dəyişər. 

Məşhur aforizmdə deyildiyi kimi bir insan cəmiyyəti dəyişməyə çalışmaqdansa, ilk olaraq özünü dəyişməyə çalışmalıdır. Bu zaman uğur daha çox olacaq. Bir həkim işlədiyi xəstəxananı dəyişməsi çətindir, amma özünü dəyişməsi mümkündür, eynilə bir polisin, bir jurnalistin, bir müəllimin, bir hakimin işlədiyi yeri dəyişməsi çətindir, amma fərd olaraq dəyişilsə, bu, artıq başlanğıcdır. Bir insanın, bir adamı, bir adam isə bütöv bir cəmiyyəti dəyişə bilər.

Kultura.az