Video 21:31 18.02.2018

Bayılda təhlükəli ərazini satışa çıxardılar: Diqqətli olun! (VİDEO)

Sürüşmənin aktiv fazada davam etdiyi Bayıl yamacında aidiyyati bütün qurumlar tikinti aparmağı qadağan ediblər. Ancaq məhz bu ərazidə tikinti aparmaq üçün icazə sənədi ilə birgə ərazilər elan saytlarında satışa çxarılıb.

Qaynarinfo-nun məlumatına görə, nazirlik tikintini qadağan eləyib, ancaq həmin ərazidə tikinti icazəsi kağızı ilə torpaq satmaq elanı veriblər.

Söhbət Bayıl yamacında sürüşmə baş verən ərazidə satışa çıxarılan 48 sotluq ərazidən gedir. Qiyməti 4 milyon təklif edilən ərazidə bina, klinika, ofis, otel və sair obyektlərin tikintisi üçün çıxarış olduğu da qeyd olunub.

Ekspert Nofəl Quliyev bildirir ki, bu hal insanları aldatmaq üçün atılan bir addımdır və ordan topaq almaq heç bir məntiqlə düzgün seçim deyil.

Mütəxəssisin sözlərinə görə, təkcə həmin ərazidə deyil, Bakının sürüşmə baş verən digər ərazilərində də tikinti üçün torpaq almaq məqsədəuyğun deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da hazırda ən aktiv sürüşmə zonası olan Bayıl qəsəbəsində tikinti aparmağın birdəfəlik qadağan olunduğunu bildirib. O qeyd edib ki, Bayılı bundan artıq yükləmək olmaz.

Səbail rayon İcra Hakimiyyətindən də ''Xəzər Xəbər''ə bildiriblər ki, vətəndaşlar bəzi işbazların Bayıl yamacından torpaq satmaq təkliflərinə aldanmasınlar. Çünki həmin ərazidə vəziyyət o qədər gərgindir ki, hətta ağac əkməyə belə icazə verilmir. Həmin ərazidə isə 2000-ci ildən bu yana hansısa tikinti işi aparılmasına icazə verilmir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: