Ekonomiks 16:44 09.05.2015

Bazarda alverçi problemi

Kənd yerlərində çalışanlara stimul yaradılmalıdır. Torpaqla məşğul olub təmiz məhsul istehsal edən insanlar üçün hərtərəfli şərait olmalıdır.

Bunu kənd təsərrüfatı sahəsində çalışan vətəndaşların çoxu bildirir. Onların əsas gileyi məhsul becərmək üçün lazım olan avadanlığın, texnikanın yoxluğu, malın ərsəyə gəlməsi üçün çəkilən əziyyətin, yetişdirilən məhsulların qarşılığını ala və xərclədikləri vəsaiti belə çıxara bilməmələridir.

Fermerlərin dediklərinə görə, çəkilən əmək, verilən zəhmət, əziyyət heç buna dəymir. Minbir əzab-əziyyət sayəsində istehsal olunan məhsulları sərbəst şəkildə bazara çıxarmaq, onu satıb çəkilən xərci belə çıxarmaq çox böyük problemə çevrilib. Becərilmə zamanı yaranan çətinlikləri sadalamaqla qurtarmaq olmaz.

İndi Şamaxıda, Tovuzda, Şəkidə, Cəlilabadda və başqa rayonlarda pay torpaqlarının becərilməsi üçün texnika tapılmır, əməkçilər çətin vəziyyətə düşürlər.

Əvvəllər sahələr uzaq olduğu üçün zəhmətkeşləri tarlalara, zəmilərə xüsusi maşınlar aparırdı. İndi bunlar yoxdur, insanlar üçün gediş çətinləşib, ona görə də çox vaxt pay torpaqları əkilmir, becərilmir. Bu da məhsul qıtlığı ilə yanaşı əlavə problemlər yaradır. Bütün problemlərin həlli üçün xüsusi proqramın, mexanizmlərin işlənib hazırlanmasına ehtiyac duyulur.

Sovet dövründə “kooptorq” (kooperativ ticarət) deyilən satış məntəqələri var idi. Məhsul toplanandan sonra ora təhvil verilirdi və şəhər sakinləri üçün sərfəli qiymətə satılırdı.

İndi bu funksiyanı yeni yaranan müəssisələr yerinə yetirsə də ancaq onlar becərilən məhsulu çox aşağı, hətta istehsalçını təhqir edəcək dərəcədə ucuz qiymətə qəbul edirlər.

Bunula bağlı Kənd Təsərrüfatı Nazirliyi hansı işləri görür, fermerlərə, hansı güzəştlər verilir və onların texnika ilə təminatında vəziyyət necədir?

Düzdür, indi dövlət lizinq yolu ilə bu işləri görür, amma bu, kifayət etmir. Xaricdən kənd təsərrüfatı texnikası gətirən, bunun alqı-satqısı ilə məşğul olan fərdi sahibkarlar isə onu aldıqları qiymətdən baha satıb gəlir götürməyə şalışırlar.

Belə olan halda kəndlinin bu texnikanı almağa maddi imkanı çatmır. İndi istər lizinq, istərsə də fərdi qaydada texnika alanların sayı o qədər də çox deyil.

Təbii ki, kombaynlar, yer əkən, şumlayan, kartof səpən, çıxaran, ümumiyyətlə, universal işləri yerinə yetirə bilən texnikanı yol kənarında, dayanacaqlarda saxlamaqla heç nə əldə etmək mümkün olmayacaq. Məşğulluq və məhsuldarlıq aşağı düşəcək, insanları kənd yerlərinə, təsərrüfata bağlamaq daha da çətinləşəcək. Nəticədə əkinsiz-biçinsiz qalan təsərrüfat sahələri tamamilə istifadəsiz vəziyyətə düşəcək.

Ekspertlər bildirirlər ki, kənd təsərrüfatı texnikasını ölkəyə həm dövlət xətti ilə, həm də özəl sahibkarlar xətti ilə gətirirlər. Dövlət xətti ilə gətirilən texnika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lizinq yolu ilə verilir, sahibkar isə nağd pula satıb gəlir götürmək istəyir. Ona görə də texnikanın güzəştli şəkildə paylanması məsələsi real görünmür.

Qiymət məsələsinə gəlincə isə indi yeni məhsul mövsümü başlayıb. Bazarlara gətirilən məhsulların qiyməti od tutub yanır. Qiymətlər kəlləçarxa çıxıb, maya dəyərindən həddən artıq baha satılır. Təsəvvür edin, Tovuzda, Gədəbəydə, Şəmkirdə, Cəlilabadda becərilən kartofun qiyməti öz yerində 30-60 qəpik arasındadır. Amma şəhərlərdə iki dəfədən də baha - 1 manat 50 qəpiyə satılır. Bunu digər məhsulların timsalında da demək mümkündür.

Təbii ki, alıcılar, sakinlər bu vəziyyətdən heç də məmnun deyil, bunun nə üçün belə oduğunu sual edirlər: “Başa düşürük, istənilən məhsulun gətirilmə, daşınma, yol, nəqliyyat, bazar və s. xərcləri var. Hətta bunları nəzərə alsaq da məhsulun qiyməti bu qədər yüksək olmamalıdır. Burada qazanan məhsulu minbir əziyyətlə becərən, istehsal edən yox, heç bir əziyyət çəkmədən, əli cibində ucuz alıb baha satanlardır. Yəni qiymətin artmasına, bhalaşmaya yol açanlar məhz alverçilərdir. Təbii ki, buna qarşı nəzarət mezanizmləri olmalı, tədbirlər görülməlidir”.



Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı bildirib ki, Bakı şəhərində və rayonlarda “Yaşıl market”lərin tikintisi işləri davam etdirilir. Bakı şəhərində və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində “fermer mağazaları” da fəaliyyət göstərəcək “Yaşıl market” kompleksinin layihələri razılaşdırılıb, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilib. Hazırda həmin layihələr üzrə tikinti işləri aparılır.

Həmçinin İsmayıllı rayonunun Topçu kəndində bir fermer mağazası açılıb. İsmayıllı şəhərində “Yaşıl marketin” tikintisi üçün torpaq sahəsi ayrılıb və inşasına başlanılıb.

Eyni zamanda kənd təsərrüfatı məhsullarının satış infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində Bakı şəhəri ərazisində baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılmasına start verilib.

Bundan əlavə, ölkənin ərzaq məhsulları ilə etibarlı təminatının gücləndirilməsi ilə bağlı strateji vəzifənin reallaşdırılması məqsədilə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyi tədbirləri davam etdirilir.

Südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə bu ilin I rübündə “Aqrolizinq” ASC vasitəsilə ölkəyə 2879 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib.

“Aqrolizinq” ASC, digər hüquqi və fiziki şəxslər tərəfindən ölkə üzrə 9209 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 4698,6 min manat dəyərində 10254 min ton mineral gübrə güzəştli şərtlərlə satılıb.

Məlum olduğu kimi, 2015-ci il kənd təsərrüfatı ili adlandırılıb. Bu sektorun ümumi daxili məhsulda payı 6 faizdən azdır. Əmək qabiliyyətli əhalinin isə cəmi 38 faizi kənd təsərrüfatında işləyir. Ona görə bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir.

Ekspertlər bölgələrdə yığılıb qalmış məhsulların paytaxta və digər şəhərlərə çatdırılması üçün mövcud əngəllərin aradan qaldırılmasının, yarmarka və bazarlarda onlar üçün xüsusi şəraitin yaradılmasının, fermerlər üçün satış mərkəzlərinin yaradılmasının vacibliyini söyləyiblər: “Məlumdur ki, məhsulların paytaxta rahat çatdırılması qiymətlərə də müsbət təsir göstərəcək. Çünki fermerlərlə alıcılar arasında birbaşa təmas yaranacaq, aradakı “əllər” sıradan çıxacaq”.

Onu da xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi kredit agentliyini fəaliyyətinin daha da genişləndirilməsi təklifi ilə çıxış edib. Yenilik fermerlərə kredit verilməsi prosesini daha da sürətləndirəcək. Yeni yaradılan xidmət fermerlərə kredit verilməsi imkanını artıracaq. Məqsəd ondan ibarətdir ki, təkcə dövlətin vəsaiti hesabına deyil, həm də xarici donor təşkilatların təqdim etdiyi qrantlarları vahid mərkəzdən məqsədyönlü şəlikdə idarə etmək mümkün olsun. Əldə olunmuş ayrı-ayrı mənbələrdən müvafiq maliyyə təminatı yaratmaqla kənd təsərrüfatının inkişafı təmin edilsin (ANS PRESS).

Qaynar.info