Ölkə 11:58 02.05.2013

Bəbirimiz balalayacaq - FOTO

Azərbaycan ərazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranıb.

Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı daha bir dişi bəbirin üç fotoşəkli çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, fotolar üzərində aparılan analiz bəbirin üzərindəki xalların individual və şəkillərin eyni bir fərdə aid olduğunu göstərir. Yetgin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bu cür fərdlərin Azərbaycan ərazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranıb. Eyni zamanda bu hadisə ümid etməyə imkan verir ki, Azərbaycanda, o cümlədən Zəngəzur Milli Parkında bu nadir növün populyasiyası və artım tendensiyası başlayacaq və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq. 

Bu fakt son illərdə Xüsusu Mühafizə Olunan Təbiət Ərazilərinin və heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına dəlalət edir və nəticə etibarilə iridırnaqlı heyvanların sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir. 

Xatırladaq ki, Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin yetgin fərdinin ilk fotoşəkli çəkilib. 

Zəngəzur Milli Parkının və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları WWF-in Azərbaycan nümayəndəliyinin texniki və metodiki dəstəyi ilə ötən payız və qış aylarında bəbirlərin, onun qida obyektləri və rəqiblərinin monitorinqini aparıb, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olmuş bir çox nadir heyvan növünün yüzlərlə fotoşəklini çəkiblər. Bu növlərin içərisində vaşaq (Lynx lynx), çöl pişiyi (Felissylvestrisornata), bezoar keçi (Capra aegagrus), muflon (Ovisgmelini), xəzər uları (Tetraogalluscaspica) kimi nadir növlərlə yanaşı tirəndaz (Hystrixindica), daşlıq dələsi (Martesfoina), porsuq (Melesmeles), qaban (Susscrofa), canavar (Canis lupus), tülkü (Vulpesvulpes) və s. kimi təhlükədə olmayan növlər də qeydə alınıb və keyfiyyətli fotolar əldə olunub.

Qaynar.info