Sənət 12:11 04.07.2014

Bəhram Bağırzadədən sərt sözlər

"Elə bayağı yumorların TV-lərə çıxmasında televiziya rəhbərlərinin günahı var". 

Bunu Aktual.az-a tanınmış şoumen Bəhram Bağırzadə deyib. 

O, Azərbaycanda yumorun səviyyəsinin aşağı düşdüyünü bildirib.

Bəhram Bağırzadə televiziyaya baxmağa zamanının da olmadığını bildirib: 

"Yalnız mundiala baxıram, o da böyük futbol bayramı olduğu üçün. Qaldı, tək Azərbaycanda yox, keçmiş MDB ölkələrində də yumorun səviyyəsi aşağı düşüb. Bu da hamısı insanlarımızın, cavanlarımızın savadsızlığından və təhsilin olmamasından irəli gəlir. Bilirsiz, Stalin deyirdi ki, kadrlar hər şeyi həll edir. Təəssüflər olsun ki, indi o kadrlardan yoxdur. Bəlkə də var, amma onları tapmaq, üzə çıxarmaq lazımdır. Çünki biz də o xalqın arasından çıxmışdıq”.

"Bakılı oğlanlar"ın məşhur simasının fikrincə, onların zamanında təhsil sistemi daha güclü idi:

"Biz mərhələ-mərhələ daha da inkişaf edirdik. Tək KVN-də yox, idmanda, memarlıqda və başqa sahələrdə də belə olub. Elə bilirsiz, problem tək yumordadı? Bizdə polisdə də, tikintidə də, memarlıqda da, hüquq sistemində də problem var. Hər bir sahədə problem var.

Onu da deyim ki, biz artıq 20 ildir ki, təhsil almırıq. Nə qalıbsa, sovetin vaxtından qalıb. Onlar da çıxıb gedəndən sonra heç nəyimiz olmayacaq, əgər biz təhsil sistemini düzəltməsək".