Ekonomiks 19:10 16.12.2017

Bələdiyyələr üçün yeni qazanc qapısı: Xəstəxana,məktəb…

Sabunçu rayonu Bakıxanov bələdiyyəsi "Taksi Xidməti” MMC adlı yeni şirkət açıb və Vergilər Nazirliyi tərəfindən bu müəssisə dövlət qeydiyyatına alınıb. Şirkətin yaradılmasında məqsəd yerli özünüidarəetmə orqanının büdcə gəlirlərini artırmaqdır.Ekspertlər hesab edir ki, əslində bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmələri məqsədəuyğun və effektlidir.Bu həm onların gəlirlərinin artması, həm də Bakıxanov qəsəbəsi sakinlərinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

Bəllidir ki, bu gün bələdiyyələr üçün ən ciddi problemlərdən biri onların maliyyə imkanlarının məhdud olmasıdır.İndiki halda bələdiyyələrin fəaliyyəti və səlahiyyətləri işlək deyil.Konkret olaraq bu qurumun büdcəsi olmadığından onlar hec nə etmir və ciddi funksiya daşımırlar. Ona görə  də bələdiyyələr müxtəlif sahələrlə məşğul olub, biznes imkanlarından yararlansa, bu bələdiyyələrin büdcə gəlirlərini birbaşa artırmağa xidmət edər. Maraqlıdır, bələdiyyələr büdcələrini artırmaq üçün daha hansı imkanlardan yararlana bilər?

Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Bakıxanov bələdiyyəsinin bu addımı yaxşı təcrübədir:

"Hesab edirəm ki, bələdiyyələr onlara verilmiş hüquqlarından və büdcələrini artırmaq üçün  bu tip imkanlardan istifadə edə bilərlər. Bələdiyyələr hətta xəstəxana və məktəblər də aça bilərlər.Düzdür, bunlar çox bahalı layihədir və bunların icra edilməsi indiki dövrdə bəlkə də mümkünsüz görünə bilər.Amma bələdiyyələr kiçik müəssisələr, təhsilin, turizmin, incəsənətin təbliği ilə bağlı addımlar ata bilərlər.Burada sadəcə olaraq təşəbbüs və cəsarət vacibdir. O məsələlər ki, daha çox vəsait tələb etməyəcək, onlara getmək olar. Eyni zamanda bələdiyyələr sahibkarlarla birgə şirkət də yarada bilərlər.Sahibkarın vəsaiti, bələdiyyələrin isə təşkilatçılığı müəyyən maraqlı detallar ortaya qoya bilər.Həmçinin, ixtiyarlarında olan binalarda müəyyən kursların açılması, icarəyə verilməsi, yaxud sosial vəziyyəti yüksək olmayan insanlar üçün ünvanlı işlə təmin olunmuş satış mərkəzlərinin təşkil edilməsi kimi məsələlər bələdiyyələr tərəfindən yaradıla bilər.Bu mənada Sabunçu Rayonu Bakıxanov bələdiyyəsinin təcrübəsi göstərdi ki, bələdiyyələr öz yerlərini təsərrüfat zəncirində tuta bilirlər”.