Ölkə 18:28 24.01.2013

Bəlkə qadınlar da orduya getsinlər?


Jalə İSMAYIL

 Ordumuz həmişə gündəmdədi. Təəssüf ki, şanlı qələbələrilə deyil. Ölümlər, yeyintilər, “dedovşina”lar. Rəngarəng problemlər. Məncə, bir yekə problem də bizim əsgərin obrazıdı. Ordunun siması əsgər deyilmi? Əsgərdisə, ordumuz çox bədbəxt görünür.

Bu əsgərin paltarı niyə əynindən tökülüb itir axı? Niyə bu əsgər yeriyəndə yay kimi əyilir? Niyə ətrafa qorxa-qorxa baxır? Niyə məzlumluq yağır üzündən? Niyə danışanda ağzından qatıq tökülür?

Yalan nə deyim, ilk gəncliyimdə küçədə ara-sıra söz atan əsgərləri acılamazdım. Yazığım gələrdi. Elə onda da paltarları əyinlərinə böyük idi, ayaqlarını zorla sürüyüb yeriyərdilər, kəmərləri bellərindən düşərdi, üzlərində həyat əlaməti küçədə xoşlarına gələn qız görəndə yaranardı, mənasız-mənasız gülərdilər...

Müharibədən yeni çıxmış, həm də məğlub çıxmış ordunun əsgərindən başqa nə gözləmək olardı ki? Yazığım gələrdi.

İlk gəncliyimdən uzun illər keçib. Amma əsgərlər həmin əsgərlərdi. Eyni paltarda olduqları üçün sanki sifətlər də eynidi və illər boyu yaşlanmadan eyni qalıblar.

Onların baxışları deyir ki, bizi xilas edin. Onlar öz gördükləri işdən qürur duymurlar və buna görə də ətrafda rəğbət hissi oyatmırlar. Dövlətin qoruyucusu kimi ən hörmətli yerdə durmalı olan əsgərə biz sadəcə: “can, anan ölməsin” - deyə bilirik. Bizim əsgərimizə verdiyimiz qiymət bundan artıq deyil. Belə əsgərə arxayın olub gecələri rahat yatmaq üçün qurd ürəyi yemək lazımdır. Ki, hamımız yemiş kimiyik.

Tez-tez kişilərin ironik qınağına tuş gəlirik: Ordunu bilmirsiz, oturub yekə-yekə yazırsız.

Bəlkə qadınlar da orduya getsinlər? Məncə, gedək. Gedək, görək, o bilmədiyimiz nədi ordu haqqında?

Amma bunsuz belə ordunu nəyi var elə biz bilirik. O məzlum əsgərlərin, harın zabitlərin natamam şəxsiyyətlərinin altını biz çəkirik. Necə əzilməsi artıq önəmli olmur. Önəmli olan o əzilmiş kişiylə bir ömür boyu yaşamaqdı.

Bu ölkədə köhnə şeirlərdə vəsf edilən əsgərlərdən görmək istəyirəm: şax yerişli, qartal baxışlı, cüssəli, qorxmaz və İnsan.

Bizim nəsil “samovolka”ya çıxmış bir şux əsgərin atmacasını görmədən birçəklərini ağartdı getdi. Qalib əsgərə hava öpüşləri göndərmədən əllərimiz əsməyə başladı, göyçəyini qarasından seçmədən gözlərimiz zəiflədi, göz yaşları içində boynuna sarılacağımız əsgəri gözləyə-gözləyə boynubükük qaldıq biz. Gələcəyi də bir gələcək gözləmir bu gedişlə.

Burası bir az romantik çıxdı. Amma olsun. Romantikasız düşmənimiz olsun!

Mövzuya dəxli olmasa da: Bir qayda olaraq, bəyənilməyən davranışları, vərdişləri qadın kişidən öyrənir. Kişi qadın kimi olmağı onsuz da özünə yaraşdırmır. Adətən.