Çingiz Səfərli

Zaur Kamalın "5də 5" verilişinin "Elçilik" rubrikası aləmi bir-birinə qatıb. Azərbaycan mətbuatı bu gün aparıcının sözügedən qalmaqallı verilişində yayımlanan süjetlə çalxalanır. 

Azərbaycan Respublikasının qanunvericiliyində nikah yaşının 18 olduğunu nəzərə alsaq, aparıcının 7-ci sinif şagirdinə elçi getməsi mətbuatda haqlı olaraq rəzalət adlandırılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) bununla bağlı hansı tədbir görəciyini bilmirəm. Ola bilsin ki, heç bu barədə tədbir də görülməyəcək. Ya bəlkə də hansısa yüngül cərimə ilə kifayətlənəcək. Bu məsələnin bir tərəfi...

İndisə keçək Zaur Kamalın üzrxahlıq məsələsinə... Aparıcı gah açıqlama vermək hüququnun olmadığını deyir, gah da açıqlama verir ki, elçiliyə getdiyi qızın yaşının 17 olmasından xəbərsiz olub və oğlanın ailəsi tərəfindən aldadılıb. Maraqlıdır ki, Zaur Kamal aldadıldığını bilə-bilə yenə də nə üçün israr edib? Həmişəki kimi. Yəqin reytinq yığmaq istəyirmiş. Belədisə, aparıcını təbrik edə bilərik. Həqiqətən də verilişi bununla nə qədər lazımdısa, reytinq toplaya bildi.

Aparıcı açıqlamasının davamında da qeyd edir ki, "oğlana aldadıldığım bir işə qol qoya bilməyəcəyimi söylədim. Sonra başqasına elçi getdilər və oradan "hə" alıblar. Çəkilişin davamı yaxınlarda efirə gedəcək..."

Burada "O olmasın, bu olsun" əhvalatı yada düşür. Hə də, bu olmadı, başqasına get. Başa düşmək olar ki, Zaur verilişini reytinqli etmək üçün bu addımı atır. Bəs elçiliyinə getdiyi oğlanın "məcnunvari" məhəbbət əfsanəsinə nə oldu? Bir gündə, özü də yalançı adlandırdığı oğlan üçün iki fərqli ailəyə elçiliyə getmək nə dərəcədə düzgündür? Bəs eşq, bəs məhəbbət?

Jurnalistikada belə bir deyim var ki, "Qapıdan qovurlarsa, gərək bacadan girəsən". Amma Zaur Kamal, bu hər qapı üçün keçərli deyil. Elə sənin getdiyin o qapı kimi... Təəssüf ki, aparıcılarımız üzr istəmək anlayışının nə olduğundan elə bil xəbərsizdirlər. İstər Binəqədidəki 16 mərtəbəli binanın yandığı ərəfədə Mətanətin "Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi..." biabırçılığı olsun, istər əkiz bacıların işlətdikləri "pətux" (sonradan pəjux oldu, nə oldu bilinmədi. Rus dilində xoruz deməkdir - red.) sözü olsun və s. bu barədə normal şəkildə üzr istənilmədi, MTRŞ da ciddi bir tədbir görmədi. Ya da üzr istəyəndə elə istəyirlər ki, türklər (Türkiyə türkləri) demiş, "üzrü qəbahətindən böyük”. Türklər demişkən, əgər qonşu Türkiyədə verilişdə səhvən işlədilən yanlış bir ifadəyə, təhqiramiz sözə görə istər aparıcılar, istərsə də kanalın rəhbərliyi üzr istəyə bilirsə, yaxud RTÜK (Türkiyənin Televiya və Radio Şurası) buna görə müəyyən bir cəza tətbiq edirsə, bəs bizimkilər niyə etmir, bəs MTRŞ nə üçün bunu bacarmır? Sanki elə hər dəfə "bir külək idi də əsdi keçdi" demək istəyir?!

Əgər MTRŞ konkret olaraq səhv edən telekanallarla və ya hər hansısa bir verilişlə bağlı ədalətli ölçü tədbirləri götürməyi bacarsaydı, düşünürəm ki, Azərbaycan efiri bu gün əyalət televiziyasını xatırlatmaz, aparıcılar da reytinq üçün min bir hoqqadan çıxmazdılar…

Qaynarinfo.Az