Siyasət 18:09 05.04.2013

Bəxtiyar Sadıqov: "Rüstəm İbrahimbəyov çaşıb"

Rüstəm İbrahimbəyovun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, erməniləri Azərbaycan torpağına şərik hesab etməsi və bunu danışıqlar mövzusu saymasını çox ciddi tənqid edirəm və çox təəssüflənirəm. 

Qaynar.info-nun məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib.

"Azərbaycan Prezidenti də dəfələrlə öz müsahibələrində deyib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bu, Azərbaycan xalqının mövqeyidir. Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bundan sonra Rüstəm İbrahimbəyovun belə gülünc bəyanatla çıxış etməyi məni çox təəccübləndirdi. Azərbaycanda yaşayırsan, Azərbaycan ziyalısı sayılırsan və Dağlıq Qarabağ münaqişəsi barədə də hamıdan yaxşı sən bilməliydin", - deyə B.Sadıqov bildirib.

Sadıqov bildirib ki, Dağlıq Qarabağ ərazisində ermənilərin daha çox olması, bizim də o torpağa iddiamızın olmasından danışmaqla belə çıxır ki, Dağlıq Qarabağ ərazisi danışıqlar mövzusudur. "Mən çox təəssüflənirəm, Rüstəm İbrahimbəyovu çaşmış bir ziyalı sayıram", - o deyib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyində müsahibəsi dərc olunub. İbrahimbəyov müsahibədə SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirib. O, qeyd edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

Qaynar.info