Foto 13:30 06.10.2018

Beyləqanlı pambıqçılar müasir kombaynlarla qısa vaxtda 4 min tondan çox məhsul toplayıb (FOTOLAR)

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda məhsul yığımı davam edir və indiyədək tarlalardan 4396 ton "ağ qızıl” toplanıb.

Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, pambıqçılıq sahəsində böyük təcrübəsi olan rayonda 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdirsə, 2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Rayonun fermerləri pambığı əsasən "MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı, "Azərpambıq” MMC-nin pambıq istehsalı və emalı zavodu və "Kənd Təsərrüfatı" MMC ilə müqavilə əsasında becəriblər.

"Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Məhsul yığımına 39 pambıqyığan kombayn, üç min nəfərdən çox işçi qüvvə cəlb edilib. Bu texnikalar arasında "Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi "John Deer” şirkətinin müasir kombaynları da var. Sahələrdən bu günədək pambığın 507 tonu əllə, 3889 tonu maşınla yığılıb. Yığım mütəşəkkil təşkil olunduğundan gün ərzində sahələrdən 450-500 ton məhsul toplanır. Hər hektarın orta məhsuldarlığı 25 sentnerdən çoxdur.

Qeyd edək ki, keyfiyyəti və səmərəliliyi ilə seçilən "John Deer” şirkətinin "9970” markalı pambıqyığan kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. "John Deer” şirkətinin pambıqyığan kombaynlarının idarəetməsi də asandır, manevretmə qabiliyyəti isə yüksəkdir. Köhnə kombaynlar bir pambıq sahəsinə 3-4 dəfə girib məhsul yığırdı ki, bu da həm torpağın kipləşməsinə, məhsul itkisinə və onun maya dəyərinin artmasına səbəb olurdu.

"Azərpambıq" MMC-nin pambıq istehsalı və emalı zavodunun baş aqronomu Məmməd Quliyev deyib: "Bu il Beyləqan rayonu üzrə 697 fermerlə imzalanan müqaviləyə əsasən 3227 hektarda yüksək kondisiyalı və məhsuldar toxum səpilib. Fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Pambığın becərilməsi üçün mütəxəssislər də cəlb olunub. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün 2000 hektarda defoliasiya həyata keçirilib. Artıq 558 hektarda birinci yığım aparılıb, 1313 ton məhsul tədarük edilib”.

Fermer Fəxrəddin Qədirov bu il Qəhrəmanlı qəsəbəsi ərazisində 8,5 hektarda pambıq becərib və tarlalarda bol məhsul yetişdirib. "Pambığın becərilməsində bütün aqrotexniki tədbirləri, xüsusən də ən vacib amillərdən olan suvarmanı vaxtında həyata keçirdim. Odur ki, tarlalarda bol məhsul yetişib. Artıq 3,5 hektarda birinci yığım başa çatıb. Hər hektardan orta hesabla 32 sentner məhsul olub. Yaxın günlərdə qalan 5 hektarın yığımını da həyata keçirəcəyik. Əminəm ki, mövsümün sonunadək məhsuldarlıq 40 sentnerdən çox olacaq. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanaraq, gələn il pambıq sahələrini 15 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.

Qeyd edək ki, bu il rayon üzrə 20 min tondan artıq pambıq istehsalı gözlənilir.