Siyasət 19:25 13.12.2019

Beynəlxalq təşkilatlardan parlament seçkilərini izləməyə gələn olacaq?

2020-ci il fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Milli Məclisin deputatları yalnız qanunvericilik işləri və seçicilərin problemləri ilə məşğul olmurlar. Onların böyük bir qismi ölkəmizi beynəlxalq təşkilatlarda da təmsil edirlər.

Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İslam KonfransıTəşkilatı Parlament Assambleyası, "Avronest”, Avropa Parlamenti və s. kimi nüfuzlu beynəlxalq qurumlarda deputatlarımız nümayəndə heyəti ilə təmsil olunur.

Bəs Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün beynəlxalq təşkilatlar müşahidəçiləri müəyyən edibmi?

Qaynarinfo xəbər verir ki, Modern.az beynəlxalq təşkilatlarda təmsil olunan deputatların xarici müşahidəçilərlə bağlı fikirlərini öyrənməyə çalışıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, beşinci çağırış Milli Məclisin depuatı olan Asim Mollazadə yaxın günlərdə müşahidəçilərin sayının bəlli olacağını söyləyib:

"Bütün beynəlxalq təşkilatlardan seçkiləri izləmək üçün müşahidəçilər gəlir. Növbədənkənar parlament seçkilərində də AŞPA-dan müşahidəçilər seçkiləri izləməyə qatılacaq. Konkret qərarlar verilib. Yaxın günlərdə heyətdə neçə müşahidəçinin olacağı da bəlli olacaq”.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, beşinci çağırış Milli Məclisin deputatı olan Məlahət İbrahimqızı bildirib ki, hələlik NATO PA müşahidəçilərin gəlməsi ilə bağlı müraciət etməyib:

"İstənilən beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək seçkiləri izləyə bilərlər. Hələ ki, müşahidəçilərin gəlməsi ilə bağlı müraciət edilməyib. Müraciət edilən kimi qərar veriləcək. Müşahidəçilərin gəlməsində heç bir problem yoxdur. Azərbaycan qanunvericiliyi imkan verir ki, bu məsələlər həll olunsun. Azərbaycan demokratik dövlətdir. Seçkilər tam şəffaf qaydada keçirilir. Baxmayaraq ki, Azərbaycan NATO-nun üzvü deyil, assosiativ üzvdür. Azərbaycan dövləti hər zaman azad, ədalətli şəffaf seçkilərin keçirilməsi marağındadır. Beynəlxalq təşkilatlar hər zaman ölkəmizdə keçirilən seçkiləri izləmək üçün müşahidəçilər göndərir. Bununla bağlı heç bir qadağa yoxdur”.