Hüseynbala Səlimov

Ya mən səhv başa düşdüm, ya da elə həqiqətən də belə oldu - deyəsən, deputatlarımızın maaşlarını qaldırdılar. 

Əslində onlara halaldır. Bu qəliz Dünyanın heç bir ölkəsinin deputatxanasında bir gündə və bir iclasda əlli iki məsələ həll olunmur, dünyanın heç bir ölkəsinin deputatxanasında bu cür yekdillik və yaxud da həmrəylik yoxdur, eləcə də siyasi yekcinclik və yeknəsəqlik yoxdur. 

Burada bir nəfər belə olsun, həqiqətən də müxalif fikirli və məramlı deputat tapa bilməzsən, elə bil hamısı bir siyahı ilə təyin olunub. Amma əlbət ki, belə deyil– bizim deputatlar dünyanın ən demokratik seçkisində ən demokratik üsullarla təyin olunurlar,- üzr istəyirəm, deyəsən, çaşdım, demək istəyirdim ki, seçilirlər...

Həm də müxalif fikirli və ya məramlı deputat bizə lazımdırmı? Ermənistana baxın. Orada parlamentdə yeddi müxalifətçi deputat vardı və onlardan biri bütün ölkəni ayaq - baş elədi, aranı elə qarışdırdı ki, əlli nəfərlik hakim deputat korpusu heç qımıldana da bilmədi.

Ona görə də bir daha soruşuram ki, bizə lazımdırmı bu? Bizə qanun yazan depuatatlar lazımdır, yoxsa "rəngli inqilablar” üzrə mütəxəssislər? 

O səbəbdən naşükür olmayaq, başqalarının inqilab yolu ilə qurmaq istədiyi parlamenti və hökuməti Tanrı bizə inqilabsız - filansız hədiyyə edibdir. Ona görə də qədrini bilməyimiz gərək...

Doğrusu, mən axır vaxtlar tək bir söz, ya da bir cümlə üçün bütöv bir yazı yazıram, demək istədiyim isə yalnız həmin söz və yaxud da bircə cümlə olur. Bu səbəbdən yazını burada bitirə də blərdim,- bilmirəm, sizə necə təsir elədi, amma o bir sözü və cümləni mən artıq yazdım...

Amma özüm də hiss elədim ki, ürəyim hələ tamam boşalmayıbdır, bir-iki sözə də gücüm çatar. O söz də budur ki, ölkəmiz həqiqətən unikaldır. Elə şəhərimiz də unikallıqda geri qalmır... 

Dünyanın bir neçə böyük şəhərində olmuşam. Gündüz vaxtı qəti adam tapa bilməzsən şəhərdə, küçələr, metro demək olar ki, boş olur. Amma bizim şəhərdə günün istənilən vaxtında tünlükdür, ictimai nəqliyyatda, metroda adam əlindən heç tərpənmək olmur. 

Bəs bu, nəyin göstəricisidir? Düşünürəm ki, unikal ölkəmizdə azacıq problem yaranıb – işsizlik var. Düzdür, kağız üstündə hər şey qaydasındadır, işsizlik bir neçə faizdir, amma reallıqda bir az bundan artıqdır...

Şanlı deputatlarımız istəsələr bu problemi də həll edə bilərlər. Məsələn, göstəriş verərlər, qanun qəbul edərlər ki, heç kim yaşadığı ünvandan beş  yüz metrdən artıq uzaqlaşmasın. 

Amma onlar o qədər nəcib, humanist adamlardır ki, bütün yasaqları birdən-birə elan etmirlər, hissə-hissə edirlər ki, insanlar bunlara alışa bilsin. Bəs necə? Deputatlarımız çox alicənab insanlardır, azadlığı elə incə və zərif üsullarla geri alırlar ki, adamın nəinki ruhu incimir, hətta bunu hiss etmir də...
Amma burada bir düzəlişim var. Bu da azadlıq məsələsilə bağlıdır. Mənə həmişə elə gəlib ki, bu da bir zaman məsələsidir və biz həmişə istədiyimiz qədər azad ola bilirik. Əgər azadlığımız azdırsa, bu həm də o deməkdir ki, bundan artığını istəmirik.

Baxın, indi müxtəlif dini ayinləri və ya ritualları müəyyən çərçivəyə salmaq istəyirlər. Amma çox çətin gedir proses – cəmiyyət müqavimət göstərir, məsələn, deyirlər ki, yox, biz ölümüzçün qırx gün yas saxlamaq istəyirik. Hökumət də bu məsələlərdə sərt təpki göstərməyə tələsmir, ona görə ki, ehtiyat edir.

Azadlıq da belə olmalıdır. Hökumət və yaxud da deputatxanamızın işçiləri anlamalıdırlar ki, filan yasağı və məhdudiyyəti birdən–birə qəbul  etmək olmaz, çünki cəmiyyət bunu yaxşı qəbul eləməz. Amma görünür, azadlıq məsələsi bu cəmiyyət üçün dəfn mərasimlərini necə keçirmək və neçə gün yas vermək qədər önəmli deyil. Əgər önəmli olsaydı, tamamilə başqa mənzərə olardı...

Nə isə, çatdıq sözümüzün nöqtəsinə. Yazı da nəfəs kimidir, nə qədər gəlir, o qədər də yazmaq lazımdır. Əks təqdirdə həm çərənçilik, həm də yorulucuq alınar və növbəti dəfə hörmətli oxucumuz da yazımızı açmaz. Ona görə də burada bitirək. Yox, üç alma - filan da olmayacaq. Bazarda yaxşı alma od qiymətinədir. Alma haradadır ki, Göydən də düşsün? Özü də üçü birdən ha...