Ekonomiks 09:30 14.10.2019

Bəzi banklar hətta milli valyuta ilə kreditləri devalvasiya şərtləri ilə verirlər (MÜSAHİBƏ)

"İstehlak kreditləri haqqında” qanunun qəbul olunması məsələsi yenidən gündəmdədir. Qaynarinfo-nun məlumatına görə, deputat Əli Məsimli parlamentin payız sessiyasının ilk iclasında sözügedən qanun layihəsinin hazırlanması təklifi ilə çıxış edib.
 
Qeyd edək ki, Azərbaycanda "İstehlak kreditləri haqqında” qanunun qəbul olunması ideyasını ilk dəfə iqtisadçı ekspert Samir Əliyev bir neçə il əvvəl gündəmə gətirib. S.Əliyevlə müsahibəmizdə mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışdıq:

- Ötən həftə parlamentdə "İstehlak kreditləri haqqında” qanunun qəbul olunması məsələsi qaldırıldı. Bu qanun nə üçün lazımdır?
- Təəssüf ki, bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur. Belə halların qarşısını almaq məqsədilə hökumət mütləq "İstehlak kreditləri haqqında” qanun qəbul etməlidir. Biz bunu artıq illərdir ki, deyirik. Gündəlik olaraq dövrü mətbuatda və şəhərin müxtəlif yerlərində sərfəli şərtlərlə kreditlərin təklif olunduğu reklamlara rast gəlirik. Ancaq banka müraciət etdikdə məlum olur ki, reallıqda kredit şərtləri reklamda göstəriləndən xeyli fərqlənir. Çünki banka müraciət edən şəxslər ya əlavə komisyon haqq ödəməli olur, ya da yüksək faizlə kredit götürmək məcburiyyətində qalır.
Bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan ustehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Bu qanun bir qayda olaraq "İstehlak kreditləri haqqında” qanun adlanır. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan  kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt – "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Buna görə də Azərbaycanda da oxşar qanunun qəbuluna ehtiyac var.

İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştat səviyyələrndə qanunvericiliklə tənzimlənir. "Consumer Credit Protection Act”, "Truth in Lending Act”, "Fair Credit Reporting Act”, "Fair Credit Billing Act”, "Equal Credit Opportunity Act”, "The Fair Credit Debt Collection Act” kimi sənədlər federal səviyyədə isteklakçıların hüquqlarını qoruyur. Avropa Birliyinin üzv ölkələri üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində 2002/65/EC adlı direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən Consumer Credit Act adlı hüquqi aktla tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Ukraynada, Özbəkistanda artıq çoxdan istehlak kreditləri ayrıca qanunla tənzimlənir. 

- Hökumət "İstehlak kreditləri haqqında” qanunun qəbul olunmasında niyə maraqlı deyil?

- Bu məsələ sosial baxımdan həssas olduğunu görə hökumət maraqlı olmalıdır. Devalvasiyadan sonra nə qədər insanların hüquqları pozuldu. Vətəndaşların maliyyə savadlılığı aşağıdır və bundan sui-istifadə halları var banklar tərəfindən. Hökumətin işi bu çatışmazlığı aradan qaldırmaqdır və bunun üçün isə müəyyən normalar işlənib hazırlanmalıdır. Bu gün həm şərtlərin ağırlığı, həm də müştəri hüquqlarının müdafiəsi baxımından problemlər hələ də qalmaqdadır. Mən düşünürəm ki, belə bir qanunun qəbulunda banklar maraqlı deyil və görünür, bankların lobbiçiliyi ilə bu proses arxa plana keçirilir. İstehlak kreditləri sahəsində münasibətlər tənzimlənməlidir. Şərtlər mütləq tənzimləmə vasitəsi əsasında müəyyənləşdirilməlidir. Mən istehlak kreditlərinə faiz limitinin də əleyhinəyəm. Fikrimcə, bunu bazar müəyyən etməlidir. Biz müqavilələrə baxsaq, görərik ki, daha çox bankların üstünlüyü var, müştərilər üzərinə çox öhdəliklər qoyulur. Bir bankın müqaviləsinə baxdım, sadəcə heyrətə gəldim. Təsəvvür edin, biz həmişə xarici valyutada olan kreditlərlə bağlı narahatlıq keçirirdik ki, devalvasiya olarsa ödəmək çətin olacaq indi artıq bəzi banklar milli valyutada olan kreditlər üçün devalvasiya şərtini tətbiq edirlər ki, devalvasiya olarsa illik faiz dərəcəsi dəyişə bilər. Bu, bəzi bankların özünü qoruma baxımından atdığı addımlardır ki, zərbəsi əhaliyə dəyir. 

- Hazırda istehlak kreditləri ilə bağlı şərtlər xeyli ağırlaşdırılıb. Ümumi durum necədir – mövcud problemlər azalıb demək olarmı?
- Devalvasiyadan sonra kredit şərtlərində ağırlaşma baş verdi. Banklar hələ də problemdən çıxa bilməyiblər, özünü qoruma məqsədilə şərtləri ağırlaşdırdılar. Xarici valyutada istehlak krediti götürmək üçün gərək ya gəlirin xarici valyuta ilə olsun, ya da xarici valyutada əmanətin olsun. Düşünürəm ki, bu, düzgün addımdır. Amma bu gün milli valyutada olan kreditlərə münasibətdə də şərtlər ağırlaşdırılıb, daha çox zamin tələb olunur, hətta iş yerinə münasibətdə də özəl-dövlət ayrı-seçkiliyi qoyulur. Hətta əgər işlədiyin yer iri şirkət deyilsə sən kredit götürə bilmirsən. Yaşa görə diskriminasiya var, pensiya alanlar ala bilmirlər. Yaşayış yeridir, rayon-şəhər seçkisidir, bunlar hamısı kredit şərtlərini ağırlaşdırır. Ümumi durum belədir ki, prezidentin problemli kreditlərlə bağlı qərarından sonra xeyli problem həll olundu. İnsanlar kompensasiya aldı, restruktrizasiya edildi şərtlər yüngülləşdi. Amma bu gün xeyli insan (on min dollardan və on yeddi min manatdan çox krediti olanlar), üstəlik sahibkarlar kənarda qaldılar. Bu baxımdan problemli kreditlər məsələsi təbii ki, tam olaraq aradan qalxmayıb. Problemli kreditlərin həcmində azalma var, ötən il 1,7 milyard manat idisə, bu il 1,5 milyard manatadək azalıb, amma göründüyü kimi, əhəmiyyətli azalma yoxdur. İstehlak kreditləri sahəsində bizdə problemli kredit məsələsi çox olmayıb. Əvvəla, əhali az pul götürüb, ikincisi isə vətəndaşlar iri şirkətlərə nisbətən daha məsuliyyətlidir. Düşünürəm ki, bu sahədə şərtlərin yüngülləşdirilməsi çox vacibdir. İndi banklar da daha çox istehlak kreditləri verməkdə maraqlıdırlar. Bu gün artıq istehlak kreditlərinin payı devalvasiyadan əvvəlki 44 faizə qalxıb. Hazırda istehlak kreditlərinin ümumi həcmi 6 milyard manatdan çoxdur. Bu, çox böyük rəqəmdir və narahatedicidir. İstehlak kreditləşməsi Azərbaycanda yerli sahibkarlığı yox, daha çox xarici biznesi dəstəkləyir, idxalı stimullaşdırır. Düzdür, bu, sosial baxımdan əhali üçün əlverişlidir, amma yerli istehsal üçün təhlükədir. Odur ki, bunun tənzimlənməsi çox vacibdir.

- Ümumiyyətlə qanun olmadan, hansısa qurumun, məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının göstərişi ilə şərtləri dəyişdirmək, ağırlaşdırmaq nə dərəcədə düzgün idi?

- Palatanın işi maliyyə təşkilatlarının qanunlara əməl etməsinə nəzarət etməkdir. Yəni bu qurumun əsas funksiyası nəzarət etmək, boşluqların aradan qaldırılmasına kömək etməkdir. Lisenziyalaşma və nəzarət əvvəllər Mərkəzi Bankda idi, sonradan bu quruma verildi. Təəssüflər olsun ki, palata son vaxtlar qanunlarda dəyişiklik etmək təşəbbüsünü getdikcə artırır. Bununla da artıq nəzarət edən qurumdan siyasət müəyyən edən quruma çevrilməyə cəhd göstərir. Biz bunu kreditlərin faiz dərəcəsi tətbiqinə dair təşəbbüsdə gördük. Bu, doğru addım deyil. Palata qanunlara əməl edilməsinə nəzarət funksiyasını həyata keçirməli, hansısa boşluqlar varsa onların aradan qaldırılması üçün müvafiq qurumlara müraciət etməlidir. Bu qurum sırf təlimat xarakterli qərarlar verə bilər, amma ümumi siyasəti müəyyən etməli deyil. Ümumi siyasəti Mərkəzi Bank və hökumət müəyyən etməlidir. MBNP ayrı-ayrılıqda banklara göstəriş verə bilməz, yalnız onları bank qanunvericiliyinə əməl etməyə dəvət edə bilər. Amma banklara fərqli yanaşma tətbiq etmək, öz təşəbbüsü ilə nəyisə məhdudlaşdırmaq kimi addımlar atmaq yolverilməzdir. Hansı ki, son dövrlər bu kimi hallar müşahidə edilir.

- Bank sektoru növbəti problemli kreditlər dalğasından sovuşub deyə bilərikmi?
- Problemli kreditlərlə bağlı bayaq da qeyd etdiyim kimi, problem aradan qalxmayıb. Əhatə dairəsi azalıb deyə bilərik, istehlak kreditlərinin bilirik ki, adambaşına düşən həcmi azdır. Ola bilər ki, zərərçəkən müştərilərin sayında azalma var, amma məbləğdə cüzidir azalma. Bunun da səbəbi odur ki, problemli kreditlərin tərkibində sahibkarlığa verilən kreditlər üstünlük təşkil edirdi və onların problemi hələ də qalmaqdadır. Bu məsələnin həlli yolu iki variantda ola bilər: birincisi, problemli kreditlər üzrə fond yaradılmalıdır. Bu fond banklara dəstək verə bilər ki, onlar restruktrizasiya etsinlər. Yəni fond banklara uzun müddətə aşağı faizlə depozit, yaxud kredit şəklində pul yerləşdirməklə onlara maliyyə yardımı edir. Belə bir fond Mərkəzi Bankın nəzdində yaradıla ilər. Daha bir variant sahibkarlara kompensasiya verməkdir ki, bu da çox böyük vəsait tələb edir və düşünürəm ki, büdcənin buna gücü çatmaz. Bu problem həll olunmasa banklar real sektoru, iqtisadiyyatı maliyyələşdirməkdə maraqlı olmayacaqdır. 

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi