Hüseynbala Səlimov
Cəmiyyətlərin müxtəlif kəsimlərini qarşı-qarışıya qoymaqdan pis şey yoxdur – normal cəmiyyətlərdə barış, dialoq və konsensus hökm sürür.
Amma normal, ən əsas da demokratik cəmiyyətlərin bir vacib xüsusiyyəti də olur: buradakı uğurun sirri ondadır ki, belə cəmiyyətlərdə hamının biri-birinə nəzarəti olur, ictimai həyat da elə cərəyan edir ki, nəzarətdən kənarda qalan qruplar və yaxud da "sektor”lar olmur.
Ən başlıcası da, belə nəzarət təkcə sözdən ibarət olmur, onun real sanksiyası olur.
Avtoritar, "yarımçıq” ölkələri əsl demokratik və hüquqi dövlətlərdən fərqləndirən də odur ki, burada da insanlar hər şeyi görür və bilirlər, hətta bunu qismən dilə də gətirməyi bacarırlar, amma ictimai nəzarətin heç bir sanksiyası olmur. İnsanlar, media əhli danışır, göstərir və yazırlar, amma lap bizim qocalar demişkən; dəyirman öz işində, çax-çax isə baş ağrıdır.
Bir də görürsən ki, bəli, hər hansı məmur haqqında demokratik cəmiyyətlərdə böyük bir siyasi qalmaqala səbəb olacaq faktlar açıqlanır, amma həmin məmur qardaşın üstünə düşmək əvəzinə başlayırlar medianı yamanlamağa, jurnalistləri və ictimaiyyətçiləri təqib etməyə. Ən gülməlisi də odur ki, belə məmurların bir qismi hansısa səbəbdən sonradan hakimiyyətin öz qəzəbinə də tuş gəlir, vaxtilə səslənən faktlar, ittihamlar təsdiqini tapır.
Amma nə olsun? Bundan media və yaxud da ki, ictimaiyyət nəsə qazanırmı, kimsə deyirmi ki, gəlin medianı, QHT-ləri sıxışdırmayaq, onlara bir az da artıq sərbəstlik verək? Yox, qəti demirlər, heç yada da düşmür ki, həmin məmur haqqında vaxtilə media və QHT-lər yazırdı, danışırdı və biz də buna görə onları təqib edir, hətta ölkəni tərk etməyə sövq edirdik...
Bunları niyə deyirəm? Biz nə qədər çalışsaq da, əgər azacıq da olsa, media azadlığı varsa, KİV-lərlə məmurlar arasında müəyyən antoqonizm mütləq olacaq. Bəli, müstəqil ölkədə də sovet mediasına bənzər bir şey yaratmaq olar ki, bunun da işi ancaq tərifləməkdən və bir də Ermənistanı söyməkdən ibarət olsun.
Mümkündür bu, amma bircə düzəlişlə ki, bu cür ölkələrdə heç kim mövcud medianı əsl media institutu kimi qəbul etmir, onun xəbərlərini və yaxud da materiallarını ciddiyə alımır, sadəcə, deyirlər ki, filan ölkədə zərrə qədər olsun, media azadlığı və ya müstəqil media institutu yoxdur...
Amma azacıq da olsa, azadlıq varsa, məmurlarla jurnalistlər arasında mütləq toqquşma olacaqdır. Üstəlik, bunun üçün yetərincə əsas da var.
Bizim məmurların bir qisminə baxsan, dərhal görərsən ki, onları ölkə ilə heç nə bağlamır, nəinki çox böyük miqdarda kapitallarını, hətta öz övladlarını da ölkədən kənarlara çıxarır, bura isə yalnız və yalnız qazanc yeri kimi baxırlar.
Əslində buna "qazanc yeri” də demək olmur, insanlar, daha doğrusu, halal insanlar qazanc yerlərinə də hörmətlə yanaşırlar, gəl ki, bizim bəzi məmurlarımız üçün buralar qazanc yeri də deyil, əsl talan yeridir və bu ölkənin insanları onların zənnincə, insan yox, sadəcə, ikiayaqlı sürüdür...
Odur ki, ölkə kimi ola biləcəyimizdən qat-qat geriyik; bir qismimiz ola biləcəyindən qat-qat varlı, daha böyük hissəmiz isə ola biləcəyindən qat-qat kasıb, hətta dilənçi bir vəziyyətdədir.
Ölkə çox varlı, imkanlı ölkədir. Amma Tolstoyun "Anna Karenina” əsərində deyildiyi kimi: bədbəxtlərin hamısı bir cürə bədbəxtdir. Yadıma gəlir ki, 80-ci illərdə ölkəmiz üçün müxtəlif riskləri qiymətləndirməyə çalışırdıq, İran, Rusiya və Ermənistan faktorlarını da nəzərə alırdıq, amma yenə də qənaətimiz belə olurdu ki, Azərbaycan çox tez müddətdə stabil inkişaf zolağına çıxacaq.
Nəzərə ala bilmədiyimiz nələr idi? Məsələn, biz qeyri-mükəmməl siyasi və iqtisadi model amilini, bundan irəli gələn neqativ cəhətləri – nəzarətsizliyi və korrupsiyanı nəzərə almırdıq.
Bizə elə gəlirdi ki, Azadlıq meydanında kükrəyən izdihama demokratiyadan savayı digər bir idarəçilik modelini qəti təqbiq etmək olmaz, həmin izdiham istənilən despotik hakimiyyət nədir, hətta belə bir cəhdi bircə anın işində süpürüb atar.
Amma sonrakı proseslər sübut etdi ki, vəziyyət qat-qat mürəkkəb ola bilir, hətta bizim gözümüzdə dağ kimi qüdrətli görünən kütləni də kiçiltmək olur, hələ onu demirəm ki, həmin kütləni şişirdən amillərin özü də çox qəliz ola bilir...
Odur ki, məmurlarımızın bizə daha hansı çətinlikləri yaşadacaqlarını hətta təxmin etmək olmur. İl də "Nəsimi ili” kimi elan olundu. Uğurlu və xeyirli olsun.
Amma ölkədə artıq bu xüsusda zarafatlar dolaşır; belə deyirlər ki, birdən şanlı məmurlarımızın bir hissəsi bunu səhv anlayar və başlayarlar lap sözün əsl mənasında, bizim də dərimizi soymağa...
Şərhlər