Foto 12:14 16.04.2018

BFL-in turniri başa çatdı: "İdman Azərbaycan" çempion! (FOTOLAR)

Bakı Futbol Liqası (BFL) başa çatıb. 

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, ötən gün Vətən Akademiyasının stadionunda turnirin qalibi olan "İdman Azərbaycan" kanalının komandasının mükafatlandırma mərasimi keçirilib.

Mərasimdən sonra BFL-n direktoru Natiq Əlixanov turnirlə bağlı təəssüratlarını bölüşüb: "Hər liqada təşkilatçı üçün müəyyən çətinliklər olur. Gözləntilərimiz özünü doğrultdu. Turnirin ilk ili idi, amma çox razı qaldım. Növbəti planımız yay aylarında Bakı Futbol Liqası Kuboku yarışını həyata keçirməkdi. Kuboka bu mövsüm Bakı Futbol Liqasında iştirak etmiş 10 komandadan əlavə iştirakların da olması gözlənilir. Ümumilikdə 32 komanda iştirak edə bilər. Artıq maraqlananlar var. Rəsmi müraciət olmasa da, "Facebook" səhifəmizə yazanlar olur. "BFL Cup"ın qalibi üçün 5 min manat pul mükafat nəzərdə tuturuq. Amma qalib komandanın növbəti mövsüm pulsuz iştirakı mükafat sırasına daxil edilə bilər. Həmçinin çempionat və kubokun qalibləri arasında Super Kubok oyununun keçirilməsi də nəzərdə tutulub".



Direktor indi bütün diqqətlərinin Moskvada keçiriləcək dünya çempionatında olduğunu bildirib: "Hələlik növbəti çempionatla bağlı hazırlıqlara başlamamışıq. Hazırda diqqətimizi Moskavada keçiriləcək Dünya çempionatına yönəltmişik. Qalib komanda olan "İdman Azərbaycan"ın səfər, hotel, qidalanma xərcləri, yarışlarda iştirak üçün lazım olan 3000 avro pul BFL tərəfindən ödəniləcək. Bundan başqa komanda üçün hədiyyə gəzinti də nəzərdə tutulur. May ayında keçiriləcək yarışdan sonra kubok və növbəti mövsüm barədə düşünəcəyik. Ümumiyyətlə çempionatımıza maraq böyük idi. 2-ci dövrənin ortalarında yarışlara qatılmaq üçün müraciət edənlər oldu".

Natiq Əlixanov sponsorlardan da danışıb: "Kristal Abşeron" şirkəti əvvəlcədən bizə dəstək göstərir. "AtaBank" komandası yarışlarda iştirak edir, biz şirkətə təklif etmişik və razılıq əldə edilib. "Baku City Hospital"la əməkdaşlıq edirik, kimsə yarışlarda xəsarət alsa, bu klinika həmin şəxs üçün xidmət göstərəcək".

Gülşən