Foto 15:31 07.12.2017

Binəqədinin yol dərdi (FOTOLAR)

"Biz - aşağıda imza edənlər bildiririk ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasəti yekdilliklə dəstəkləyirik. Dövlətimizin başçısının təşəbbüsü və əzmkarlığı ilə əldə olunan yüksək sosial-iqtisadi inkişafı ürəkdən alqışlayırıq. Sevindirici haldır ki, ölkə rəhbərinin təşəbbüsü və qayğısı sayəsində son illərdə Azərbaycanda bir çox yeni yollar salınıb. Bir sıra yollar isə əsaslı şəkildə təmir-bərpa edilərək istifadəyə verilib. Hətta bəzi bölgələrdə ən ucqar məntəqələrə də gediş-gəliş imkanı yaradılıb. Lakin təəssüflə qeyd edirik ki, bizim yaşadığımız qəsəbənin bərbad yolu bu sahədəki inkişafa kölgə salan faktlardandır. Halbuki, bu qəsəbə paytaxt Bakıya çox yaxın yerləşir. Bir hissəsi Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsinin, digər hissəsi isə Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindədir".

Qaynarinfo xəbər verir ki, bu cümlələr, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ilə Abşeron rayonunun Masazır qəsəbəsi arasındakı yaşayış massivinin sakinlərinin "525-ci qəzet"in redaksiyasına ünvanladıqları şikayət məktubundandır.

Məktubda dərin təəssüflə qeyd edilir ki, əsasən qaçqın və məcburi köçkünlərin, eləcə də digər bölgələrdən buraya köçmüş vətəndaşların məskunlaşdıqları qəsəbənin cəmi bir kilometrdən azca artıq olan başlıca giriş-çıxış yolu az qala keçilməz vəziyyətə düşüb: "Qəsəbə yolunun Binəqədi Şosesindən, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsindən üzüyuxarı, "Cantəpə" adlanan ticarət-iaşə obyektinə qədərki hissəsi hazırda, demək olar ki, fəlakət həddindədir. Qəsəbənin yeganə ictimai nəqliyyatı olan 142 saylı avtobus da məhz bu bərbad yolla hərəkət etməyə məcburdur. Yolun bərbadlığı fərdi maşınların və marşrut avtobuslarının hərəkətinə problem yaratmaqdan əlavə, bir sıra başqa fəsad və təhlükələrə də səbəb olur. Səkilərin olmaması, quraq mövsümdə toz-torpaq, yağmurlu aylarda isə palçıq, lehmə dolu gölməçələr üzündən piyadalar da bu yolda çox çətinliklə hərəkət edirlər".

Qəsəbə sakinləri hazırkı şəraitdə bu problemin yerli icra orqanları, həmçinin, bələdiyyələrin imkanları ilə öz həllini tapacağına ümidlərini itiriblər. Çünki sakinlər indiyədək bu məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, Biləcəri və Masazır bələdiyyələrinə müraciət ediblər. Lakin hələ də onlar tərəfindən problemin həlli yönündə tədbir görülməyib, sözügedən yolun təmiri ilə bağlı addım atılmayıb.

Bu səbəbdən də sakinlər çıxış yolunu Milli Məclisin sədri Oqtay Əsədova, baş nazirin müavini Abid Şərifova, Milli Məclisin deputatı Cavid Qurbanova və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədova müraciətdə görərək, onlara da məktublar ünvanlayıblar.

Müraciətə imza atmış yüzlərlə qəsəbə sakini adları çəkilən rəsmilərdən və müvafiq qurumların rəhbərlərindən sözügedən yolun abadlaşdırılmasına lazımi köməklik göstərilməsini xahiş edir: "Ümidvarıq ki, xahişimizi müsbət cavabsız qoymayacaq, bu addımınızla həm ölkənin ümumi inkişafına, həm də bizim qəsəbəyə layiqli töhfə verəcəksiniz".