Fuad Sarı
Siyasət 11:21 09.07.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

Fuad Sarı

Bir dəfə məhkəmə salonuna gətirilərkən, yanında dayanan ingilis əsgərdən soruşur:

- "Bir alman möhtəşəm insan deməkdir, cənab zabit! Bəs iki alman nədir?" - Zabit susur, Gerinq davam edir: "İki alman - ittifaq deməkdir! Bəs üç alman nədir?! İngilis əsgər "nədir?" sualını verir. Gerinq, "Üç alman - müharibə deməkdir!" - deyir və digər məhbuslarla birlikdə qəhqəhə çəkərək gülməyə başlayır.

İçəri daxil olanda Gerinq üzünü həmin əsgərə tutub: "Bir ingilis - axmaq deməkdir. İki ingilis - iki axmaq deməkdir. lakin, üç ingilis - imperiya deməkdir." - deyərək zala daxil olur...

Dəhşətli müharibə sona çatmışdı. Planetdəki bütün qitələrə zərər vurmuş, yüzlərlə şəhəri xəritədən silmiş və ən əsası 60 milyondan çox insanın ölümünə səbəb olan bəşəri müharibəni başladanların dünya qarşısında cavab vermə vaxtı da artıq gəlib çatmışdı. Tarixə məşhur "Nürnberq Prosesləri" adı ilə düşəcək uzun və ilk beynəlxalq məhkəmələr seriyası 1945-ci ilin 20 noyabrından, 1946-cı ilin 1 oktyabrına qədər davam etdi. Baş günahkar Adolf Hitler ya qaçmış, ya da müttəfiqlərin iddia etdiyi kimi intihar etmişdi.

III Reyxi idarə edən digər böyük şəxslərdən; Hitlerin ən sadiq dostu, Təbliğat və İnformasiya Naziri, vərəm xəstəsi, lakin fəlsəfə doktoru - reyxsministr Yozef Gebbels 45-ci ilin 1 mayında 5 azyaşlı qızını və 1 körpə oğlunu zəhərlə öldürtdürmüş, sonra isə həyat yoldaşı ilə birlikdə intihar etmişdi.

Rəqiblərinin Hitlerdən daha çox qorxduğu, "SS" dəstələrinin komandanı, gizli polis və kəşfiyyat şefi - reyxsfürer Heynrix Himmler xilas yolunun olmadığını başa düşüb, 23 mayda zəhər içərək intihar etdi. Bunlardan başqa onlarla ordu generalı və dövlət xadimi də fürerə sədaqətlərini son anlarına qədər qoruyaraq intihar etmişdilər.

Geridə isə Nasist Almaniyası və Partiyasının 24 nəfər lideri qalmışdı. Bunlardan Martin Bormann (partiya katibi) məhkəmələrdə qiyabi olaraq iştirak etdi, çünki o da qaçmışdı. Hərhalda, onun kəllə sümüyü 1972-ci ildə tapılaraq ona aid olduğu təsdiqləndi.

Dünya qarşısındakı 23 nəfərdən ən nəhəng şəxs isə təbii ki, reyxsmarşall Hermann Gerinq idi. O gəncliyində, I Dünya Müharibəsindəki şücaətinə görə Almaniyanın Milli Qəhrəmanı və xalqın sevimlisi olmuşdu. Düşmən təyyarələrini vurmasına görə o rekorda sahib bir pilot idi. Hitlerdən sonra hakimiyyətə gələcək şəxs də o sayılırdı. Gerinq Hitlerin hakimiyyəti dövründə çoxlu vəzifələrə sahib oldu.
 


O, eyni vaxtda həm Reyxstaq (Almaniya Parlamenti) sədri, həm 41-45-ci illərdə Kansler (baş nazir), həm də ən əsası Hərbi Aviasiyanın komandanı idi. Bu qədər qəhrəmanlığı və vəzifələri olsa da Gerinq olduqca nizamsız həyat yaşamışdı. İçki və qadınlara düşkünlüyü bəzən Hitlerin də səbrini daşırırdı. Məhkəmədə məhbusların içində ən başıdik dayanan o idi. Artıq edamla razılaşmışdı. Hakimlərə və digər iştirakçılara dayanmadan söz atır, onları alçaldaraq hər zaman ideallarına haqq qazandırırdı.

Məhkəmə nəticəsində bəşəriyyətə qarşı cinayətdə təqsirkar bilinən və asılaraq ölümə məhkum edilən Hermann Gerinq qərardan hiddətlənmiş və bağıraraq demişdi: "Mən bir əsgərəm! Əgər ölümə layiqəmsə, məni güllələməlisiniz! Asılmaq bir əsgərə yaraşan deyil!" Lakin qərar dəyişmədi. 

İnadkar Gerinq asılmağa aparılan gün kamerasının keşikçisi və özünə heyran olan əsgərdən şəxsi əşyalarını gətirməsini xahiş etdi. Əsgərə bir neçə əşyasını xatirə olaraq hədiyyə edib, qutuda gizlətdiyi sianid turşusu kapsulunu içərək, 53 yaşında intihar etdi...