Hüseynbala Səlimov
Sənət 12:17 14.11.2017

Bir az da musiqimizi düşünərkən...

Hüseynbala Səlimov

Bu mövzunu çox götür-qoy etdim: yazım, yazmayım? Axırda qərarlaşdım ki, hər halda, yazmağa dəyər, ən azı ona görə ki, bəzi müğənnilərimizin özlərinə də olmasa, onların pərəstişkarlarına və eləcə də efirləri həmin müğənnilərin şəriksiz sərəncamına verən bir sıra televiziyonçularımıza və radioçularımıza çatar ki, bununla onlar minlərlə həqiqətən də musiqisevən insanlara necə işgəncə verirlər!

Amma irəli qaçmayaq. Sovet ədəbiyyatı, kinosu və jurnalsitikası ilə olduğu kimi, burada da əvvəlcə sovet musiqisilə bağlı bəzi təəssüratları bölüşmək istərdik. Təbii, mənim yazacaqlarım o dövrün musiqi mədəniyyətinin peşəkar təhlili kimi qəbul olunmağa qətiyyən iddiallı deyil, əslində bunu musiqiçilərimiz etməlidi, amma təəssüf ki, nə yazılı formada, nə də efirlərdə hələki bununla bağlı hər hansı cəhd görmürük...

Qərəz, muğamlarımızı, aşıq musiqisini, instrumental və ya rəqs musiqisini bir tərəfə qoysaq belə, sovetlərə qədər artıq bizim hətta milli operalarımız vardı ki, bu da heç sözsüz, bir xalqın necə dərin musiqi ənənələrinə malik olduğunun sübutudur.      
  
Amma həmin ilk muğam–operaları peşəkar musiqi və bəstəkarlıq texnkası baxımından mükəmməl əsərlər adlandırmaq zənnimizcə, ən azı çox mübahisəli olardı.

Ona görə burada da məcburuq etiraf edək ki, bizim əsl peşəkar musiqimiz, onun müasir janrları – baletlər, simfonik musiqilər, xüsusən milli estrada, müasir bəstəkarlıq, dirijorluq və vokal sənəti, əlbəttə ki, peşəkar musiqi təhsili sistemi – konservatoriya, musiqi texnikumlarının və məktəblərinin geniş şəbəkəsi məhz sovet dönəmində yaranıb və müasir musiqimizin sütunları– Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev, E.Sabitoğlu, E.İbrahimova və b. məhz həmin dövrdə yaşayıb- yaradıblar.

Bəli, "Məişətdə inqilab, həyatda inqilab və mədəniyyətdə inqilab!” – deyən sovetlər elə ilk çağlardan yeni mədəniyyət yaratmaq üçün "geniş cəbhə” açdılar. 

Bu, musiqini də əhatə elədi. R.Qlier kimi rus bəstəkarları milli respublikalara ezam olunurdular ki, onlar orada yerli milli kadrlara  bəstəkarlıq texnikasını, ümumiyyətlə, müasir musiqi texnikasını öyrətsinlər və yerli bəstəkarların əsərlərinin orkestləşdirilməsini həyata keçirsinlər və təbii, milli sovet musiqisinin ilk nümunələrini yaratsınlar. Elə müasir musiqimizin ilk yaradıcıları da belə əməkdaşlığa ehtiyac duyur və özləri də keçmiş Rusiyanın müxtəlif şəhərlərindən musiqiçiləri Bakıya dəvət edirdilər. Məsələn, M.Rostropoviçin valideynlərini Üzeyir bəy özü Bakıya dəvət eləmişdi...  

Beləcə, bu 70 ilin ərzində sovet musiqisi, o cümlədən də bizim Azərbaycan sovet musiqisi yarandı. Təbii, musiqi elə janrdır ki, lap aşkar ideoloji qəliblərdə yaranan nümunələri, açıq-aşkar sovet gerçəkliyinin tərənnümünə həsr olunmuş əsərləri bir tərəfə qoysan, heç də həmişə bu və ya digər əsərlərdə sovetizmin izlərini duymaq elə də asan məsələ deyil. 

Sovet musiqisi bir yana, indiyədək Bethovenin məşhur 5-ci simfoniyasının neçə yozumunu eşitmişik! İlk baxışda bu əsər, necə deyər, klassikanın klassikasıdır və düşünmək olardı ki, musiqişünaslar arasında bu məsələdə tam yekdillik var – bir görün, nə qədər vaxt keçib! Amma yox, hər dəfə kimsə böyük bəstəkarın həyatından hansısa yeni bir detal tapır və beləcə, 5- ci simfoniyanın yeni "yozum”ları peyda olur.

Elə sovet musiqisinin özündə də belə detallar az deyil. Götürək, D.Şostakoviçin məşhur 7-ci (Leninqrad) simfoniyasını. Hamımız belə eşitmişdik ki, əsər blokadaya həsr olunub. Amma yenidənqurma illəri musiqi tənqidinin də üzərindən tabuları götürəndə əsərin neçə-neçə yeni yozumları yarandı! Təbii, bütün yozumların hamısının gercəkliyini iddia etməkdən uzağıq və heç şübhəsiz, bu məsələdə də nöqtəni yenə peşəkar musiqişünaslar qoya bilər. Amma problem ondadır ki, nöqtəni qoymaq olmur, çünki musiqi elə dünyadır ki, hərə onda öz duyğularını tapır.       
                 
Ona görə də durub "Yeddi gözəl”də, "Min bir gecə”də, "Məhəbbət əfsanəsi”ndə, "Karvan” simfonik muğamında, "Füzuli” kantatasında, hətta "Qaytağı”da və yaxud da ki, X.Mirzəzadənin indinin özündə belə çoxunun yetərincə anlamadığı bəzi həqiqətən də çox dəyərli əsərlərində, eləcə də E.Sabitoğlunun və E.İbrahimovanın əksər mahnılarında sovetizmin – sovet ideologiyasının izlərini aramaq, yumşaq desək, ən azı qeyri – korrekt görünər. Üstəlik, asan məsələ də deyil, bəlkə də peşəkar musiqişünaslar, musiqi tənqidçiləri bunu edə bilər, amma şəxsən mənim imkanım xaricində olan məsələdir bu... 

Bir daha deyirəm ki, sırf sovet gerçəkliyinin açıq–aşkar tərənnümünə həsr olunmuş böyük və kiçik əsərlər də kifayət qədər olub. Amma hətta indinin özündə artıq onları heç kim xatırlamır.

Amma yenə də düşünürəm ki, bir az öncə sadaladığım bizim böyük musiqiçilər indi sağ olsaydılar özləri də etiraf edərdilər ki, sovet dövrü və onun ideoloji ştampları, onun senzura və nəzarət institutları vaxtında onlar üçün də az problem yaratmayıb və bəlkə də onların yaradıcılıq potensialının tam reallaşmasına imkan verməyib.

Azərbaycan musiqiçiləri arasında mən Vaqif Mustafazadədən savayı rejimlə problemləri olan başqa birisini tanımıram. Amma ümumi halda götürəndə, məsələn, D.Şostakoviç kimi bəstəkarın tez –tez sovet rejiminin "gözündən düşmə”sini, ciddi problemlər yaşadığını kim bilmir ki? Yaxud yaxın keçmişimizdə "Slava! Slava!” deyib pişvazına çıxdığımız Rostropoviçin A.Soljenitsını müdafiə etdiyinə görə az qala, SSRİ-dən qovulduğunu kim bilmir ki?!.
Bəli, bizim musiqi aləmində belə hallar ilk baxışda, zahirən yox idi – hamı təltif olunur, yüksək adlar alır, əsərlər səslənirdi... Amma burada bir detalı yada salamaq istəyirəm. Mən Q.Qarayev haqqında demək olar,  bütün verilişləri izləmişəm. Bir detal diqqətimi xüsusi cəlb etdi. ABŞ -dan ilk səfərindən qayıdan maestronun ilk sözləri bu olub:” Ən azı əlli il geri qalmışıq!”...

Təbii, bu, o demək deyil ki, əgər ABŞ ən demokratik və ən qüdrətli ölkədirsə, hər şeyin gözəli də oradadır və ya orada olub! Əlbəttə ki, belə deyil. ABŞ-ın "qulağının dibi”ndə, latın Amerikası ölkələrində elə böyük yazıçılar vardı və indi də var ki, "yanki”lər onları yalnız yuxuda görə bilərlər!

Amma bütün hallarda demokratiya bir şeydir, totalitar quruluş isə tamamilə başqa. Sovet vaxtı yazıçılar da, musiqiçilər də, rəssamlar da, rejissorlar da sistemin nəzarət şəbəkəsində kiçik boşluq arayırdılar ki, bir cümlə, not, rəng və ya jestlə bizə nəsə çatdırsınlar! Ona görə də o dövrün mədəniyyətinə aid verilişlərdə, filmlərdə, hətta yazılarda vurğunu məhz buna–totalitar quruluşda əsl yaradıcı insanın və ümumiyyətlə, mədəniyyətin yaşadığı faciəyə yönəltmək lazımdır. Hər halda, bizə belə gəlir... 

Axı o dövrdə də düşərgələrdən və ölümdən keçən, mühacirətə yollanmağa məcbur olan və yaxud da bu səviyyəyə çatmaq iqtidarında  olmayan, amma vaxtaşırı DTK – ya və ya Mərkəzi Komitəyə çağırılıb "danlanılan”, rejimin gözündən düşərək müvəqqəti də olsa, məhrumiyyətlər yaşayan, bir əli daim cibindəki "valokordin”də və yaxud da başqa həbdə olan sovet mədəniyyət insanları da az olmamışdı axı! 

Və nə yaxşı ki, onlar olub və heç də hamısı istədiyini, yaradıcılıq potensialını tam otraya bilməsə də, hər halda, az da iş görülməmişdi! Və bizlər – guya ki, artıq azad ölkənin azad vətəndaşları niyə belə detalları diqqətdən qaçırırıq?..

İndi çətin də olsa, gələk, söhbətimiziin ən ağrılı yerinə - bugünümüzə... Təbii, ən azı A.Qasımov kimi xanəndə, F.Əlizadə kimi bəstəkar, hətta S. Ələkbərzadə kimi hələ yaradıcılıq axtarışlarında olan müğənni varsa, dövrdən tamam bədgüman olmağa da dəyməz. 

Ən yeni musiqi hələ yaranmayıb və yaxud da yaranmaqdadır... Əslində o, belə tezliklə yarana da bilməz–indi bütün digər sahələrdə olduğu kimi, musiqidə də informasiya seli duyulur, hələ xeyli müddət bunu "həzm” etmək lazım gələcək. 

Onu da deyim, "yeni” sözünün özündə də azacıq bolşevizm ruhu var –hər on ildən bir köhnənin üstündən xətt çəkib "yeni” nəsə yaratmağa da çalışmaq olmaz...

Amma hər millətin həyatında elə dönəmlər olur ki, yeniliyə elə həqiqətən də zərurət yaranır. Bu, bir dəfə, uzağı, iki dəfə olar... Biz də imperiyadan və totalitar quruluşdan çıxmış xalqıq, ona görə də yeniliyin yaranması, bir daha deyirəm ki, labüddür.

Sözsüz, 26 il böyük müddət deyil. Biz də nəinki musiqidə, eləcə də digər sahələrdə dərhal fövqəldəyişikliklər gözləmirik.

Amma yenilik ruhu duyulmalıdı, hər halda... Fəqət, görürsən, musiqi aləmində də çoxu üçün az şey dəyişib: bir az dövlətin, bir az quruluşun, ən əsası da, hakim partiyanın adı dəyişib,- qalan, hər bir şey olduğu kimi qalıb....

Bu bir neçə ildə musiqimizdə əməlli–başlı "yeni” janr yaranıb – siyasi musiqi! İlahi, daha nələr oxumur, nələr "bəstələmirlər”! Hətta sovetin də vaxtında belə bayağılıq yox idi. 

"Mahnı”lar bir tərəfə, hətta iri həcmli "simfonik əsərlər” də yarandı bu  illərdə! Ən dəhşətlisi odur ki, dövrün damarını tutmağa çalışan kiçik və orta "kalibr”li bəstəkarlar bir yana, hətta bəzi sanballı simalar da qoşuldu bu prosesə!

Mən də başa düşürəm ki, spesifik sahələr var. Məsələn, hərbi orkestlər üçün əsərlər, hərbi marşlar və hərbi–vətənpərvərlik mahnıları... Bunlarda hətta bir az "ifrat”a da varmaq olar. Amma digər sahələrdə bunu etmək və belə bayağılıqla "təbliğat–təşviqat musiqisi”lə məşğul olmaq– inanın, kənardan bizə gülürlər...

Ən dəhşətlisi odur ki, belələri mükafatlandırılır, efirlərdən düşmür, daim "irəli” çəkilirlər... Ona görə də lap əvvəldə yazdım ki, kaş, bunlar biləydi ki, biz musiqisevərlərə necə işgəncəli anlar yaşadırlar!

Hətta ümumi fona baxanda sovet dövrü ilə belə müqayisədə geriləmə duyulur, nəinki irəliləyiş – elə bil, yağışdan çıxıb, yağmura düşmüşük...

Bu, məsələnin bir cəhəti... Digər tərəfdən, olan - qalan azadlıq və sərbəstlik də inkişafa yol açmaqdansa, əksinə geriliyə aparır. Sovet vaxtlarının "toy müğənniləri” vardı ki, bir vaxt efir onlar üçün əlçatmaz  xəyal idi və hətta sovet dönəmində heç kim onlara meydan verməzdi. Di gəl, indi bu adamlar dönüb az qala, "klassik”lər olublar! Bəlkə bizim də "dissident” musiqiçilərimiz elə bunlar imiş?!.

Uşaqlığım rayonda keçib və o dövrün yalnız toylarda səslənən bəzi bayağı mahnılarını gözəl xatırlayıram. Bir də gördüm ki, o mahnılar artıq efirə yol tapıb! Bir dəfə belə oldu, iki dəfə oldu, axır alışdım və indi dinləyici kimi gücüm yalnız televizorun pultuna çatır.

Hansı kanala çevirirsən, beş–on "müğənni”dir, bütün günü–o kanal sənin, bu kanal mənim... Adam elə doğrudan–doğruya düşünür ki, bəlkə həqiqətən də keçmiş "bədii şura”lara ehtiyac var?

Təbii, bunu ritorik olaraq deyirik, əslində elə bu şərati yaradan həmin gözəgörünməyən, açıq hiss olunmayan "bədii şura”lardır–indi sözsüz ki, heç bir kanalda belə struktur, belə ştat yoxdur, amma ümumi siyasi və ya ideoloji fon var, belə bayağılığı stimullaşdıran amillər var.

Və ən nəhayət. Çalışdıq, bir–iki yazı ilə sovet mədəniyyətini və onun qısa post–sovet dönəmini saf-çürük edək. 

Bütün mədəniyyət insanlarımız üçün bir ümumi cəhət də var. Bunların az qala, hamısı ağızlarını açan kimi başlayırlar irili–xırdalı məmurlarımıza, başbilənlərimizə və idarəedənlərimizə minnətdarlıq dolu dua-sənalar etməyə! 

Böyük qismi aydın məsələdir – onlar elə həqiqətən də indiki televiziyalara və bu qaydalara minnətdar olmalıdırlar, çünki başqa vaxt itirib–axtaran da olmazdı onları! 

Amma aralarında ara-sıra dəyərli sənət adamları və həqiqətən də sevdiymiz – saydığımız simalar da olur. Onlardan ricamız budur ki, əgər  mümkünsə, belə etməyin! 

Sizlər, məsələn, öz kiçik təqaüdlərindən pul ayırıb konsertinizə, tamaşanıza və görüşünüzə gələn, kitablarınızı alan təqaüdçülərə və ya tələbələrə minnətdarlıq edə bilərsiniz və etməlisiniz də! Öz qazancından sizlərə yardım edən və dəstək olan iş adamlarına minnətdarlıq izhar edə bilərsiniz! 
Amma məmurlara və yaxud dövlət adamlarına münasibətdə bunu etməyin və ya da heç olmasa, indiki tək bayağı formada etməyin! Onlar bunu ciblərindən etmir, bu, dövlətin və millətin, deməli sizin hər birinizin vəsaitidir! Ən azı nəzəri baxımdan bundan sonra hakimiyyətlər və hakim partiyalar çox olacaq – hərəsinə bir mahnı yazılsa, musiqimiz tamam əldən gedər... 

Əslinə qalsa, sizin onlara yox, onların sizə ehtiyacı var–ictimai dəstəyinizə, səslərinizə ehtiyacları var! Özü də bu, tək indiki məmurlara və siyasətçilərə yox, bundan sonrakılara da aiddir - təbii ki, əgər siz də sovet qaydalarının arxada qaldığını qəbul edirsinizsə! Yox, etmirsinizsə,  özünüz bilərsəniz! Biz də müşkül qalmayacağıq–dünyada istənilən qədər oxumalı kitab, dinləməli musiqi, hətta baxmalı telekanal var...

Qaynarinfo.Az