Hüseynbala Səlimov

Türkiyənin Suriyada apardığı son uğurlu əməliyyatlar əslində çox sualların cavabıdır. Bu suallardan ilki, bəlkə də ən birincisi odur ki, bu qədər dövlətin qarışdığı Suriya məsələsi niyə neçə illərdir ki, həllini tapa bilmir?

Deyirlər ki, hər sualın cavabı onun özündədir və bu məntiqdən yanaşanda doğru cavab da elə budur ki, prosesdə bir yox, bir neçə dövlət iştirak edir, hərəsinin də öz marağı və hədəfi var. 

Baxın, Rusiya B.Əsədi qoruyur və ona qarşı olan qüvvələrlə vuruşur, İran da Əsədə dəstək verir. ABŞ Əsədə, guya ki, həm də İŞİD-ə qarşı döyüşür. Türkiyə kürdlərlə çarpışır! Ona görə də dəfələrlə yazmışıq ki, bu gün Suriya elə meydandır ki, burada hamı biri-birinə qarşı vuruşur...

O ki qaldı Türkiyənin apardığı bu əməliyyatlara, demək lazımdır ki, qardaş ölkə çox vacib iş görür, çünki onun əsas problemi heç şübhəsiz ki, kürd separatizmi hesab edilməlidir. 

Təhlükəni də dəf etməyin ən düzgün yolu onu ölkədən kənarda qarşılamaqdır. Eləcə də içəridə sahman yaratmağın və bəzi məsələləri yoluna qoymağın da düzgün yolu yenə kənara çıxmaqdır. Ona görə ki, kənara çıxanda diqqət də daha çox buna yönəlir və bir növ daxili proses arxa plana keçir. 
Həm də kənara çıxmaqla oradan ölkənin içinə uzanan əlləri də daha rahat kəsmək olur. İndi Türkiyə bunu edir və təbii ki, biz də ona uğurlar arzulayırıq. Bir daha deyirik ki, İraqda və Suriyada əli silahlı minlərlə kürd yaraqlısı cəmləşib və onların Türkiyə sərhədində təkcə mövcudluğu artıq Ankara üçün təhdiddir.

İnsanların dilindən səslənən suallardan biri də "Necə oldu...” məsələsidir. Biri soruşur ki, necə oldu ki, ABŞ kürdlərə qarşı ciddi hərbi əməliyyatlara icazə verdi? İkincisi ərz edir ki, necə oldu ki, Moskva buna qol qoydu? Üçüncüsü buyurur ki, bəs bizə niyə bunu etməyə icazə vermirlər?..

Nə demək olar? Çalışaq bir-iki cümlə ilə onları cavablandıraq. ABŞ Türkiyəni itirmək istəmir. Sözsüz ki, kürd məsələsi ciddi "rıçaq”dır və bu dəyənəyin köməyilə eyni vaxtda dörd dövləti – İranı, Türkiyəni, İraqı və Suriyanı qarışdırmaq olar. Ona görə də düşünmək ki, ABŞ bunu yalnız Türkiyəni müəyyən çevrədə saxlamaq üçün edir –bu, məsələni bir qədər sadələşdirmək olardı. 

Təbii ki, ona Türkiyəyə qarşı da çox ciddi dəyənək lazımdır–bunlardan biri "Gülən məsələsi”dirsə, digəri də elə kürdlərdir. İlk baxışda iki yaxın hərbi-siyasi müttəfiq üçün bu cür münasibətlər bir az qeyri -standart təsir bağışlayır. Amma ABŞ -ın bəzən Avropadakı müttəfiqlərinin daxili işinə qarışmasının elə kopud formaları üzə çıxır ki, baxıb görürsən, siyasət elə hər yerdə siyasətdir...

O ki qaldı Moskvaya, oraların da təhlilçiləri çox vurnuxur, hey soruşurlar ki, əcaba, Türkiyəyə lazım olandan çox meydan vermədik ki? 

Kürdlər də Kremli məkrli satqınlıqda suçlayırlar. Amma daha çox duyulan budur ki, Kreml kürdləri Ağ Evə qısqanır, çünki özü də kürdlər üzərindəki əski təsirini qaytarmağa çalışır. Bundan sonra həmin təsiri qaytarmaq mümkün olacaqmı? 

Bunu zaman göstərəcək. Kreml SSRİ-nin nəyi vardısa, ona sahib çıxmağa çalışır. Bəli, vaxtilə solçu kürd təşkilatları SSRİ-dən dəstək alırdı, Təlabani, Bərzani kimi liderlərə təlimat Kremldən verilirdi. Yenə Kreml özünün əvvəlki məzmununu qaytarmağa cəhd edir, Yaxın Şərqə kiçik də olsa, qarmaq ata bilib. Amma SSRİ dünyadakı bir çox təşkilatlar üçün həm də pul kisəsi idi - sovet vətəndaşlarının, necə deyər, əynindən - başından kəsib onları yedizdirə bilirdi. Hazırda ruslar da bir az "qəliz”ləşiblər. Fəqət, həmin o "qəliz” ruslar indi A.Navalnıy kimi liderlərin ətrafında cəm olub, gəl, hələki çoxluq deyillər. Çoxluqsa çörək yox, Kırm, Ukrayna deyir...

Özümüzə gəldikdə, bu sual hələ İraq kürdləri və kataloniyalılar referendum keçirərkən meydana çıxmışdı. O vaxt böyük dövlətlərin sukutu, region dövlətlərinin həmrəyliyi və yerli hökumətərin operativliyi məsələləri tez sahmana salmağa imkan verdi. 

Bizdə isə bunların heç biri yoxdur; nə böyük dövlətlər məsələnin mahiyyətini anlamaq istəyir, nə region dövlətləri arasında yekdillik var, nə də ki, hökumətimiz yetərincə operativdir...

Ona görə də heç nə edə bilmirik. Bilirsinizmi, Dünyaya baxanda görürsən ki, bir neçə dövlətin qlobal iddiaları qəbul olunur, digərlərinin regional iddiaları təmin olunur, daha çox dövlətin də öz hüdudlarında söz sahibi olması anlaşıqla qarşılanır. Dövlət adlanırsansa, ən azı bu üç kateqoriyadan heç olmasa, axırıncının sırasında olmalısan. Amma biz bu cərgədə də yoxuq. Özü də tək biz yox – Gürcüstan da, Ukrayna da, eləcə də Moldova da bu cərgədədir...
Deməli, əsl müstəqillikdən və dövlət olmaqdan danışmaq hələ tezdir. İnanmırsınızsa, qardaşlar, bir dönün, Qarabağ tərəfə baxın. Bir şey görə bilirsinizmi?..