Ölkə 09:52 28.03.2017

Bir gün eviniz yanıb kül olarsa...

Aysel Novruz

"Estebana məktublar"

Kofesini də götürüb yanımda əyləşdi.

Dedi: - Əgər bir gün desələr ki, evini eləcə qoy və tərk et həmişəlik. Edərsən?

Mən: - Adam birinci salam verər. Ondan da qabaq tanımadığı birinin masasına icazəsiz əyləşməz.

Dedi: - Bu cavab sualıma uyğun gəlmədi.

Mən: (çox israr etməyə həvəsim yox idi) Yox. Evimi tərk etmərəm.

Dedi: Bəs, əgər o ev yanıb yaşanılmaz hala gəlsə?

Mən: Sizə nə lazımdır?

Dedi: Ağlayarsız, hə?

Mən: Təbii. Pis olaram.

Dedi: İndiki kimi ağlayarsız?

Mən: Əşi, hə, indiki kimi ağlayaram.

Dedi: Bəs o yaşamağa yararlı olmayan evi nə edərsiniz? O zir-zibilin içində yenə qalar, tərk etməzsiniz?

Mən: Yox. Tərk edərəm.

Dedi: Özünüzə yenidən bir ev tikmək ağlınıza gələr?

Mən: Əlbəttə. Çöldə qalmayacam ki. Başqa bir ev axtararam. - tanımadığım bu üzlü adama hirslənməyim gəlmirdi nədənsə.

Dedi: O evi yenidən, sıfırdan və əziyyətlə tikməli olsanız belə?

Mən: Əziyyət olsa belə, yeni bir ev tikərəm.

Dedi: Ağlama. Bəzi adamlar artıq bizim üçün yanıb kül olmuş, bizim həyatımızda bir işə yaramayacaq hala gələrlər. Bu zaman ən doğrusu nə qədər kədərli və yorucu olsa belə onu tərk etmək və başqa birini tapana kimi ümidini itirməməkdir. Bədənimizin evə, ruhumuzun qəlbə ehtiyacı var yaşaması üçün. Çətin olacaq. Bu isə "olmayacaq" demək deyil. Evin yanmış. Zamanında getməyi bil ki, sən də yanıb kül olmayasan. Bu arada, aleykum salam.

Yaz yağışı yağırdı. Verandanın şüşələri yaşıl otları, ağ fontanı dumanlı göstərir, quşların səsi suyun səsinə macal vermirdi.

Zamanında getmək lazım idi. Bu şəhərdən, bu evdən, bu adamdan...

Qaynar.Az