Siyasət 00:13 20.08.2013

“Bir kənd mollası çağırmalı idilər... ”

“Milli Şuranın akiyasında 300-400-dən artıq adam yox idi. Bir vəzifəli şəxsin toyunda, yaxud yasında bundan iki dəfə artıq adam iştirak edir. Bütövlükdə "Milli Şura"ya toplaşan partiyalar, qurumlar, cəmiyyətlərin- onlar adlarını dəyişsələr də, mahiyyətləri eynidir, eyni adamlardır, dünənki mitinq kimi mitinq tarixində biabırçı mitinq olmamışdı. Bu səviyyədə təşkilatçılıq olmayıb. Bilmirdilər ki, şüar nədir. Biri A deyir, biri B deyir”. 

Bunu publika.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, mitinqin aparıcısı İbrahim İbrahimlini də tənqid edib. Bildirib ki, mitinqi o aparacaq idisə, qabaqcadan qaynanmış süd, yaxud yumurta içirəydilər ki, səsi açılsın: "Digər çıxışların da hamısının mahiyyəti eyni idi. 20-25 il bundan qabaq nə danışırdılarsa, eyni fikirlər idi. Mitinqə bir saat qalmış mən orada idim. Bütün nəqliyyat vasitələri işləyirdi. Amma onlar iddia edirlər ki, guya nəqliyyat vasitələri işləməyib, bölgələrdən, xüsusilə də Sumqayıtdan gələnlərin qarşısı alınıb. Axı bu necə ola bilər? Cəbhəçilərin, yaxud müsavatçıların kimlikləri alınlarında yazılmamışdı ki, onları avtobusdan düşürsünlər. Yaxud Sumqayıtdan gələnlərin mitinqə gəldiyini kim bilirdi? Hər gün 500 avtobus Bakı-Sumqayıt marşrutu ilə gedib-gəlir. Bunların hamısı yalan məlumatlardır. Keçmişdə Nemət Pənahlı deyirdi oturun, durun, oturmayan ermənidir. Eyni təfəkkürlə bu gün Azərbaycan cəmiyyətində kütləvi aksiyanı həyata keçirmək olmaz. Orda bir qrup qohum-əqrəba gənclərdən başqa heç kim yox idi. Bir qrupu jurnalistlər idi, bir hissəsi təhlükəsizlik orqanlarının nümayəndələri. 300-400 nəfər də onların öz ətrafları, orda çalışan insanlar idi”.

S.Novruzov hesab edir ki, mitinqə bir nəfər molla da çağırılmalı idi ki, "Milli Şura"nın fatihəsini versin. Onun sözlərinə görə, respublika səviyyəli olmadığı üçün Qafqaz Müsəlmanları İdarəsindən hansısa hörmətli şəxsi dəvət etmək olmazdı: “Bir rayon, kənd mollası səviyyəsində molla çağırmalı idilər ki, onların fatihəsini oxusun. Hesab edirəm ki, dünən orda "Milli Şura"nın fatihəsi verildi. Azərbaycan cəmiyyəti bunları ömrü boykot edib tarixin arxivinə göndəribdir. Bunlarsa gəlib orda-burda ortaya çıxıb özlərinin varlığını sübut etməyə çalışırlar. Bir dənə İsa Qəmbər düz danışaraq dedi ki, 20 ildir küçələrdə, meydanlardayıq. Hesab edirəm ki, İsa Qəmbər bundan sonra da qalan həyatının siyasi dövrünü küçələrə həsr edəcək”.

Qaynar.info