Bayram günlərinin, tətillərin sevinc bəxş etdiyi qədər qayğılı tərəfləri də var. İstirahət günlərini həvəslə gözləyənlərin bəziləri bolluca yatmağı düşünür, bəziləri qonaqlıqlara, digərləri səfərlərə hazırlaşır. Lakin bunların arxasında bir də qidalanma dayanır. Məhz bayram günlərində qidalanma rejimi sıxlaşır və çox zaman yeməyə nəzarəti itiririk. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır. Bəs bayram günlərində necə qidalanaq? Tətillərdə həyat tərzimizi öz axarı ilə davam etdirməyi bacara bilərikmi?

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, dietoloq-mütəxəssis  Leyla Zülfüqarlının bayram günlərində qidalanmamıza xüsusi diqqət etməyimizi tapşırır. Bu baxımdan Novruz bayramı ikiqat məsuliyyət tələb edir: "Novruzu daha çox şirniyyat bayramı kimi xarakterizə edə bilərik. Şirniyyatlardan təkcə bir şəkərbura bir pay kalorili yemək qədərdir. Məsələn, bir boşqab yağlı ətli aşqarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentidir. 1 şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən bu qədər kalori var".

Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci köməkçi yeməklər və salatları demirik. Təntənəli yemək mərasimindən sonra süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay gəlir. Dadlı yeməkləri yeyirik, lakin təəssüf ki, ondan sonra yediyimiz şirniyyatların kalorisini nəzərə almırıq. Halbuki elə əsl kalori də budur.  L. Zülfüqarlı ağır yeməklərdən sonra çayla şirniyyatların orqanizm üçün ikiqat təhlükə mənbəyi olduğunu deyir: "Nəzərə almalıyıq ki, azərbaycanlılar metabolik xəstəliklərdən əziyyət çəkən xalqdır. Burada əsasən şəkərli diabet, zob xəstəlikləri nəzərdə tutulur. Belə xəstəliklərə meylli olan insanlar xüsusilə şirniyyat sarıdan ehtiyatlı olmalıdırlar. Bu cür insanlar Novruz bayramında istədikləri kimi, kifayət qədər şirniyyat qəbul etsələr, artıq risk qrupuna daxil ola bilərlər. Novruz bayramını nə qədər sevsək də, özümüzə və qidalanmamıza qarşı bir o qədər tələbkar olmalıyıq".

Bayram günləri, tətil və istirahətin sevinci yalnız yeməkləri dadmaqdan ibarət deyil. Bu sevincə deyib-gülüb, əylənməyi də əlavə edə bilərik. Dietoloq bu günlərdə orqanizmə də qidalanmada istirahət verməyin də vacib olduğunu əlavə edir: "Özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn, bir gün günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Hər gün bir-birinin ardınca şirniyyat yemək orqanizm üçün doğru deyil. İstirahət günlərində hesablamadığımız hipodinamik həyat tərzini də nəzərə almaq lazımdır. Şirniyyatı adət etdiyimiz qara çayla içmək məsləhət deyil. Bu günlərdə bitki çaylarına, əsasən yaşıl çaya və darçın çubuğu ilə dəmlənmiş çaylara üstünlük verilməlidir".