Hüseynbala Səlimov

Sovet ədəbiyyatı və kinosu haqqındakı yazıların ardınca sovet jurnalistikası barədə də yazmağımız principcə, təəccüblü görünməməlidi, ən azı ona görə ki, sadaladığım ilk iki sahədən fərqli olaraq jurnalistika mənə daha yaxındır və hətta özümü bu sahədə müəyyən qədər "mütəxəssis” də saya bilərəm...
Amma bilmirəm ki, həmin mövzuda əvvəllər də ara-sıra nəsə yazdığımdan idi və yaxud da başqa səbəbdən, hər halda, predmet məni elə də çəkmirdi... 
Daha doğrusu, bir tərəfdən düşünürdüm ki, çətin, bir yazı ilə bu haqda maraqlı nəsə deyə bilim. 

Digər tərəfdənsə, kinodan, hətta ədəbiyyatdan fərqli olaraq, sovet jurnalistikası daha spesifik sahə idi və yenə də kinoya və ədəbiyyata rəğmən o, dövrün siyasi konyunkturasına, ilk iki sahə ilə müqayisədə siyasətə "bir köynək” yaxın idi və elə bu səbəbdən sovetizmin ideoloji təsirinə hissolunacaq dərəcədə artıq məruz qalırdı. 

Bu da özünü öncə onda təzahür etdirirdi ki, jurnalistika ətrafındakı nəzarət və təzyiq çərçivələri daha möhkəm idi, çünki bir daha deyirəm ki, bu başıbəlalı sahə - jurnalistika sovet rejiminin ideoloji ruporu idi. 

Hələ onu demirəm ki, hətta sovetlərin süqutundan sonra da yaranmış bəzi gənc dövlətlərdə belə məmurları ədəbiyyatdan və kinodan daha çox jurnalistika "maraqlandırır”; onlar bir elə də fərqində deyillər ki, yazıçı və şair qardaşlarımız nə yazır, elə də maraq göstərmirlər ki, kinoçular nə yapır, teatrçılar nə oynayır, amma jurnalistikanın hər addımını izləyirlər, çünki o, bilavasitə informasiya siyasəti, təbliğat və sözsüz ki, ictimai rəy  deməkdir. 
İctimai rəy isə elə incə məsələdir ki, onunla hesablaşmaya və onu nəzərə almaya bilərsən, amma bilməyə və idarə etməyə bir növ borclusan, çünki təkcə repressiv üsullarla cəmiyyəti idarə etmək olmur və bir az da insanları aldatmağı bacarmalısan. Bunu isə mətbuat, radio və televiziya, son dövlərdə isə həm də internet vasitəsilə edirlər...   

Amma bütün bunlardan öncə bir məsələyə də aydınlıq gətirim. Principcə, sovet dövrünə, əgər belə demək mümkünsə, silsilə yanaşmam da kiməsə maraqlı görünə bilər. Hətta kimsə düşünər ki, indikilərdən yazammır və o səbəbdən də düşüb sovetin üstünə...

Belə deyil. Əslində ədəbiyyat və kino ilə bağlı bəzi məsələlər çoxdan beynimdə dolaşırdı, ən azı ona görə ki, mən də oxucu və tamaşıçıyam və özü də fəal oxucu və tamaşaçıyam... 

Üstəlik, Oktyabr inqilabının da 100 illinin yaxınlaşması məndə bu həvəsi bir az da artırdı, düşündüm ki, xeyli vaxtdır, sovet dövrünü və xüsusən də onun mənəvi – mədəni dəyərlərini heç çək–çevir etmirik, bir – iki yazı ilə bunu etsək, hər halda, pis olmaz...

Etiraf edirəm ki, bunun müəyyən siyasi motivləri də var. Hələ də müəyyən qism insanlarımız sovetlərdən söz düşəndə "ah” çəkərək "Necə xoş əyyam idi!..” deməkdən özlərini saxlaya bilmirlər...

İkincisi, şanlı məmurlarımızın çoxunun indiki qaydalar və yeni "imkan”lar quru sovet prinsiplərindən daha çox üərəyincə olsa da və iqtisadiyyatda ən azı məcburiyyət üzündən müəyyən dəyişiklər aparılsa da, bunu idarəçilik fəlsəfəsi və siyasi mədəniyyətlə bağlı demək olmur, başbilənlərimiz və idarəedənlərimiz siyasi düşüncə sarıdan bizim homo soveticusdan çox uzağa getməyimizdə elə də maraqlı deyillər...

Qərəz, sovet kabusu, yenə də adda-budda, orada –burada başımız üstündə dolaşır və bu səbəbdən də fikirləşdim ki, mən də ona bir daş atsam, heç də faydasız olmaz. Ona görə də bir az əvvəldəcə qeyd olunan iki yazını yazdım...  

Fəqət, elə bu iki yazıda da dayanmaq istəyirdim ki, birdən tanınmış diktor və çox maraqlı bir insan olan Rafiq Hüseynlinin ölüm xəbərini eşitdim və qərara gəldim ki, sovet junalistikası, xüsusən də onun televiziya və radio kimi çox spesifik sahələri haqda anladığım bır sıra məqamları bölüşüm...

Belə götürəndə, jurnalistikamız da tarixi spesifika baxımından həm ədəbiyyatımızla, həm də kinomuzla səsləşir. Məsələn, mətbuatımız sovet dövrünə qədər də mövcud olubdur, özü də kifayətcə dərin ənənələrə malik olub, üstəlik, novatorluğu və fədakarlığı ilə seçilib. 

Amma kinomuz kimi radio və televiziyamız da sovetin vaxtında yaranıbdır. Elə bu səbəbdən də bu faktla hesablaşmaya bilmərik, çünki ən azı bu sahələrin texnikası baxımından həmin dövrün televiziya və radio təcrübəsini də öyrənmək zorundayıq. 

Çünki bütün sahələrin həm də bir peşə və yaxud texnika tərəfi də olur ki, onlar bir növ, siyasi rejimlərdən asılı olmurlar. Bu, bütün sahələrə aiddir, istər, kino olsun, istər ədəbiyyat və yaxud da bəstəkarlıq və rəssamlıq... 

"Məktəb” deyiləndə də ilk növbədə məhz bu, nəzərdə tutulur. Məsələn, fırçanı necə tutmaq, işığı və kölgəni necə vermək, rəngləri necə almaq – təbii ki, bunlar bütün dövrlərin rəssamlığına aiddir. 

Eləcə də bəstəkarlıq və hətta bədii yazı texnikasını da bura əlavə etmək olardı. Məsələn, sən sovet yazıçısı və yaxud müstəqil dövlətin yazarı ola bilərsən, amma əvvəlcə bilməlisən ki, şeir nədir və hekayə nə olan şeydi, yaxud da roman nə məsələdir...

Bunu eynilə jurnalistikaya da və xüsusən də onun radio və televiziya kimi sahələrinə də aid etmək olar. Bir az əvvəldə tanınmış diktorumuz və bir daha deyirəm ki, çox maraqlı insan olan mərhum R.Hüseynlinin adını çəkdim. 

Düzünü desəm, diktorluq sənəti haqda elə də yüksək fikirdə deyiləm. Amma az öncə dediyim sırf texnika baxımından elə burada da öyrənməli nəsə tapmaq olar: məsələn, səlis Azərbaycan nitqi, sanballı efir görünüşü və s. və i... 

Bunlarsız, bunları bilmədən efirə çıxmaq cinayətdir, çünki televiziya jurnalistinə yüz minlərlə adam baxır, radio aparıcısını minlərlə insanlar dinləyir! Bəlkə də inanmazsınız ki, sovetin vaxtında insanlar orfoqrafiya qaydalarını və yazı üslubunu mətbuatdan–qəzetlərdən və ya jurnallardan öyrənirdilər!..
Amma ki, bütövlükdə götürəndə, təbii, sovet televiziyası və radiosu, eləcə də mətbuatı, əsasən totalitar quruluşun ruporu idi. Buradan hər gün insanlara bir-iki maraqlı şeylə bahəm minlərlə də yalan ötürülürdü!.. 

Sovet quruluşuna da sovet jurnalistikası yalnız bircə məqsəd üçün - yalanı yaymaq, tirajlamaq üçün lazım idi! Biz niyə bunu unudur və ya inkar edirik?
Bir daha deyirəm ki, sovetin jurnalistikasında da nəsə tapmaq olar, amma bunlar daha çox sırf texnika ilə, jurnalist texnikası ilə bağlı olan məqamlardır.
Məsələn, daha bir detalı deyim. Sovet vaxtında bir siyasi şərhçi vardı – A.Bovin. Dünyanın hər yerindən xəbərdar idi! Təbii ki, o, da öz sözünün sərhədini bilir, nə danışdığının fərqində idi, rejimlə kəllə-kəlləyə gəlməkdən uzaq idi. Daha doğrusu, bir dəfə sovet rejiminin tabularını  azca pozmağa cəhd etmişdi və buna görə də onu dərhal götürüb Mərkəzi Komitənin aparatından "İzvestiya” qəzetinə atmışdılar ki, səndən aparat işçisi çıxmaz, get, jurnalistika ilə məşğul ol...

Bu adamı nədən xatırladım? Sözsüz, indi xeyli əcnəbi politoloq və ya siyasi analitik tanıyıram. Amma "politoloq”luq və "analitik”lik edən bir sıra insanlarımıza baxanda həmin A.Bovin yadıma düşür və onlara demək istəyirəm ki, heç olmasa, onun kimi məlumatlı və intellektli olun! 

Başa düşürəm, sizləri efirə yalnız tərifçün buraxırlar, amma bunu elə edin ki, adamda heç olmasa, təəssürat yaransın ki, bəli, kişi məlumatlı və savadlı şəxsdir!..

Qərəz, sovet jurnalistikasının "incə”liklərilə çox da yormayacam sizi, çünki o dövrün jurnalistikasında qiymətli saydığım bəzi məqamları artıq çatdırdım...
O ki qaldı çağdaş jurnalistikamıza və onun sovet jurnalistikasına münasibətinə, üzümüzü az - çox ağ edən yenə də yazılı jurnalistikadır. Televiziyalarımız və radiolarımız isə elə həmin sovet vəziyyətindədir və hətta bundan da bedtərdir, çünki sovetin vaxtında, heç olmasa, jurnalist texnikası, dinləyicidə və tamaşaçida inandırıcı təəssürat yaratmaq üçün   savadlı və məlumatlı görünmək zərurəti vardı. İndisə hətta bu da yoxdur, yetər ki, beş–üç müğənnilə "mırt” vurmağı bacarasan,- bir də görəcəksən ki, dönüb olmusan, lap efir ulduzu...

Qaynarinfo.Az