Ölkə 13:49 02.05.2013

“Birdəfəlik bilsinlər ki, mən heç bir yerə qaçmayacam” - Əkrəm Əylisli

“Daş yuxular” romanı ilə Azərbaycanda böyük qalmaqala səbəb olan yazıçısı Əkrəm Əylisli mətbuatın onu rahat buraxmamasından, son günlər haqqında yazılan əsassız məlumatlardan gileylənib. 

Mətbuatdan küsdüyünü deyən yazıçı israrlı səylərimizdən sonra Modern.az-ln əməkdaşına qısaca açıqlama verməyə razılaşıb. 

Hazırda özünü yaxşı hiss etdiyini deyən, sağlamlığı ilə bağlı problem yaşamayan Ə.Əylisli jurnalistlərdən şikayətlənib. Haqqında yazılan bir çox məlumatların yalan olduğunu bildirən yazıçı artıq heç nəyə və heç kimə əhəmiyyət vermədiyini deyib.


“Şükür Allaha, yaxşıyam. Heç bir problemin yoxdur, hər şey qaydasındadır. Mətbuat hərdən haqqımda yalan xəbərlər yayır, guya mən ölkədən qaçmışam, nə bilim nələr... Bunlar hamısı boş şeylərdir. Mən heç bir yerə qaçmamışam. Belə şeylərə əhəmiyyət verməyin. Mən də bundan sonra kim nə deyir desin, fikir vermirəm. Birdəfəlik bilsinlər ki, mən uydurma ittihamlara, xəbərlərə cavab verməyəcəm”.

Ə.Əylisli daha sonra Rusiyada kitabının təqdimat mərasiminin olacağı haqda xəbərə də münasibət bildirib

“Yüz faiz yalan söhbətdir. Bunu deyənlər ara vuranlar, ara qızışdıranlardır”.

Xatırladaq ki, hələ də ölkə gündəmindən düşməyən yazıçı Əkrəm Əylislinin Azərbaycanı tərk  etdiyi haqda məlumat yayılmışdı. Həmçinin yayılan xəbərlərdə onun Rusiyaya getdiyi,  dostlarının iştirakı ilə Moskvada kitab təqdimatı keçirəcəyi qeyd olunurdu.

Qaynar.info