Birdən Avropalaşarıq, hər şey fəna olar...

Birdən Avropalaşarıq, hər şey fəna olar...

Hüseynbala Səlimov

Rusiya mənbələri Avropa Birliyi (AB) Şurasının prezidenti Donald Tuskun səfərini  "vida turu” kimi səciyyələndirərək buna guya ki, elə bir əhəmiyyət vermədiklərini nəzərə çarpdırmağa çalışsalar da, bütün hallarda yenə də Avropa yetkilisinin "vida turu” zamanı səsləndirdiyi bəzi bəyanatlara şərh verməli oldular.

Əlbəttə, biz də fərqindəydik bu, cənab Tuskun indiki statusunda son səfəri idi və o, bunu hətta Azərbaycan prezidentilə söhbətində xüsusi olaraq vurğuladı da. Amma onu da demək lazımdır ki, "vida turu” olsa da və yaxud da bir başqa cür adlansa da, səfər bir xeyli diqqət çəkdi və mediada ətraflı müzakirə olundu. 

Birincisi, Tusk Bakıda hələki rəhbərlik etdiyi institutun Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirdi.

İkincisi, Tusk İrəvanda N.Paşinyanı və komandasını yamanca məyus etdi və burada "xalqların müqəddəratını təyin etməsi hüququ”ndan qəti danışmaması, "genosid abidəsi”ni ziyarət etməməsi bir yana, Ermənistanda bu son vaxtlarda aparılan siyasətin də bir sıra məqamlarını tənqid etdi.

Üçüncüsü, Tusk Bakı və İrəvandan sonra Gürcüstana yollandı və burada Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyinə qatıldı.

Bəs bizim bu səfərdə diqqətimizi çəkən nə idi? Elə ondan başlayaq ki, bu günə qədər Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrdən yalnız Azərbaycan və Belarus AB ilə saziş imzalamayıb. Düşünürdük ki, Tuskun səfəri zamanı bu məsələyə kiçik də olsa, aydınlıq gətirələcək və xüsusən də səfər bir detal sarıdan maraqlı idi ki, bizim diplomatlarımızın dövriyyə buraxdıqları "izahat”lara görə, guya ki, AB Azərbaycanın ərazi bütövlüyünə dəstək vermir. Amma lap əvvəldə qeyd etdik ki, Tusk səfəri zamanı etdiyi bəyanatlarla bunun belə olmadığını göstərdi. 

Amma çox təəssüf ki, biz Azərbaycan tərəfdən AB ilə imzalanacaq sazişlə bağlı hər hansı bir konkret açıqlama eşitmədik. Əslində sazişin may ayında imzalanacağı gözlənirdi, fəqət, sonradan bunun payızda baş verəcəyi bildirildi. İndisə məlum deyil, payızda saziş imzalanacaq, yoxsa bizə növbəti payızları gözləmək lazım gələcək? 

İşin tərsliyindən Batumdakı yubiley sammitində iştirak edən nümayəndəmiz də hər hansı açıqlama vermədi və hiss olunanı budur ki, Bakı hər vəchlə sazişin imzalanmasını yubatmağa çalışır. 

Birinci səbəb əlbəttə ki, Moskva ilə münasibətlərin soyuya bilməsi ehtimalıdır və elə imzlanma prosesinin mayda baş tutmaması da bununla bağlanır – həmin vaxt birdən-birə müxalifət fəallaşdı, hakimiyyət yüngül təlaş keçirdi və şayiələr dolaşdı ki, guya hörmətli Vladimir Vladimiroviç Putin də bizdən üz döndəribdir. 

İkinci səbəb budur ki, hakimiyyətimizin Avropa ilə yalnız və yalnız iqtisadi müstəvidə, özü də ki, müəyyən məhdudiyyətlərlə əməkdaşlıq niyyəti var. Biz Avropaya neft və qaz sataq, bununla da işlər yekunlaşsın və bizdən kimsə daha dərin iqtisadi əlaqələr, xüsusən də siyasi əməkdaşlıq ummasın, çünki bizim hakimiyyətimizçün Avropa uzaqdan-uzağa daha yaxşı görünür; zira, "qara camaat”ımız avropalaşsa onda çox məsələlər fəna olar– axı hakimiyyətmizin avropalı insanları idarə etmək sahəsində heç bir təcrübəsi yoxdur...

Üstəlik, bəziləri iddia edirlər ki, guya AB ilə sazişin heç bir faydası yoxdur bizim üçün, guya bu saziş özündə geosiyasi risklərdən savayı, Kremllə münasibətlərə soyuqluq gətirməkdən (dilim - ağzım qurusun!) başqa özündə heç nə ehtiva etmir.

Əlbəttə ki, tamam yanlış fikirdir. Sazişi imzalayan ölkələr konkret üstünlüklər qazanıblar Avropa ilə münasibətlərdə: gediş –gəliş asanlaşıb və xeyli sadələşib, importun və eksportun strurukturu və istiqaməti tam dəyişib. 

Məsələn, inanmaq belə olmur ki, hətta Moldovanın idxalının artıq 70 faizi Avropa Birliyinə yönəlibdir. Üstəlik, Vaşinqton bu prosesləri bir az da dərinləşdirmək, bu ölkələrin Rusiyadan asılılığını azaltmaqçün gələn il 600 milyon dollardan artıq vəsait xərcləməyə hazırlaşır.

Nəhayət, unutmayaq ki, hətta Ermənistan da AB ilə saziş imzalayıb və biz guya özümüzü həmişə bu ölkədən daha müstəqil hesab etmişik, gəl, bəzən adam papağını qarşısına qoyub daha müstəqil olmağın əlamətləri haqqında düşünməyə başlayır, fəqət, bir nəticə hasil edə bilmir ki, bilmir – o səbəbdən ki, bizim siyasətimizin hələki mayasında özəl milli maraq və hədəflərmiz yox, necə deyələr, "baş girələmək”, bunu onunla, onu isə bununla "tarazlaşdırmaq”, "balanslaşdırmaq” qayğıları dayanır ki, Allah eləməmiş, birdən tərəzinin qolu əyilər və hər şey fəna olar...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR