Ölkə 12:26 06.11.2018

Biz özümüzü necə təqdim ediriksə...

Hüseynbala Səlimov

DNR, LNR, daha nə bilim, nələr və nələr... Mən bu məşhur rus abreviaturalarını öz dilimizə də çevirə bilərdim, bircə hərf dəyişəcəkdi, amma mənim üçün əsas bu deyil, odur ki, hələ bundan sonra Kreml nə qədər belə abreviatura yaratmalı olacaq...

Qərəz, yaxın günlərin söhbətidir. Rusiya telekanallarından birinə baxarkən aparıcının bir fikri diqqətimi çox cəlb etdi. Deyirdi ki, rusları dünyada ya kimisə zəhərləməyə hazır olan casus kimi, ya da sərxoş saqqallılar kimi təsvir edirlər.

Əlbəttə, bizim bundan şadlanmaq və yaxud məmnunluq duymaq niyyətimiz yoxdur, amma bir məsələ var ki, biz özümüzü necə təqdim ediriksə, necə aparırıqsa bizi elə də təsvir edirlər, - o səbəbdən də burada hansısa konspiroloji elementlər və yaxud məqamlar aramağa dəyməz. 

Bəlkə də on dəfələrlə həmin Rusiya telekanallarındakı tok-şoularda rusların öz dilindən eşitmişik ki, digər ölkələr və xalqlar bizdən qorxmalı və çəkinməlidir. İndi niyə narazılıq edirsiniz, budur, həqiqətən də qorxurlar! Məgər siz özünüz də bunu istəmirdinizmi? İnsanlar isə qorxduqlarını həmişə bədheybət məxluqlar kimi təsvir edirlər, onları heç də mələklərə bənzətmirlər... 

Amma burada bir detal var; birinci soyuq müharibə də bu cür obrazlardan başladı, sonra şər imperiyası adı meydana çıxdı, daha sonra isə məşhur hadisələr başladı–böyük sovet imperiyası hissələrə parçalandı və böyük dövlət dərin bir böhrana yuvarlandı. 

Bir xeyli çabalayandan sonra böhrandan bir təhər çıxa bildilər. Amma çıxan kimi də bir də gördük ki, bunların sorağı yenə uzaqlardan, uzaq Suriyadan gəlir, bunlar yenə də caynaqlarını növbəti ölkəyə - Avropaya istiqamət götürən Ukraynaya keçirib ondan da nəsə qopramağa çalışırlar.

Güman, bütün bunlar da növbəti böyük böhran ərəfəsində bir ön sözüdür. Düşünürük ki, o böhran mütləq olacaqdır. Ən azı ona görə ki, rusların özləri bu haqda çox ciddi yazılar yazır və post - Putin dövrünü indidən özləri üçün təsəvvür etməyə çalışırlar. 

Fəqət, indi ən əsas nəticə budur ki, Kreml bir ağıllı və tədbirli Baltik ölkələrinə, bir də mürgüləyən Mərkəzi Asiya ölkələrinə caynaqlarını keçirmədi, qalan ölkələrin demək olar ki, hamısında münaqişələr yaratdı ki, onları bu yolla orbitində saxlaya bilsin. Bu münaqişələrdən əlbəttə ki, dünyanın diqqətində daha çox olanı Ukraynadakı proseslərdir. 

Ən maraqlısı budur ki, ruslar əfsanələr quraşdırır, özlərini buna inandırır, sonra da həmin əfsanələr uğrunda ölürlər. Belə əfsanələrdən biri də "parçalanmış millət” haqqındakı nağıldır – bəli, guya ki, ukraynalılarla ruslarla eyni millətdir, hiyləgər və fitnəkar Qərb indi əti dırnaqdan, bu iki milləti biri-birindən ayırmağa çalışır...

Bəs nə demək olardı bütün bunlar haqda? Bu yaxınlarda Rusiya saytlarının birində bir müəllifin fikirləri diqqətimizi cəlb etdi. Yazırdı ki, niyə biz  "parçalanmış millət” miflə özümüzü və başqalarını aldatmağa, bu yolda lazımsız məhrumiyyətlər yaşamağa çalışırıq? 

Onun fikrincə, ukraynalılar və ruslar heç vaxt bir olmayıb, Ukrayna daim Avropaya, ən əsası da Polşaya yönəlik olub, ruslar üçün ukraynalılar daim "xoxlı” (kəkillilər), ukraynalılar üçünsə ruslar həmişə "katsapı” (saqqalılar) olublar, amma ruslar sanki bunu tamamilə unudublar və başlayıblar "bir millət” haqqında nağıllar quraşdırmağa...

Həqiqətən də dramatik vəziyyətdir, daha doğrusu, Kremlin yaratdığı dramdır və bu dramın xeyli səhnələri– pərdələri hələ irəlidədir. Yaxın bir neçə gündə Rusiya mediasının diqqətində olan əsas məsələ kilsələrarası münaqişələr idi, - bəli, rus provaslav kilsəsi də parçalanmağa başlamışdı. 

Dorğusu, bu prosesi tamam axıradək izləmədik, finalı bizim üçün məchul qaldı. Həm də düşünürük ki, bu heç də bir neçə həftəlik məsələ deyil, proses hələ bir müddət çəkəcək. Amma çox önəmli məsələdir– əgər Ukrayna tamamilə azad olmaq istyirsə, bu buxovları da qırmalıdır.

Qayıdırıq başqalarının bizi necə təsəvvür etməsinə. Diplomatların arasında belə bir qayda var ki, diplomat həm də ölkəsi və özü haqqında xoş təəssürat yaratmağa çalışmalıdır. Bilirsiniz, ən böyük qələbə ürəkləri fəth etməkdir. Təəssüf ki, son illərdə böyük dövlətlər, tək Rusiya deyil, elə ABŞ da bunu unutmağa başlayıb, maraqlar və bu maraqaları gerçək etmək uğrundakı səylər əcaib dərəcədə çılpaqlaşıb. Siyasətdə münasibət iki cür qurulur – ya kiminləsə hesablaşırlar, ya da onu sevirlər. Bizimçün də qaranlıq qalan budur: niyə Moskva sevilənlərdən olmaq istəmir?..