Ölkə 15:24 26.09.2018

"Bizdə ağıllı təkliflər gec icra olunur" - Millət vəkili

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq paytaxtda səhər və axşam saatlarında böyük tıxaclar yaranır. Böyük universitetlərin yaxınlığındakı dayanacaqlarda isə tələbələrin kütləvi şəkildə marşrut gözləməsi Bakı üçün heç də yad mənzərə deyil. Bu problemlərin həlli üçün illərdir ki, universitetlərin şəhər kənarına köçürülməsi və orada universitet şəhərciklərinin yaradılması təklif olunur.
 
Qeyd edək ki, 2016-cı ildə Bakı Dövlət Layihə İnstitutunun rəhbəri İlqar İsbatov da jurnalistlərə açıqlamasında Bakının 3 qəsəbəsində - Ələt, Mərdəkan və Hövsanda universitet şəhərciklərinin yaradılması ilə bağlı təklif irəli sürüldüyünü bildirmişdi.

 
Məsələ ilə əlaqədar olaraq İlqar İsbatovla əlaqə saxladıq. Qurum rəhbəri Qaynarinfo-ya açıqlamasında hazırda şəhərin baş planı üzərində iş aparıldığını söylədi:

"Hazırda baş plan üzərində iş gedir. Yəqin ki, dəqiqləşdirmə olan kimi ictimaiyyətə məlumat veriləcək. Bu barədə daha dəqiq informasiyanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən öyrənə bilərsiniz”.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bu barədə hələlik heç bir məlumatın olmadığı bildirilib.
 
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihələr departamentinin rəhbəri Rəşad Hüseynov Strateji Yol Xəritəsində də bu barədə planların olmadığını söyləyib:
 
"Strateji Yol Xəritəsində təkcə peşə təhsili ilə əlaqədar bölmə var. Sizin dediyiniz isə artıq peşə təhsili deyil. Ali təhsilin inkişafı ilə bağlı Strateji Yol Xəritəsində belə bir bənd mövcud deyil".

 
"Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd olunur: "Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparklar yaradılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaqdır. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar müasir standartlar səviyyəsinə çatdırılacaq, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlər görüləcəkdir".
 

 
Millət vəkili Fazil Mustafa da sözügedən məsələyə münasibət bildirib. O, yaxın gələcəkdə bunun gerçəkləşdiriləcəyinə inamının olmadığını və tıxacların bundan sonra da davam edəcəyini söyləyib:

"Ağıllı təklifdi, amma bizdə ağıllı təkliflər gec icra olunur. Vaxtında bizdə universitet şəhərcikləri salınmalı idi və müəyyən dərəcədə bu problemin həlli düşünülməli idi. Amma indi bunu yaratmağın özü də böyük maddi vəsait tələb edir. Bir də ki, indi Bakı Dövlət Universitetini, İqtisad Universitetini və digərlərini hara köçürəsən?

Şəhər ətrafında da münbit yerlərin əksəriyyəti bina tikintisinə verilib. Universitet şəhərciklərinin salınması daha uzaqlarda ola bilər, ora da gediş-gəliş çətinləşsə, tələbələrin işi ağırlaşacaq. Ona görə də bu, real görünmür. Yəqin yaxın gələcəkdə də olmayacaq və tıxac problemi də qalacaq".
 
Çingiz Səfərli