Vüsal Bağırlı
İdman 13:50 28.11.2017

Bizə intriqa və mübarizə verin…

Vüsal Bağırlı

Siz heç başqa ölkələrin çempionatlarını izləyirsinizmi?

"Böyük beşliy"i (İngiltərə, Fransa, Almaniya, İspaniya, İtaliya) nəzərdə tutmuram, zatən oradakı nəticələri, statsitikanı, heyətləri əzbərdən, əlimizin içi kimi bilirik.

Söhbət qonşu ölkədən, Gürcüstan çempionatından gedir. Daha doğrusu, çempionun müəyyənləşəcəyi son turdan bəhs edəcəyik.

Demək, burada çempion olmaq üçün qarşılaşan iki "Dinamo"dan kutaisilərə yalnız qələbə sərf etdiyi halda, tiflislilərə heç-heçə də bəs edirdi.

Oyunun əvvəlində irəli atılan Kutasi "Dinamo"çuları tezliklə hesabı açdılar və hesab oyunun sonundək dəyişməz qaldı. Kutasili azarkeşlər çempionluğu bayram etməyə hazırlaşarkən, hakimin 90 dəqiqəyə artırdığı dəqiqələr hər şeyi alt-üst etdi. Paytaxt hücumçusunu cərimə meydançasında yıxdılar və hakim tərəddüd etmədən ağ nöqtəni göstərdi. Bütün stadion şokda, bu dəfə paytaxt azarkeşləri sevinirlər. Hakim fit verir, hücumçu topa yaxınlaşır, qapıçı diqqətlə topa baxır, zərbə...

Qolkiper sola tullanır, top sağa uçur, lakin qol olmur. Son anda, qapıçı fantastik reaksiya ilə topu ayağı ilə qaytara bilir. Və Kutaisi "Dinamo"su çempion olur.

Bax əsl çempionat mübarizəsi belə olar. Son turadək, son dəqiqələrədək, son anadək mübarizə, ölüm-dirim, savaş.

Belə olan halda, bəs bizdə niyə o əjdahadan yoxdur? Nəyə görə, bizim çempionat bir aktyorun teatrına bənzəyir!?

Çünki, rəqabət yox səviyyəsindədir. Çünki, "Qarabağ"a ciddi müqavimət göstərə biləcək, intriqanı sona qədər daşıyacaq klub yoxdur.

Çünki, vaxtı ilə 20 komandanın mübarizə apardığı ölkə çempionatında cəmisi 8 komanda mövcuddur. Səkkiz komanda ilə rəqabətədavamlı mühit, normal yarış-ab havası sürdürmək mümkündürmü? Komandaların sayını, heç olmasa 12-yə çatdırmaq olmazmı!?

Qaytarın "Şəmkir"i, "Turan"ı, "MTK-Araz"ı, "Viləş"i, "Xəzər Lənkəran"ı və adlarını çəkmədiyim digər klubları. Qoy müxtəliflik olsun, rəngarənglik olsun, intriqa olsun, dişə-diş mübarizə olsun.