Hüseynbala Səlimov
Siyasət 11:15 12.11.2019

Bizim divarlar - Qorxu divarları...

Hüseynbala Səlimov

Desəm ki, ötən həftənin sonlarında buralardan çox-çox uzaqlarda insanlar həm də məşhur Berlin divarının uçurulmasının 30 ilini qeyd etdilər və əlavə etsəm ki, bizim bir neçə yazar da bu mövzuda nəsə yazaraq bizimkiləri də ayıltmağa çalışdılar ki, onlar da qeyri – millətlər kimi üst-başlarının tozunu – torpağını çırpıb ayağa qalxsınlar, yenə də böyük hesabla heç nə dəyişməyəcəkdir, çünki nə o yazıları əməlli-başlı oxuyan oldu, nə də üstünün tozunu –torpağını çırpıb ayağa qalxanlar, hələ heç onu demirəm ki, tək-tük ayılanlar arasında da "Bu Berlin divarı nə məsələdir?” – deyə soruşanlar daha çox oldu, nəinki "Bizi də bölən, ayıran divarlar da bir gün uçacaq!” söyləyənlər...

Divar, bölünmək, ayrılmaq, birləşmək və s. və i. Biz vaxtında qul olsaq da savadlı qullar idik, ən azı özümüzün qul olduğumuzun fərqində idik, indiki qulların isə nə savadı var, nə də ki məlumatı – istər o tayda olsun, istərsə də bu tayda...

Tarixən elə alınıbdır ki, bu tayda yaşayanlar elmdə, siyasətdə daha qabaqda olublar. Amma artıq bunu demək olmur, çünki indiki orta statistik azəri gəncinə "Cənubi Azərbaycan” söyləyəndə sonuncunun xəyalına ya Astara gəlir, ya da ki, Lənkəran, hansı ki, əlbəttə, mövcud siyasi coğrafiya baxımından tamam anlaşılandır – dövlətin real sınırları nədirsə, şimalı – cənubu və şərqi – qərbi də odur...

Odur, mən bizim azərilərin yüz illər ərzində ürəyində qövr edən, guya ki, sağalmaz yaraya çevrilən bir divardan danışmayacam. Bu illər ərzində bizim biri-birimizə münasibətimiz heç də yüz illərin şeirlərində, mahnılarında deyilən kimi olmadı. Bu otuz il ərzində biz Təbriz üçün heç nə eləmədiyimiz kimi, onlar da bizim Bakı üçün, xüsusən də Dağlıq Qarabağ üçün heç nə etmədilər və bunun da nəticəsidir ki, Dağlıq Qarabağ uğrunda şəhid olan yəhudi əsilli azəri qardaşımız var, amma güneyli – təbrizli, ərdəbilli, bir sözlə, əvvəlki vaxtlarda deyildiyi kimi, cənublu qardaşlarımız yoxdur...

Bu da bəlkə də onun nəticəsidir ki, görünən divarlar hələ heçdir, onlardan savayı görünməyən divarlar da var ki, onları ya özümüz öz ətrafımıza çəkmişik, ya da ki, çəkiblər. Onların çoxu gözlə görünməyən, əllə toxunulmayandır, amma Çin səddindən də qalın, hündür divarlardır onlar və həm də daha qorxulu, daha vahiməlidi onlar, çünki bu divarların elə adı da QORXUDUR...

Onlar sınır-filan bilməz, çalın-çarpaz bu tərəfdən o tərəfə, o tərəfdən də bu tərəfə çəkilər. Biz insanlar da onları aşmaqdan həmişə ehtiyat edərik və özümüzü elə apararıq ki, sanki heç görmürük onları, sanki onlar heç mövcud da deyillər bizim üçün...

Amma boş söhbətdir; həmişə olduğu kimi, qeyri-səmimilik edirik, ayıran divarları demirəm, qalan divarlar əsasən qorunmaq üçün tikilib və hətta Çin səddi də buna görə inşa edilibdir. Bizim ətrafımızdakı divarlar isə bizi qorumaq üçün yox, bizdən qorunmaq üçündür ki, ağlımıza səfeh fikirlər gəlməsin, hətta gəlsə belə, divardan o yana keçməsin...

Ən ağrılısı isə heç bilirsinizmi nədir? Sərhədlər -sınırlar həm də Vətəni müəyyən edir. Bəzən mən təəccüb edirəm və başa düşmürəm ki, axı niyə bizim insanları Vətəni evindən böyük görməməkdə ittiham edirlər? Yəni aydın deyilmi niyə? Bizim üçün Vətən də QORXU DİVARLARININ içi qədərdir, çünki bizə bu vaxta qədər yalnız bura qədər iddialı olmağa və hətta bura qədər düşünməyə öyrədiblər...

Bizi əsrlərlə ona öyrədiblər ki, dünyanı QORXU idarə edir, qorxusuz insan guya ki, quduz köpək kimidir. Biz də əsrlər boyu yalnız onu etmişik ki, qorxmuşuq; əvvəlcə yaşadığımız məmləkəti idarə edənlərdən, daha sonra qapı bir qonşularımızdan, daha sonra isə öz oğul – uşaqlarımızdan. Təsəvvür edin, rus yazıçısı A.Platonova qarşı onun öz doğma oğulu çuğulluq edirmiş... 

Dünyanın ən böyük xəfiyyə şəbəkəsi isə Şərqi Almaniyada–sovet Almaniyasında bərqərar olmuşdu. Odur, mən hələ də Berlin divarlarının uçmasına inanmıram. Hələ də inanmıram ki, şəqri almaniyalılar digər almanlarla tamam qaynayıb – qarışıblar, yox, bu, qəti mümkün deyil, çünki onların hər birinin ürəklərindəki DİVARLAR qalıbdır – QORXU DİVARLARINI deyirəm...