Amal Abuşov
İdman 15:09 11.06.2018

Bordin hara gedib?!

- Mən bilmək istəyirəm ki, o hər axşam hara gedir...
- Hara gedəcək? Öz evinə, öz xarabasına, öz arvad-uşağının yanına!.. Xəttə bax, düz xəttə...
- O nədi elə?
- Arvadı yenə hamilədi, düz 3 aydı! ("Yaşıl eynəkli adam” televiziya tamaşasından)

"Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin Bakıya gəldi, paytaxt klubu ilə sərfəli şərtlərlə müqavilə imzaladı. Ondan sonra da "xalq komandası”nın müştəriyə həsrət "fan-şop”una, izləyici görəndə eyni açılan klub muzeyinə baş çəkdi. Muzeydə Azərbaycanın ən köklü klubunun tarixi ilə yaxından tanış olmaq imkanı qazandı. Şam yeməyindən öncə onu Mərdəkana apardılar. "Dalğa Arena”da bizim 21 yaşadək futbolçularımızın macarıstanlı həmyaşıdları ilə ilə qarşılaşmasını izlədi. 
 
Və sonra da getdi. Getdi ki, yenidən gəlsin.
 
Bordinin məşqçilik karyerası, keçmişi və gələcəyi, "Neftçi”yə hansı faydanı verəcəyindən danışmaq istəmirəm. Hər şeyin qiymətini verən zamandı. Biz də o zamanın müşahidəçiləri. Nə olacaqsa, onu da görəcəyik. Amma heç kimin şübhəsi olmasın ki, "Neftçi”nin güclənməsini, onun Topaz Premyer Liqasındakı mübarizəyə rəng qatmasını, ölkəmizi avrokuboklarda uğurla təmsil etməsini hamımız istəyirik. Güclü "Neftçi” elə güclü Azərbaycan futbolu deməkdi. "Xalq komandası"nın güclənməsi Azərbaycan futbolu üçün çox vacibdi. Amma bu güclənmə də şou xarakterli, görüntü xatirinə olmamalıdı.
  

Bu sətirləri yazmağa isə Roberto Bordinin Bakını tərk etməsindən sonra başlayan müzakirələri görəndən sonra qərar verdim. "Neftçi” azarkeşləri səmimiyyətimə şübhə etməsinlər. Mən də onların səmimiliyinə, sədaqətinə zərrə qədər də olsun şübhə etmirəm. Amma Bordin hara gedib sualı ətrafında özünüzü nahaq yorursuz. Bu yorğunluq da "saman düşdü, zaman öldü” məsələsinə gətirir. Məlum məsələdi ki, Bordin müqaviləsini rəsmiləşdirəndən sonra İtaliyaya, evinə yollanıb. Əşyalarını toplayacaq, istirahətinin son akkordlarını vuracaq, dost-tanışla sağollaşacaq. Sonra da Bakıya gələcək ki, yeni işinə başlasın.
 
Amma bizimkilər də deyir ki, Bordin İtaliyaya futbolçu axtarmağa gedib. Lap adamın yadına Mirça Rednik düşür. Bir vaxtlar Rumıniya mətbuatı yazırdı ki, Rednik Buxarestin küçələrində əlində bir çanta pulla dolaşır, həmyerlilərindən kimi görsə, onu Azərbaycana gətirməyə çalışır. Sonrasının necə olduğunu hamımız gördük. İllərdi deyir ki, klublarımız transfer işinə peşəkar yanaşmalı, əvvəlcədən görüb-izlədiyi, fayda verəcəyindən əmin olduqları legionerləri heyətə qatmalıdılar. "Neftçi”də də bunu yaxşı anlayırlar. Elə aylardı təbliğat bu yöndə qurulub. Xüsusiylə vurğulanır ki, "Neftçi”yə kimlərin gələcəyini Ceyhun Sultanov müəyyənləşdirib, izlədiyi və tanıdığı oyunçularla danışıqlar aparıb, büdcəyə uyğun olanların razılıqları alınıb. İndi nə oldu? Hər şey qəfil dəyişdi və Bordin vətəninə futbolçu axtarmağa getdi?!
 
Yazıma "Yaşıl eynəkli adam” televiziya tamaşasından sitatla başlamışdım. İcazənizlə yenə eyni tamaşadan sitat gətirməklə də sizinlə sağollaşım.
 
- Hamamda buxara papaq? Ağ eləmək olmaz...
- Rəngini?
- Yox! Şair deyib ki, kalorit də qaydasında yaxşıdı.