İdman 11:50 18.12.2018

Bordin qurban verilir - Müdhiş plan

"Neftçi”də baş verən proseslər hər kəsin diqqət mərkəzindədi. "Sabah”ı çətinliklə məğlub edən "ağ-qaralar” ardıcıl iki oyunda qola və qələbəyə həsrət qaldılar. Maraqlısı odu ki, "Sumqayıt”la qarşılaşmalara qədər Roberto Bordinli "Neftçi” bu mövsüm bütün qarşılaşmalarda rəqibin qapısına yol tapmışdı.

Bəs "Neftçi”də nə baş verir? Həqiqətənmi komandanın gücü "Sumqayıt”ı məğlub etməyə yetərli deyildi? Yoxsa futbolçular və italyan məşqçi vaxtın əvvəl yeni ili qeyd etməyə başlayıblar, çemodanları bayram tətili üçün toplanıb?

Maraqlıdı ki, "Neftçi”ni göydən yerə endirən, inamla irəliləyən komandanın yoluna daş qoyan da özgəsi deyil. "Sumqayıt” həm "Neftçi”, həm də klubun prezidenti üçün doğma klubdu. Hər iki klub eyni mənbədən maliyyələşir və idarə olunur. Riad RəfiyevKamran Quliyev kimi AFFA-nın baş katibi Elxan Məmmədovun inanılmış kadrdıdı. Onlar eyni məclislərdə toplanır, "mətbəx” məsələlərini müzakirə edirlər. Belədə "Sumqayıt”ın "Neftçi”ni özbaşına, özü də ardıcıl iki oyunda dayandırması heç də sıradan olaya oxşamır.

"Əri ölmüş qadını it də qapdı” – məşhur atalar sözündə belə deyilir. "Neftçi”nin hazırda düşdüyü durum da buna bənzəyir. "Qarabağ”la xal fərqi cəmi 3-ə enib. Bu isə o deməkdi ki, çempionluq uğrunda yarışda cəmi bir məğlubiyyət "Neftçi” üçün hər şeyin sonu ola bilər. Kubok mübarizəsində də işlər qaydasında deyil. Çox güman ki, "Sumqayıt”la cavab görüşündə "ağ-qaralar” kubokla azı bir mövsümlük vidalaşmalı olacaq. Bütün bunlar azmış kimi, "Forza Neftçi”yə qarşı təzyiqlər artıb və bunun nəticəsində Azərbaycan ən güclü azarkeş qruplarından biri tribunadan çəkilib. "Neftçi” meydandakı lider futbolçuları qədər vacib olan azarkeşlərini - əsas gücünü itirib. Sizcə, bütün bunların qısa zaman kəsiyində baş verməsi təsadüfdürmü?

Bəli, bu boyda təsadüfün olması mümkün deyil. "Neftçi”yə, daha doğrusu italyan çalışdırıcı Roberto Bordinə qarşı müdhiş planların, gizli oyunların qurulması çox inandırıcıdı. Hədəfdə "Neftçi” deyil, onun xarizmatik baş məşqçisi Bordindi. Kluba yaxın olan mənbələrdən aldığımız məlumata görə, qış fasiləsində italyan məşqçi ilə yolların ayrılmasına hazırlıq görülür. Səbəb və ya bəhanə axtarmaq üçün çox da əziyyət çəkmək lazım da deyil. Nəticələr ortaya qoyulacaq və ayda təxminən 30 min avro qazancı olan Bordindən xal fərqinin əriməsinin, kubokun əldən çıxmasının hesabı sorulacaq.

Əlbəttə, Bordinin də arqumenti var. Heyəti özü qurmayıb, onun gəlişinə qədər hazırkı futbolçular "Neftçi”yə dəvət olunmuş, müqavilələr imzalanmış (faizlər də götürülümüşdü). Belədə Roberto komandanı qışda gücləndirmək, "Qarabağ”la rəqabət aparacaq gücdə olan transferlər etmək tələbini irəli sürə bilər. Bu da yolların ayrılması ilə nəticələnəcək.

Sual oluna bilər ki, Bordin getsə, onun yerinə kim gələcək?! Bu sualın cavabı ilə bağlı da müdhiş məlumatlar var. Sadəcə, araşdırmalar və bəzi dəqiqləşdirmələr aparmaqla məşğuluq. Çox tezliklə davamından da xəbərdar olacaqsız.

Mənbə: sport7.az