Vüsal Bağırlı
Ölkə 17:29 03.12.2019

Boulinq-zalda bir gün

Vüsal Bağırlı

Dostlarla həftəsonu istirahət gününü fərqli fomatda keçirməyə qərar verdik və yolumuzu yaxınlıqdakı boulinq-mərkəzdən saldıq. Buranın parlaq parket döşəməli böyük zalı, oyunçuları həvəsləndirəcək dərəcədə geniş, gələnləri cəlb edəcək dərəcədə işıqlı və rahatdır. Geniş oyun zalındakı oynaq musiqi, ritmə uyğun rəqs edən, divarlarda gəzişən lazer-işıq effektləri, içəridəki oyun atmosferi, spesifik qoxu hər kəsi  qızışdırır.

Boulinq qolf, böyük tennis, bilyard kimi əyləncəli idmandır və elit oyun növlərindən hesab edilir. 

Oyun sadə qaydalara əsaslanır və stress atıcı xüsusiyyətə malikdir. Boulinqin əsas üstünlüyü odur ki, oyunu yaşından asılı olmayaraq, hər kəs üçün, uşaq, yeniyetmə, yaşlı, əlverişlidir. Sadəcə bir-iki sınaq atışı bəs edir ki, sən artıq oyun barədə mexaniki təsəvvürə malik olasan.

Oyuna ilk dəfə başladığımda, əvvəlcə şarlara necə yanaşmağa, onlara toxunmağa tərəddüdlər edirdim. Əllərim əsir, azacıq təşviş keçirirdim, Lakin, tezliklə həyəcana qalib gələ bildim və görkəmcə, ağırlıqca nisbətən sanballı şarı götürüb barmaqlarımı onun girdə oyuğuna saldım. 

Sonra qollarımı dala-qabağa yellədim və həssas tarazlıq məqamını tutmağa çalışaraq onu xəfif təkanla çıgıra tərəf itələdim. Şar uzun dəhliz boyu sanki yerişini düzgün tutmağa çalışan modabaz maneken kimi diyirlənir, həzin bir yüngüllüklə məsafəni qət edirdi.

Burada, əsas şərt şarın diyirlənərkən qət edəcəyi hədd boyu çığırdan kənara çıxmamasıdır. İlk dəfə oynamağıma baxmayaraq, boling mənə yetərincə əyləncəli və rahat görünürdü.  

Keçidin başında farağat vəziyyətdə dayanmış keqlilər əslində biz insanlara bənzəyirlər. Biz də, bu dimdik düzülmüş cansız fiqurlar kimi, aldığımız sərt və amansız həyat zərbələrindən, ölüm-itim əzabından əyilir,  bəzən büdrəyib yıxılır, bəzən isə gözəgörünməz bir inadla yenidən qalxaraq, növbəti, daha betər zərbələrə hazırlaşırıq.

Budur, boulinq şarı əvvəl ehmalca hərəkət etdi, sonrasa qəfləti sürət yığaraq farağat dayanmış keqllərə yaxınlaşdı. Bir anlıq dərin sakitlik çökdü və "bu-buuum!”. 

İri şahmat fiqurlarına bənzəyən ağ, kəhrəba keqlilər zərbəyə tab gətirməyərək pərən-pərən düşdülər. Hərəsi bir tərəfə aşdı. Tamaşaçıların əli yuxarı qalxdı, sevinc və qələbə duyğusu oyunçuları cuşa gətirdi...

Bu oyunda hər kəsin fərqli oyun tərzi,  fərdi texnikası ola bilər. Oyundaş-rəqiblərimdən biri şarları tələsmədən bir-bir yoxlamağa, sığallayıb-oxşamağa qərarlıdır. Onun üçün şarların ağırlığı daha önəmlidir.

Digər rəqibim bütün ağırlığını şarın üzərinə salaraq onu az qala basketbol topu kimi sıxır və zərblə tullayır. Bir başqası isə, şarın daha sürətlə atılmasını təqdir edir. Mənim texnikam bir qədər fərqlidir. Ən ağır şarı seçərək, onu mümkün qədər ehtiyatla, astaca itələyib cığır boyu diyirləyir, sanki onu taleyin gərdişinə buraxırdım.

Mən bu oyunda yeniyəm və boulinqdə bacarıq, istedad və ustalığın nə qədər, hansı dərəcədə tələb olunduğunu tam bilmirəm. Lakin, ilk oyundaca etdiyim "strayk”lar (strike-birdəfəyə bütün şarları aşırmaq) kefimi əməllicə kökəltmişdi. Bu oyunda məndən dəfələrlə təcrübəli sayılan, artıq müəyyən ustalaşma həddinə çatmış dostlarıma əməllicə müqavimət göstərirdim. Birinci oyun zamanı qızıl orta 3-cü, ikinci oyunda  4-cü, sonuncu oyundasa 2-ci yeri tutdum.

İndi isə oyun qaydaları barədə bir-iki qeyd:

Hər partiya 10 freym, yəni  atış imkanı verir. Freym zamanı oyunçunun iki şar atışı imkanı var. Əgər birinci atış zamanı oyunçu bütün keqliləri aşırırsa, bu "strayk” adlanır və "X”-la işarələnir. Əgər oyunçu bütün şarları iki cəhddə aşırırsa, onda  "speyr” baş verir və  nida işarəsi "!”  ilə işarələnir.
Ümumiyyətlə, keqlillərin aşırılması zamanı hesablama üçün  sadə riyazi üsul tələb olunursa, sonrakı cəhdlərdə bütün keqlilərin yıxılması  hesablama üsulunu avtomatik dəyişir və bu da oyunun nəticəsini gözlənilməz və maraqlı edir.

Bundan əlavə, boulinq əzələ və vətərlər üçün əla məşq üsuludur. Kənardan baxana asan görünsə də, oyun ərzində əl, ayaq və qurşaqda fiziki hərəkətin xoş giziltisini duya bilərsiniz. Boulinq-mərkəzləri vaxtaşırı ziyarət edirsinizsə   bu zaman, koordinasiya, konsentrasiya və dəqiqliyinizin də artması şübhəsizdir.

Bu oyunun digər idman yarışlarından əsas fərqlərindən biri də yemək və ya çay fasiləsini istisna etməməsidir. Komanda halında oynayarkən, eləcə də  öz növbənizi gözləyərkən rahat kreslo və divana yayxanaraq çay, limonad, kokteylinizi içə, nəsə yeyə, hətta kitab da oxuya bilərsiniz.