Hüseynbala Səlimov

Dünyada Türkiyə ilə Azərbaycan kimi yaxın başqa iki dövlət yoxdur, Britaniya isə Azərbaycana ən çox sərmayə qoyan ölkədir...

Azərbaycanın dövlət başçısının Türkiyəyə və Britaniyaya səfərləri zamanı səslənən bu fikri yetərincə əhaətəedici izah kimi qəbul etmək olardı və böyük əksəriyyət elə belə də etdi. 

Amma bir qrup da insan var ki, onların da işi daha çox izahat tələb etmək, hadisələrə daha geniş şərhlər verməkdir. Bu adamlar da siyasi şərhçilər və təhlilçilərdir ki, bunların cərgəsinə özümüzü də əlavə edirik. 

Bəli, bizim bir işimiz də başqalarının əvəzinə sual qoymaqdır. Elə bir azca əvvəldə səslənmiş fikri eşidərkən də ağlımıza gələn birinci sual bu oldu ki, bəs Moskva necə oldu?..

Cavabını da özümüz verməli olacağıq. Əslində ilk iki səfərin missiyası da bu sualın cavabını əyani şəkildə vermək idi: Türkiyəylə Azərbaycanın siyasi ittifaqını fakt kimi qəbul etmək məcburiyyətində olan Rusiya üçün ikinci səfər ünvanı kimi indiki vaxtda Böyük Britaniyanın seçilməsi əslində Kreml üçün bir sillə idi. Amma Bakı bunu etməkdən çəkinmədi və göstərdi ki, Moskva onunçün vacib siyahıda heç də ilk yerləri tutmur.

Düşünmürük ki, Kremlin buna hər hansı reaksiyası olacaq, hazırda Moskvanın başı çox qarışıqdır, ən etibarlı geosiyasi platforması saydığı Ermənistanda və Mərkəzi Asiyada elə proseslər baş verir ki, belə vəziyyətdə Azərbaycan haqqında düşünməyə heç vaxt qalımır: jurnalist Paşinyan "general” Sarkisyanı devirməklə, Nursultan müəllim milyardlarlarını qorumaq üçün limanlarını ABŞ - ın sərəncamına verməklə, qırğız prezidenti Sooranbay Avropa Birliyilə saziş imzalamağa cəhd etməklə Moskva üçün o qədər problem yaradıbdır ki, bir Duqin deyil, hətta lap on Duqin olsa da, yenə də bütün bu ssenariləri cızıb başa çatdıra bilməz...

Ona görə də Rusiyanı rahat buraxırıq – qoy, bu ölkənin başı həmişə özünə qarışmış olsun ki, biz də rahat nəfəs alaq. Burada Böyük Britaniya ilə bağlı bir-iki gileyi bölüşmək istərdik.

Bəlkə də gənc yazarlar, təhlilçilər artıq bunu xatırlamır, amma bir vaxt Qarabağ probleminin həlli üçün vacib rıçaqlardan biri Azərbaycan nefti sayılırdı. Düşünülürdü ki, bu müstəvidə marağı yaranan ölkələr rahat və problemsiz qazanc əldə etməkçün Azərbaycanda sabitliyin yaranmasına çalışacaq. 
Amma o vaxt çox az adam, bəlkə də bir - iki nəfər bu "sabitliyin” necə və hansı bir formada qurulacağını təxmin edə bilirdi – böyük əksəriyyət eyforiya içində idi, çünki neft onların fikrincə, sosial rifah problemi kimi Qarabağ problemini də həll edəcəkdi.

Fəqət, edə bilmədi və etmədi; Azərbaycanda iki -üç nəfərin təxmin etdiyi "sabitlik” bərqərar oldu. Qarabağ problemi konservasiya olundu, ölkədə avtoritarizmlə demokratiya arasında qərar tuta biləcək bir siyasi surroqat – bir çoxunun zarafatla bp-kratiya dediyi sistem bərqərar oldu... 

Bəli, Britaniya bura xeyli investiyalar qoydu, amma kifayət qədər qazandı da! Ən başlıcasısa, Britaniyanı heç Dağlıq Qarabağ probleminin həndəvərində də görmədik... 

Məsələn, Britaniya niyə Minsk Qrupunda təmsil olunmaq istəmədi? Niyə həmsədrlərdən biri Britaniya yox, Fransa oldu? Axı daha məntiqli olardı ki, bu yeri Böyük Britaniya tutmuş olsun. Amma gəl, olmadı. Ona görə yox ki, imkan verilmədi, razı olmadılar, sadəcə, Britaniya özü bunu istəmədi.

Ona görə ki, ona problemli, zəif və başıaşağı Azərbaycan lazım idi ki, onun neftindən yetərincə qazana bilsin. Belə də oldu. Əsrin əvvəlində olduğu kimi, elə ötən əsrin sonunda da Azərbaycanın neftindən ən çox faydalanan ingilislər - Böyük Britaniya oldu. 

İndi bu ölkə ilə, yanılmırıqsa, əməkdaşlığımız 2050-ci ilədək davam edəcək. Demirik, gəlin partnyorumuzu dəyişək– yox, bir filmdə deyilən kimi: döngələrdə atları dəyişdirmirlər. 

Xüsusən də nəzərə almaq gərəkir ki, İranla mübahisəli yataqların da istismar olunması şansı yaranıb və belə ərəfədə Britaniyanı qovasan da, buralardan getməz, əksinə özü kimi desən, buradan qovar.

Amma milli oyanışın ilk illərindəki üç gözləntidən heç biri doğrulmadı: nə Dağlıq Qarabağ qayıtdı, nə də istədiyimiz qədər azad ola bildik. Rifah məsələsi də belədir ki, acından ölmədik və indi də ölmürük, amma qızıl təbəqə də alınmadı... 

Yadınıza düşdümü? 80-ci illərin mitinqlərində belə deyilirdi: Azərbaycan neftinin puluna ölkənin səthinə 8 santimetrlik qızıl təbəqə çəkmək olar! Nə isə. Adam qızışanda çox şey deyir. O dövrün də adamlarının–mitinqlərdə danışanların qızışmaqçün əsası çox idi. Bəli, kimini Azərbaycanın və azərbaycanlıların Dünyadakı yeri, kiminisə öz yeri, özünün gələcək Azərbaycandakı yeri maraqlandırırdı...